Avropa Liqasının final oyunu zamanı hər iki komandanın yerli və xarici azarkeşlərinin dəstək aksiyası üçün xüsusi yerlər ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.
Meriya sözçüsü qeyd edib ki, bunun üçün şəhərin mərkəzi hissəsində azarkeşlərə 3 ərazi təqdim edilib:
“Çelsi” komandasının əcnəbi azarkeşləri üçün Sahil bağında, “Arsenal”ın xarici azarkeşləri üçün isə Qış Bulvarında xüsusi ərazi ayrılıb.
Hər iki komandaya azarkeşlik edən yerli sakinlər üçün isə Dənizkənarı Milli Parkda yer nəzərdə tutulub”.
Həmin ərazilərdə AFFA tərəfindən xüsusi monitorlar və digər avadanlıqlar quraşdırılacaq. Azarkeşlərin şəhərdə futbolu canlı izləmək şansları da olacaq.
Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək. Azarkeşlər Bakıya xüsusi çarter reyslərlə gətiriləcək.
Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək.
Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn “Çelsi” və “Arsenal” azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb.

