"Çətin olacaq, oyunlara ikiqat məsuliyyətlə çıxacağıq".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək “AzNur”un baş məşqçisi Rəcəb Fərəczadə deyib.
O, təlim-məşq toplanışının davam etdiyini deyib:
“Bir aydır məşqlərə başlamışıq. İlk həftədə oyunçu seçməyə, heyəti formalaşdırmağa çalışdıq. Sonra fiziki hazırlığa başladıq. Ardınca taktiki hazırlıq oldu. Son iki gündə yoldaşlıq matçları keçirdik. Dünən “Birbaşa Bakı” ilə oynadıq. Bu gün daha bir görüş keçirəcəyik. Yoldaşlıq matçında uşaqlardan o qədər də razı qalmadım. Azərbaycan çempionatında meydan tam fərqli ölçüdədir. Amma yoldaşlıq görüşü keçirdiyimiz “ASK Arena”nın meydançası həm uzun, həm də enli idi. Uşaqlar bir qədər çaşıb qalmışdılar. Çünki ilboyu eyni meydançada oynamağa öyrəşmişik. Yenə də “Birbaşa Bakı”ya təşəkkür edirəm ki, arenanın əsas meydançasında oyun təşkil etdilər. Bu, həm onlara, həm də bizə lazımdır. Səhvlərimiz üzərində işləyəcəyik”.
Futzal millimizin sabiq üzvü heyətdə çatışmazlıqların olduğunu vurğulayıb:
“Əsas oyunçularımızın bəziləri zədəlidir. Çalışacağıq ki, oyuna qədər onları sağaldaq və tam hazır olub komandaya kömək etsinlər. Heyətdə dəyişikliklər gözlənilmir. Bu, Çempionlar Liqasında qeydə alınacaq nəticələrdən asılı olacaq. Turnirdən qayıtdıqdan sonra planda bir neçə dəyişiklik nəzərdə tutmuşam, amma dəqiq heç nə deyə bilmirəm. Uşaqların performansından da çox şey asılıdır. Dəyişiklik üçün yetərincə vaxtımız olacaq”.
R.Fərəczadə rəqiblər haqda heç bir məlumata malik olmadığını da diqqətə çatdırıb:
“Rəqiblərimiz dünən bəlli olub. Bu gündən onlar barədə informasiya toplamağa başlayacağam. Kor-koranə oynamaq çətin olar. Öz ölkələrinin ən yaxşı komandalarıdır. Azərbaycanı maksimum dərəcədə yaxşı təmsil etməyə çalışacağıq”.
"AzNur" Çempionlar Liqasında "Andezit" (Ukrayna), "Qalport Svieçe" (Polşa) və "Piopios Bayonne" (Fransa) kollektivləri ilə qarşılşacaq. Turnir sentyabrda Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.