“Mən bilmirəm ki, o, niyə bura gəlmədi" - İKİ FOTO

2 İyun 2019 16:36 Azarkeş 754
“Mən bilmirəm ki, o, niyə bura gəlmədi" - İKİ FOTO

Mayın 29-da Bakıda 1 milyard insanın izlədiyi Avropa Liqasının final görüşü keçirildi.

70 min nəfər tutan Bakı Olimpiya Stadionunda İngiltərənin iki komandası-"Arsenal” və “Çelsi” üz-üzə gəldi.

Oyun 4:1 hesabıyla “Çelsi”nin qələbəsi ilə başa çatdı. Oyun başa çatsa da, “Arsenal”ın oyunçusu Henrix Mxitaryanın Bakıda keçirilən final oyununda iştirakdan imtina etməsi məsələsi hələ də gündəmdən düşməyib.

Düzdür, o, 2015-ci ildə “Qəbələ” - “Borussiya Dortmund”-, 2018-ci ildə isə “Qarabağ” - “Arsenal” oyunlarına da qatılmayıb. Hər dəfə də iddia edib ki, Bakıda onun həyatına təhlükə var.

Bu kimi iddialar 2015-ci və 2018-ci ildə elə bir effekt vermədi. Bu dəfə isə Britaniya mətbuatı bu məsələdən anti-Azərbaycan təbliğatı üçün geninə-boluna istifadə etdi.

Elə bu səbəbdən də finalla bağlı ölkəmizdə yaşanan bayram əhval-ruhiyyəsinə xoşagəlməz çalarlar qatıldı.

Almaniyanın ən nüfuzlu nəşri olan “Deutsche Well” Henrix Mxitaryanın Bakıya gəlməməsinin səbəbini belə izah etmişdi:

“Azərbaycan bəyan etmişdi ki, kim Dağlıq Qarabağa getmək istəyirsə, rəsmi Bakıya müraciət etməlidir, əks təqdirdə həmin şəxs həbs oluna bilər.

Elə bu səbəbdən də 2017-ci ildə rusiyalı bloqer 3 il müddətinə həbs olundu. Henrix Mxitaryan da bu qadağaya məhəl qoymadan Dağlıq Qarabağda olub.

O cümlədən, 2012-ci ildə o, Donetskin “Şaxtyor” klubunda oynayarkən Dağlıq Qarabağa gedib”...

Dəqiq məlumat isə belədi ki, o, müxtəlif vaxtlarda 3 dəfə Dağlıq Qarabağda olub. Buna baxmayaraq, rəsmi Bakı Henrix Mxitaryanın təhlükəsizliyinə ən yüksək səviyyədə təminat vermişdi.

“Arsenal”dan qovulmaq ərəfəsində olan oyunçu isə anti-Azərbaycan kampaniyasına vasitə olmaqda israrlı idi.

Bu məsələ ilə bağlı Qərb mətbuatında gedən məqalələrin xülasəsi haqqında oxucularımıza mütəmadi şəkildə məlumat verməyə çalışdıq.

İndi təqdim edəcəyimiz yazı isə Rusiya mətbuatının Qafqaz bölümündən götürülüb. İngilis və rus dillərində yayınlanan www.vestnikkavkaza.net saytı da bu məsələni araşdırmağa çalışıb. Mövzunun aktuallığını nəzərə alaraq həmin yazını diqqətinizə çatdırırıq.

***

Məqalə “British football fans: Henrikh Mkhitarayan would be safe in Baku” (Britaniyalı futbol azarkeşləri deyir:

Hanrix Mxitaryan Bakida təhlükədən kənarda olacaqdı) adlanır. Zatən Henrix Mxitaryan da daxil olmaqla hər kəs yaxşı bilirdi ki, rəsmi Bakı beynəlxalq səviyyəli belə mötəbər tədbirdə qarşı tərəfə əlavə arqumentlər vermək fikrində deyil.

Təqdim etdiyimiz məqalədə bu məqam xüsusi ilə qabarıq verilib. “Mən bilmirəm ki, o, (Henrix Mxitaryan nəzərdə tutulur. E.H.) niyə bura gəlmədi.

Aydındır ki, bu, siyasi məsələdir. Əgər siz Azərbaycandan və Ermənistandan deyilisizsə, nə baş verdiyini anlaya bilməzsiniz. Bəlkə də o, bura gəlməli idi.

Biz britaniyalılar üçün Azərbaycan və Ermənistanın yeritdiyi siyasəti başa düşmək çətindir. Biz bu məsələ ilə bağlı çox az şey bilirik.

Onun buraya gəlməməsi təəssüf doğurur. Mən düşünürəm ki, o, burada təhlükədən kənarda olacaqdı”, - Leicesterdən gələn azarkeş belə söyləyir.

Richard Scalesin sözlərinə görə, təhlükəsizlik baxımından Bakıda hər şey əla təmin olunmuşdu:

“Çoxsaylı polis işçiləri vardı. Hər şey əla təşkil olunmuşdu. Bəzi “Arsenal” azarkeşləri “Çelsi”nin vurduğu üçüncü qoldan sonra aqressiv oldu, ancaq səmimi desək, mən hər hansı bir dava-dalaş görmədim.

Bütövlükdə hər şey pozitiv atmosferdə keçdi. Biz “Çelsi”nin azarkeşləri ilə söhbət etdik” - o, deyir.

O biri azarkeş-Chris Scales vurğulayır ki, Bakıya xaricdən gələn azarkeşlərlə Bakı sakinləri arasında dostyana münasibət vardı: “Gedəcəyimiz ünvanı tapmaqda çətinlik yarananda azərbaycanlılar bizə həmişə kömək edirdi”.

Richard Scales isə qeyd edir ki, azarkeşlər arasında Çin, Yaponiya, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərlə də qarşılaşmaq olardı:

“Bu ölkələr də Azərbaycandan xeyli uzaqda yerləşir. Ancaq onlar bu imkandan istifadə edərək oyuna baxmağa gəlmişdi.

Yəni, bura uzaqdan gələn yalnız ingilis azarkeşləri deyildi. İsraildən də çoxlu adam gəlmişdi”.

Richard Scales həm də Bakıda olan atmosferi yüksək dəyərləndirir: “Xüsusi həyəcanla, yüksək səslə azarkeşlik edirdilər.

Düşünürəm ki, “Arsenal” çox əsəbi durumda idi, çünki Çempionlar Liqasına düşmək istəyirdi. Məyusam ki, bu oyunda qələbə çala bilmədik.

Ancaq oyun və Bakıda-bu gözəl şəhərdə keçirilən final mənim xoşuma gəldi. Birinci dəfədir ki, Bakıdayam.

Burda bütün insanlar dostluq münasibəti nümayiş etdirir. Bu, son dərəcə möhtəşəm səfər oldu. Baxmayaraq ki, oyunun nəticəsi bizi qəm dəryasına qərq etdi”.

Chris Scales deyir ki, Bakı Olimpiya Stadionu onun çox xoşuna gəlib: “O, çox yaxşı stadiondur. Dünyanın dörd tərəfindən insanların bu oyuna tamaşa etmək üçün stadionda bir araya gəlməsi gözəl görünürdü.

Elə bu səbəbdən də atmosfer möhtəşəm idi. Ancaq mən də məğlubiyyətimizə görə məyusam”.

Riçard Scales də hesab edir ki, stadion qeyri-adi xüsusiyyətlərə malikdir. Azarkeşlərlə yaşıl meydan arasındakı məsafə ciddi şəkildə çoxdur:

“İngiltərədə stadionlar belə deyil, ona görə də stadion bizə qeyri-adi təsir bağışladı. Azarkeşlərlə oyunçular arasındakı məsafə çox uzaqdır.

Ancaq oyunun izlənməsi üçün bunun elə bir çətinliyi yox idi. Sadəcə hər şey fərqli idi. İngiltərədə azarkeşlərlə yaşıl meydan arasında məsafə çox qısadır. Ancaq belə daha gözəldir”.

Elbəyi Həsənli, Sürix

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!