Komandana məşq keçə bil(m)irsənmi, dostum?

18 Aprel 2021 21:33 Basketbol 455
Komandana məşq keçə bil(m)irsənmi, dostum?

Premyer Liqada mövsümün tamamlanmağına cəmi 5 tur qalıb.

Elmar Baxşıyevin «Qəbələ»ni Avropaya daşımq xülyası elə arzu olaraq qalacaq.

O, bu niyyətini gerçəkləşdirmək üçün çox az iş gördü. Demək olar ki, heç nə görmədi. Danışmaqdan savayı.

Hər turdan sonra udub-uduzan komandasını tərif edib, hakimləri süngünün ucuna keçirməklə kifayətləndi.

«Qəbələ» 23 tura 24 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində məskunlaşıb. Özündən yuxarıda qərarlaşan «Zirə» ilə «Sumqayıt»dan 8 xal geri, son sıradakı «Keşlə»dən 4 xal irəlidədilər.

Riyazi cəhətdən götürsək, «Qəbələ»nin «Zirə» ilə «Sumqayıt»ı keçməsi mümkündür, sadəcə, buna inanmaq bir az sadəlöhlükdür.

Özünü ekspert adlandıranların əksəriyyəti «Qəbələ»nin futbol olaraq göz oxşayan oyun sərgilədiyini söyləyir. Bəli, bu, həqiqətən belədir: «Qəbələ» rəqiblərinə fərq qoymur, qarşısına çıxana açıq futbol təklif edir. Problem də əsasən elə bundan qaynaqlanır.

Komandanın gücünü düzgün hesablamamaq və bölüşdürməmək - bu, Baxşıyevin səhvlərindən biridir. «Qəbələ»ni bir hissə izləyəndən sonra adamda elə təsəvvür yaranır ki, futbolçulara həftəlik məşq proqramı verən olmayıb.

Sanki hamıya deyilib ki, kim necə bilir, necə istəyir, o cür da məşq eləsin. Çün komanda 45-50 dəqiqədən sonra yorğun görünür, əldən-haldan düşür, meydanda ayaq sürüyür.

Qol buraxandan sonra çox vaxt nə edəcəyini, necə edəcəyini yadından çıxarır, hətta sonradan meydana daxil olanlar da onlara qoşulur, tonusu qaldırmır, palaza bürünüb yaşıl sahə boyu sürünürlər.

Elmar Baxşıyev özünə arxayındırsa, məşqçi biliyinə əmindirsə, gəlin, ona təklif edək ki, ürəyi istəyən media mənsublarını başına yığsın və hamının gözü qarşısında aylıq demirəm, heç olmasa, həftəlik məşq planını yazsın və onu əsaslandırsın.

Bunu bacaracağına müəyyən qədər şübhə var, açığı. Gördüyüm qədərilə «Qəbələ» bir az Cavid Hüseynovun, bir az Asif Məmmədovun təkidi və sözüylə yığışıb futbol oynayır.

Mən hətta çoxdandır meydanda olmayan Rasim Ramaldanovun paltardəyişmə otağında komandaya baş məşqçidən daha çox təsir etdiyini düşünürəm.

Elmar Baxşıyevin futbolçulara «sən çıx oyna»dan başqa bir söz dediyinə, taktiki gedişləri izah etməsinə/edə bilməsinə inanmıram.

Bəndənizdə onun barədə bu cür bədbin/pessimist fikir yaradan Baxşıyevin özüdür. Futbolçuya gərək qələbə qazanmağın yolunu məşqlərdə başa salasan, göstərəsən ki, o da çıxıb oyunda sənin dediyini etməyə çalışsın.

Elmar bəyin yaxşı və mədəni insan olmasını «Qəbələ»də çoxundan eşitmişəm, amma bu, komandanın irəli getməsi üçün kifayətdirmi? Düşünümürəm.

«Qəbələ»nin maddi durumu o olmasa da, heyəti normaldır. Az büdcə ilə diqqətli seleksiya işi aparılıb. Bu, daha çox klub rəsmilərinin xidməti və təcrübəsi sayəsində mümkün olub.

Seçimi Baxşıyevə buraxsaydlar, bu heyətin heç yaarısını da bir araya gətirə bilməzdi.

«Qəbələ» mövcud oyunçu kontingenti ilə avrokuboklara vəsiqəni artıq təmin etməli idi. Ola bilərdi, bu.

Olmaması baş məşqçinin öz üzərində çalışmaqdan vaz keçməsinin, gündəlik hazırlıq prosesini «dır-dır»la yola verməklə kifayətlənməsinin nəticəsidir.

Baxşıyev aşına nə tökübsə, o da qarşısına çıxır.

ELNUR

Xəbər Lenti