“Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev Sportinfo.az saytına müsahibə verib.
“Neftçi”nın hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiz, mövsümü artıq komanda üçün bitmiş hesab eləmək olar?
- Dünənki oyunda göstərdilər ki, bizə verilən vədlər-sözlər yalan idi. Əsas ümidlərini kuboka bağlayan komandanın oyununu siz də gördüz. “Neftçi”də heç nə düzəlməyib, futbolçularda-komandada bir istək yoxdu. Qış fasiləsindən sonra düşərgədə yüksək əhval-ruhiyyə var idi, indi o da yoxdu artıq. Navalovski təyyarədən düşüb meydana çıxır, amma Folprext hazır vəziyyətdə ola-ola ehtiyatda qalır...Mənə çatmadı bu. Məşqçinin dünənki oyunda seçimi tamamilə yanlış idi.
Elxan Abdullayev açıqlamasında deyib ki, iki yerdə işləməyinin “Neftçi”nin çıxışlarına mənfi təsiri yoxdu. Siz necə fikirləşirsiz?
- Bir azarkeş kimi, əlbəttə, istəmərəm ki, klubumuzun baş məşqçisi iki yerdə işləsin. Biz təhükənin gəldiyini hiss edirdik. Çünki millinin düşərgəsindən gəlib komandanı “Qarabağ”a qarşı hazırlamaq asan deyil. 3 günə heç nə etmək olmaz. “Neftçi” üçün dünən mövsümün ən vacib oyunu idi. Komandanın baş məqşçisi ailə başçısı kimi bir şeydi. Abdullayevin son 7-10 gündə komandanın yanında olmamasının nəticəsini hardasa dünən də gördük.
80 illik yubileyini keçirən komanda dünən çox asan məğlub oldu.
- Mən azarkeşəm, təbii ki, komandamdan məğlubiyyət gözləmirdim. Hamımız bir nəfər kimi qələbəyə köklənmişdik. Amma nə faydası, komanda düzəlmir ki, düzəlmir. Rəhbərlik bir neçə dəfə bizə söz verib, nəticəsi göz qabağındadı. “Neftçi”dən çox narazıyıq, “Sumqayıt”la oyunu gözləyirik.
“Neftçi” dünən “Qarabağ”ın ikinci - eksperimantal heyətinə uduzdu. Siz komandanızdan nə gözləyirsiz?
- Sözün açığı, hansı komanda ilə oynamağımızın bizim üçün fərqi yoxdu. İstər “Qarabağ” olsun, istər “Sumqayıt”, istərsə də “Kəpəz” - əsas olan gözəl, stabil oyun və nəticədi, o da yoxdu. “Qarabağ”ı xüsusi olaraq seçmirik ki, onlar güclüdü, çəkinək. Əksinə, rəqiblər həmişə “Neftçi”dən ehtiyat edib. Bizimçünsə hamısı eynidi. Sadəcə, anlamadığım odu ki, “Neftçi” rəhbərliyi düzgün yolda deyil. Adi bir şey deyim, bizə bildirmişdilər ki, Namiq Ələsgərov “Qarabağ”a, Elşən Abdullayev isə “Neftçi”yə qarşı oynamayacaq. Bu necə anlaşmadı ki, Elşən dünən “Neftçi”yə qarşı meydana çıxdı? Dünən başa düşdük ki, burda artıq başqa söhbətlər var.
Başqa nə söhbət ola bilər ki?
- Biz rəhbərlikdən soruşanda ki, Namiq Ələsgərov niyə “Qarabağ”a qarşı oynamır, dedilər qarşılıqlı razılaşmamız belə olub, Elşən də “Neftçi”yə qarşı oynamayacaq. İndi necə olur ki, Elşən bizə qarşı oynayır? Biz bunun cavabını gözləyirik, görək “Sumqayıt”la oyunda nə deyəcəklər.
Çoxdandı “Neftçi”nin azarkeşisiz, bir çox rəhbərlik və baş məşqçilər görmüsüz, sizcə, komandanı bu durumdan kim çıxarda bilər?
- 80 illik yubileyini qeyd edən “Neftçi” bu mövsüm uğur qazanmasa, rəhbərlik istefa verməlidi, hamısı getməlidi. “Neftçi” tarixi klubdu, işini bacarmırsansa, çıxıb getməlisən. Yeni rəhbərlik-yeni məşqçi gəlməlidi komandaya.

