“Bu klubun çempionatda çıxış etmək istəməsi bizim üçün çox xoş sürpriz oldu“

30 May 2023 11:40 Azərbaycan Futbolu 3 371
“Bu klubun çempionatda çıxış etmək istəməsi bizim üçün çox xoş sürpriz oldu“

“Federasiya olaraq, “Difai“nin fəaliyyətindən xəbərdarıq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Abışov deyib.

Region Liqasında uğurlu mövsüm keçirən, ikinci ilində I Divizionda mübarizə aparmaq istəyən Qarabağ qazilərinin klubu inkişafın növbəti mərhələsinə qədəm qoyub.

2022-ci ilin sentyabrında yaradılan və Qarabağ savaşında döyüşmüş gənclərin idman sektorunda əsas istinadgahına çevrilən “Difai“ futbol və futzalla yanaşı, minifutbolda da varlıq göstərəcək.

Biz bu adı gələn sezon minifutbol üzrə Azərbaycan çempionatında da görəcəyik.

I Qarabağ müharibəsində ermənilərə qarşı vuruşmuş qazi, ehtiyatda olan polkovnik Asəf Məlikovun prezidenti vəzifəsini daşıdığı klub yeni layihədən irəli gələn məsələlərin həlli istiqamətində konkret addımlar atıb.

S.Abışov bu barədə aşağıdakıları söyləyib:

“Difai“ kimi bir klubun növbəti ölkə çempionatında iştirak etmək istəməsi bizim üçün qürurverici hadisədir. Bu, federasiyamız üçün həddindən artıq xoş olar.

Federasiyamız “Difai“yə nə dəstək lazımdırsa, hamısını etməyə hazırdır. Yaxın günlərdə “Difai“ rəhbərliyi ilə görüşüb, bu barədə müzakirələr aparmaq niyyətindəyik.

Klubun minifutbol çempionatında çıxış etmək istəməsi bizim üçün çox xoş sürpriz oldu.

Onlarla görüşüb bütün detallara aydınlıq gətirəndən sonra bu haqda mətbuata geniş açıqlama verəcəyik“.

Digər Xəbərlər
Xəbər Lenti