"Peruca"nın azərbaycanlısı: "Bütün fikrimi klubumdakı işlərimə yönəltmişəm"

19 Noyabr 2019 19:48 Azərbaycan Futbolu 2 406
"Peruca"nın azərbaycanlısı: "Bütün fikrimi klubumdakı işlərimə yönəltmişəm"

Azərbaycanlı futbolçuların xaricə yollanmağının çətin olduğu vaxtda, 16 yaşlı forvard Raul Yaqubzadənin "Peruca"da peyda olması çoxları üçün sevindirici oldu. Bakıda doğulan futbolçu İtaliya klubu ilə iki illik müqavilə imzalayıb. Sportinfo.az-a müsahibə verən Yaqubzadə bir çox məsələ haqda danışdı:

- İtaliyadakı işlərin necə gedir?
- Hər şey qaydasındadır. Hələ ki, buradayam. Amma bir həftə sonra yığma komandanın düşərgəsinə gələcəm.

- Hansı yaş qrupu üzrə ibarət yığmada oynayacaqsan?
- Əslində indi bütün fikrimi klubumdakı işlərimə yönəltmişəm. Amma Azərbaycan millisinə dəvət olunduğuma görə də qürur duyuram. Daima Azərbaycana kömək etmək istəyirəm. "Peruca"da da özümü ən yaxşı tərəfdən göstərmək niyyətindəyəm. Gələcək haqda isə bir söz deyə bilmərəm.

- Azərbaycanın U-17 yoxsa, U-16 yığmasından dəvət almısan?
- U-16 yığmasına dəvət ediblər. Dekabrın 2-də Monteneqroya qarşı oyunumuz var.

- Azərbaycanda hansı klublarda oynamısan?
- "Bakı"da oynamışam. Daha sonra isə “Səbail” və “Neftçi”də.

- Maraqlıdır, İtaliyaya gedişin necə alındı?
- İtaliyada Paolo Rossi adına futbol akademiyasına yollanmışdım. Orada oynadım, daha sonra "Peruca" məni transfer etdi. Oyunlarımızı skautlar izləyirdi, baxıb bəyənmişdilər.

- Uzun müddətdir ki, İtaliyadasan?
- İki ildir. 12 yaşımda "Milan"ın akademiyasında da olmuşam.

- "Peruca" ilə neçə illik müqavilə imzalamısan?
- Avqustda iki illik müqavilə imzalamışam.

- "Peruca"da özünü necə hiss edirsən?
- Hər şey yaxşıdır. Özümü çox yaxşı hiss edirəm.

- Hazırda çox futbolçumuz xaricə gedib çıxa bilmir. Amma sən artıq İtaliyada oynayırsan...
- İtaliyada oynadığıma görə şadam. Şükür Allaha bunu edə bildim.

- Xaricə yollanan futbolçularımız çox keçməmiş vətənə qayıdır...
- Bəli, mən karyeramı İtaliyada davam etdirmək istəyirəm. Azərbaycana qayıtmağı ən son fikirləşə bilərəm. Ancaq indi yalnız İtaliyada oynamaq haqda düşünürəm.

- Gələcəkdə İtaliya millisindən dəvət alası olsan, hansı qərarı verəcəksən?
- Gələcək haqda hələ düşünməmişəm. Dediyim kimi bütün fikrimi “Peruca”dakı çıxışıma yönəltmişəm. Ancaq təbii ki, mən azərbaycanlıyam və nə olursa-olsun, hansı ölkədə oynamağımdan asılı olmayaraq öz vətənimin millisində oynamaq istəyərəm. Azərbaycan yığması üçün əlimdən gələni edərdim.

- Klub sənə maaş verir, yoxsa ailən maddi cəhətdən kömək edir?
- Əlbəttə ki, "Peruca"da maaş alıram. Klubda hər kəs mənə yaxşı yanaşır.

- Bazada yaşayırsan, yoxsa klub sənin üçün ev tutub?
- Ev tutublar, orada qalıram.

- İtaliyada hansı klubun azarkeşisən?
- "Milan” azarkeşiyəm.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti