Azərbaycan - Almaniya matçını orta hesabla 8,23 milyon tamaşaçı izləyib. Sportinfo.az xəbər verir ki, bu göstəricini mərkəzi ofisi Almaniyanın Köln şəhərində yerləşən və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu canlı yayımlayan RTL telekanalı qeydə alıb. Bildirilir ki, bu, telekanalın ümumi tamaşaçı kütləsinin 31,5 faizi deməkdi.
Hərçənd pik vaxtlarda Almaniyada Bundestimin Azərbaycan yığmasını 4:1 hesabı ilə məğlub etdiyi görüşü izləyənlərin sayı 10,05 milyona qədər yüksəlib. Başqa sözlə, Almaniyada oyunu izləyənlərin sayı təqribən Azərbaycan əhalisi qədər olub. 2016-cı il siyahıya almasına əsasən, Almaniya əhalisi 82 milyon 175 min 684 nəfərdir.

