
Bu gün Azərbaycanda futbol mövsümünə yekun vurulacaq.
Mövsümün finalı Azərbaycan kubokunun final matçına təsadüf edir.
Həlledici qarşılaşmada “Qəbələ” “Neftçi” ilə üz-üzə gələcək.
Adətən finallar haqqında şablon bir ifadə səsləndirilir – finalda favorit olmur.
Həqiqətən də yerində deyilən, praktiki təcrübəyə söykənən həqiqətdir.
Ona görə də finalda favorit axtarmaq həvəsindən uzağam.
Bəs finala qədər gələn yola nəzər salası olsaq, görəsən, qələbəni kim daha çox haqq edir?
Elə kiçik araşdırmamız da bu sual ətrafında olacaq.
Başlayaq tərəflərin finala kimi olan yolundan. İlk başdan onu demək yerinə düşər ki, peşəkar klub sayı məmləkətimizdə o qədər azdır ki, bəzən iki mərhələ keçməklə özünü finalda hiss edə bilərsən. Məsələn, “Neftçi” kimi.
Olanımız budursa, bizə nə düşər? Təbii ki, olan-qalanımızın içində vurnuxmaq.
Başlayaq bölgə klubundan. Elmar Baxşıyevin yetirmələri mübarizəyə daha erkən – 1/8 final mərhəlsindən başlayıb. Bir oyundan ibarət cütdə “Araz Naxşıvan” səddini asanlıqla arxada qoymaq mümkün olub – 5:0.
¼ final mərhələsində bölgə təmsilçisi nəinki kubok yarışının, bütünlükdə futbolumuzun favoriti hesab olunan “Qarabağ”a rəqib olub. Amma güclü ağdamlılarla səfərdə 2:2 bərabərliyə imza atan kollektiv evdə Ramon Maçadonun tək qolu ilə mərhələ adlayan tərəf olub. Buna turnirin ən böyük surprizi də deyə bilərik.
Finalın biraddımlığında onları “Səbail” qarşılayıb. 1/4 finalda “Sabah”a şok yaşadan (3:2, 1:0) Bayıl təmsilçisi də “Qəbələ”nin önünü kəsə bilməyib – 2:3, 0:1.
Regekamfın yetirmələri rəqibindən fərqli olaraq mübarizəyə bir mərhələ gec – ¼ finaldan qoşulub. Elə bu mərhələdə də mübarizəni dayandırmaq an məsələsi olub. İlk matçda “Zirə”yə 0:1 uduzan “ağ qaralar” yalnız cavab matçının əlavə vaxtında vurduğu qolla mərhələ adlayan tərəf olub. Qarşılaşmanın 110-cu dəqiqəsində Hamudu Keytanın onbir metrlik zərbəni qaçırması da uğur da az rol oynamayıb.
Elə yarımfinalda da “Neftçi”nin işləri yağ kimi getməyib. Gözlənilmədən Tovuzda “Turan”a 0:1 uduzan komanda yalnız cavab matçında hakimin əsas vaxta artırdığı dəqiqələrdə vurduğu 2 qolla sonda sevinən tərəf olmağı bacarıb.
Gördüyünüz kimi finalçıların finala yolu fərqli ruhda, istiqamətdə olub. “Qəbələ” daha erkən başlayıb, məğlubiyyət yaşamayıb, ən böyük favoriti sıradan çıxarıb, yarımfinalda isə ciddi çətinlik görməyib.
“Neftçi” gec başlayıb, pis çıxış edib, 2 məğlubiyyət alsa da son saniyə qolları ilə bura qədər gələ bilib.
Futbol prizmasından kubok “qırmızı qaralar”a daha yaxın görünür. Amma bəxt sarıdan iki mərhələ adlayan “Neftçi”ni də unutmaq olmaz. Həmin şansın 3-cü dəfə də dada çatıb-çatmayacağı böyük sualdır.
Ən yaxşı cavab isə axşamkı 90 dəqiqədən sonra hamımıza agah olacaq.
XANOĞLAN İMANOV