“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Qarabağ”la Azərbaycan Kubokunun cavab yarımfinal qarşılaşmasından (0:0) sonra mətbuat konfransında klubun azarkeşlərinə sərt sözlər işlətdi. Mütəxəssis “Forza Neftçi” fan-klubunun üzvlərini birbaşa “xuliqan” adlandırmaqla fanatları ittiham etdi. Öz növbəsində fan-klub da “feysbuk” səhifəsində bəyanat yayaraq Abdullayevi Vəli Qasımovun aqibətini gözlədiyini bildirib. “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev fikirlərini əlavə olaraq Sportinfo.az-a danışdı.
- Elxan Abdullayevə cavabımızı “feysbuk”da konkret olaraq vermişik, hər şeyi izah etmişik. Azarkeşi “xuliqan” adlandırmaq...Bizim necə azarkeş olduğumuzu sübut etməyə ehtiyac yoxdu. “Neftçi”ni necə sevmişiksə, necə sahib çıxmışıqsa, bunu bütün ölkə bilir. Dünəndən bu yana sağ olsunlar, bizə nə qədər dəstək gəlir. Biz bu klubu təmənnasız sevənlərdənik. Bir söz var, qalstuklular gedər, şərflilər qalar. Bunlar da gedəcək, onda görəcəyik, “Neftçi” kimin üçün daha əzizdi. Bunu zaman göstərər, “Neftçi” üçün canımızı verən adamlarıq. Elxan Abdullayev bizə 15-16 yaşlı uşaq deyir, mənim 32 yaşım var, “Neftçi” uğrunda dəfələrlə çətin vəziyyətə düşmüşəm, bu komanda üçün dəfələrlə həbs olunmuşam. Sevgimizdən-istəyimizdən kimsə bizi çəkindirə bilməz. Bundan sonra daha sərt olacağıq. Nə qədər ki, uğurusuz çıxış edəcəklər, bundan da artıq tənqid edəcəyik. “İstefa” şüarını sağlam qəbul edə bilməyənlər komandanı rəhbrliyə götürəndə bizə verdiyi sözləri yadlarına salsınlar. Bizə nəticə söz vermişdilər, boyunlarından atırlar. “Neftçi” 6-7-ci yer uğrunda mübarizə aparır, hansı nəticədən danışmaq olar...Bu komanda heç kimin şəxsi klubu deyil. Əvvəl-axır maliyyə ayıran şəxslər hesabat tələb edəcəklər, görək, Elxan Abdullayev onda nə cavab verəcək. Peşəkar məşqçi “istefa” sözünə görə azarkeşə “xuliqan” deməz. Bizə söz verilib, əməl olunmayıb, ona görə də istefaya səsləmişik və belə davam etsə, 5 dəfə artığını edəcəyik. Abdullayev “Neftçi”ni götürəndə komanda 6-cı yerdə idi, bu gün də həmin yerdədi. Çox da ki, qışdan sonra neçə xal qazanıb. 8-9 legioner gətirib “Zirə”ni, “Sumqayıt”ı, “Kəpəz”i uda bilmirlərsə, hansı irəliləyişdən danışmaq olar? Bu gün “Neftçi”də vəziyyət çox pisdi.
Belə başa düşüm ki, növbəti oyunlara gedəcəksiz.
- Əlbəttə, qalan bütün oyunlara gedəcəyik. Harda oynamaqlarından asılı olmayaraq. Biz bu klubu kiminsə-nəyinsə xətrinə sevmirik. Gedəcəyik və uğursuzluq olsa, indikindən də artıq tənqid edəcəyik. Hər zaman “Neftçi”nin yanında olmuşuq, bunda sonra da kimsə bizi geri çəkə bilməz. Tənqidlərimiz nəticə olmayan müddətdə davam edəcək.
Elxan Abdullayev açıqlamasında dedi ki, o azarkeşləri öyrədən var, 60-cı dəqiqədə başlayırlar istefaya səsləməyə. Kim sizi qızışdırır?
- Bizi hamı tanıyır. Bəzi klublar fan-klubu nəyinsə gücünə susdurur ki, danışmasınlar, qışqırmasınlar. Biz heç kimdən dəstək almırıq. Azərbaycanda çox az sayda olan 2-3 sərbəst fan-klublardan biriyik. Uşaq deyilik ki, kimsə bizi öyrətsin. Qrup olmaqdan əvvəl bir ailə kimi formalaşmmağı bacarmışıq, həmişə də birik. Nəticə yoxdusa, azarkeş nə tələb etməlidi? O ki qaldı 60-cı dəqiqə məsələsinə, əvvəla Elxan Abdullayev düz danışsın, Sumqayıtda bizim toplaşdığımız tribunanın qabağında texniki skamya olmur. Kimsə orda Elxanı arxadan söyübsə, bizim xəbərimiz yoxdu, yalandan üstümüzə atmasın, düzünü desin. İkincisi isə, istefaya səsləmişik, haqq etmişik. Nəticə olmayana qədər də tələb edəcəyik.
Səncə, baç məşqçinin azarkeşi belə rahatlıqla aşağılaması arxayınlıqdan irəli gəlir?
- Bunu mövsümün axırında dəqiq bilərik. Arxayınlıqdı, yoxsa nə, o vaxt Vəli Qasımov da yalandan vədlər verirdi, 2018-ə kimi “Neftçi”ni çempionlar Liqasına çıxarmaqdan-filan danışırdı. Amma sponsorlar onun vədinə uymadılar. İndi gözləyək, görək mövsümün sonunda nə olur. Uğursuzluq olan yerdə kimsə baş məşqçinin komandada qalacağına zəmanət verə bilməz.
Görünən budu ki, rəhbərlik hər şeydə Elxan Abdullayevi qabağa verib, heç nəyə qarışmırlar. Kənardan bu “Neftçi” yetim uşağa bənzəyir.
- 80 il tarixi olan komanda bu gün çox acınacaqlı görünür. Yeni yaranan “Qəbələ”nin 8 qol vurması, kubokdan uzaqlaşması, Premyer Liqada 6-7-ci yerlər uğrunda yarışması “Neftçi”yə yaraşmayan məqamlardı. Xüsusən yubiley ilində. “Xalq komandası”ndan əsər-əlamət qalmayıb. Azarkeşləri küsdürüblər, futboldan iyrəndiriblər. Fanat dəli deyil ki, öz-özünə küssün, yalan vədlər bizə pis təsir edir. əgər Elxan Abdullayev baş məşqçi gələndə rəhbərlik bizə desəydi ki, bunun qarşısına heç bir məqsəd qoymamışıq, nəticə gözləməyin, növbəti mövsüm üçün heyət formalaşdırırıq - onda bu gün biz beş qat artıq dəstək verərdik. Bizə yalan vədlər verdilər, dedilər, hər şey yaxşı olacaq. Hanı? Rəhbərliyin kənara çəkilməsinə gəlincə, qıraqdan baxıb hər şeyi görürlər. Heç bir nəticə yoxdusa, yəqin ki, bir qərar verib dəyişiklik edərlər.
Dəyişiklik deyəndə, əksinə, həm də sanki sizin acığınıza “Neftçi” rəhbərliyi bu gün bəyanat yayaraq bildirdi ki, məşqçilər korpusu ilə daha bir illik müqavilə bağlayacaqlar.
- Bunların bizə qarşı etdiyi pisliklərə, uğursuzluqlara artıq öyrəncəliyik. Yadınızdadısa, bir müddət əvvəl bizə “kənar şəxslər” deyirdilər, indi “xuliqan”. Belə danışan insanlar bizi anlaya bilməz. Bir dəfə gəlib bizimlə səfərə gedib çəkdiyimiz çətinlikləri görsələr, haqqımızda ağızlarına gələni danışmazlar. İstefa verəndən sonra hansı biri gəlib azarkeşlərlə tribunada “Neftçi”yə olan sevgisini göstərib, heç biri. Onlarda “Neftçi” sevgisi istefaya gedənə qədər olur. Bizdə isə əbədidi, zaman da bunu göstərir. O ki qaldı müqavilənin uzadılmasına, qərar veriblər, özləri bilərlər. Amma rəhbərliyin uğursuzluğa görə məşqçiləri komandada saxlayıb-saxlamayacağını zaman göstərər, müqavilə hər şey deyil. Biz sözümüzü demişik. Uduzmağı özümüzə yaraşdırmırıq, hamının yanında bizi başı aşağı ediblər. Nə qədər də uduzsalar, qarşılarında bizi görəcəklər.

