Sultanovdan sonra Süleymanov da Mənsimovu…

24 Mart 15:18 Azərbaycan Futbolu 566
Sultanovdan sonra Süleymanov da Mənsimovu…

«Xəzər Lənkəran»ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportinfo.az-ın redaksiyası ilə əlaqə saxlayıb.

O, 2 dəfə komandanın baş məşqçisi olmuş, hazırda Futbol İctimaiyyətinin Həmkarlar İttifaqının sədri postunu tutan Nazim Süleymanova Mübariz Mənsimova verdiyi mənəvi dəstəyə görə klub adından minnətdarlıq bildirib:

«Mən dünən saytınıza açıqlama verərək, yalnız «Neftçi»nin idman direktoru Ceyhun Sultanovun bununla bağlı dəstək paylaşımı etməsini söyləmişdim. Hazırda Türkiyədə həbsdə olan klubumuzun rəhbəri haqda Nazim Süleymanovun fikirləriylə yenicə tanış olmuşam.

Nazim müəllimdən Mübariz Mənsimov haqda o sözləri eşitmək çox xoşdur. İnanırıq ki, Ceyhun Sultanov və Nazim Süleymanovdan sonra digər futbol adamları da özündə güc taparaq, «Xəzər Lənkəran»ı yaradan şəxsə öz mənəvi dəstəyini göstərəcək».

Nazim Süleymanov rekord.az-a açıqlamasında bunları deyib: "Mən siyasətçi deyiləm və heç vaxt da siyasətlə məşğul olmamışam. Mən futbol adamıyam. İndiki durumda da idmanı, futbolu təmsil edən biri kimi fikrimi bildirmək istəyirəm.

Bu, həm də bir vətəndaş mövqeyidir. Mübariz Mənsimov Azərbaycanın layiqli övladlarından biridir. Özünüz də görürsünüz, nə qədər insan ona öz dəstəyini nümayiş etdirir. Çünki Mübariz bəy ancaq xeyirxah işlərlə məşğul olub, nə qədər kasıb, imkansız insanlara, tələbələrə yardım edib.

Mən onu müasir dövrümüzün Hacı Zeynalabdin Tağıyevi adlandırardım. Həmçinin onun Azərbaycan futboluna da böyük dəstəyi olub. Bildiyiniz kimi, 2004-cü ildə "Xəzər Lənkəran" yarananda o komandanın ilk baş məşqçisi mən olmuşam. Həmin dönəmlərdə o komandanın yaranması

Cənub bölgəmizdə futbolun inkişafına necə böyük töhvə verdi. O zona demək olar ki, futbolla nəfəs alırdı. "Neftçi" ilə keçirilən "Böyük oyun"ları yada salmaq kifayət edir. Lənkəranda tikilən müasir stadion da Azərbaycan futbolu üçün böyük hədiyyə idi.

Düzdür, son zamanlar mənim Mübariz bəylə əlaqəm, ünsiyyətim yoxdur. Amma bir azərbaycanlı kimi, ona dəstək olmağı özümə borc bildim. İnanıram ki, ən qısa zamanda onun günahsızlığı isbat olunacaq və Mübariz bəy yenidən xeyirxah işlərinin başına keçəcək".

Digər Xəbərlər
Xəbər Lenti