Əliyev: “Neftçi” çempion olsa və ya buna doğru getsə..."

8 Fevral 2019 00:30 Azarkeş 775
Əliyev: “Neftçi” çempion olsa və ya buna doğru getsə..."

Sportinfo.az xəbər verir ki, “Qarabağ” – “Neftçi” qarşılaşmasına rənq qatan hər kəsin iddia etdiyi kimi azarkeşlər oldu.

Ayrı-ayrı sektorlarda əyləşmələrinə baxmayaraq, sevimlilərini qələbəyə səsləyən fanatlar soyuq havada susmaq, yorulmaq bilmədilər.

Qarşılıqlı atmacalar, maraqlı şüarlar derbiyə bir başqa gözəllik qatdı. Tam olmasa da, ümumi mənzərəni hansısa əlamətlərinə görə “böyük oyun”a bənzətmək olardı.

Bunun başlıca səbəblərindən biri, bəlkə də birincisi görüşün şəhərin mərkəzində - “Gənclik”dəki Respublika stadionunda baş tutmasıydı.

Belədə təkcə ağdamlı yox, bakılı futbolsevərlər də özünü mənzil başına çatdırmağı hədəfləmişdi. 90 dəqiqə boyunca azarkeşlərlə polislər arasında hər hansı münaqişəyə rast gəlmədik.

Halbuki bu cür oyunlarda “poqonlular” dəyənəklərini və xidməti maşınlarını işə salmaqla yadda qalıblar.

Görünür, oyundan əvvəl yaşanan hadisə hər iki tərəfi ehtiyatlı davranmağa məcbur etmişdi.

Stadionun giriş qapıları qarşısında fərqli istiqamətlərdə dayanıb, bir-birinin ünvanına təhqirdolu şüarlar səsləndirən rəqib azarkeşlər polisin “sakitləşin” əmrinə tabe olmayınca, təhlükəsizliyə nəzarət edənlər məcburi addım atmalı oldular.

Həm “Neftçi”nin, həm də “Qarabağ”ın əlbəyaxa davaya cəhd edən bir neçə fanatını yaxalayıb polis avtomobilinə əyləşdirdilər. Sonrakı ünvan isə bəllidi: polis bölməsi.

Lakin həmin şəxslərin hansı fanklubun üzvü olmaları və hazırda harda olmaları haqda dəqiq bilgi yoxdu. Bu məqsədlə komandaların fəal azarkeş qruplarının rəsmilərinin fikirlərini öyrəndik (Futbol+).

Sübhan Əliyev (Forza Neftçi): “Bu hadisə haqda tribunadakı yerimizi tutandan sonra eşitdik. Bayırda münaqişə yaşananda biz artıq qonaqlar üçün ayrılmış sektordaydıq. Bizim uşaqlarla rəqib azarkeşlər arasında yalnız söz atışması olub, başqa heç nə. Bu da normaldı, futboldan əvvəl və sonra adi haldı. Əminliklə deyə bilərəm ki, “forza”nın uşaqlarından heç kim bölməyə aparılmayıb. Ola bilsin, aralarında “Neftçi” azarkeşləri də olub. Deməyim oldu ki, oyuna bizimlə birgə gələnlərin hamısı əvvəldən axıra qədər tribunada, yanımızda olub. Ümumi götürsək, qonaq azarkeşlər olaraq bizə yaradılan şərait yaxşı idi. Polislə də hansısa problemimiz olmadı. Halbuki istədiyimiz kimi dəstək verir, sözümüzü deyir, “Neftçi”nin yanında olduğumuzu hiss etdirirdik. Heç bir maneə törətmədilər. “Forza Neftçi” olaraq 800 nəfər idik. “Neftçi”nin ümumi azarkeş sayı 2500-3000 olardı. Bizə iki sektor ayrılmışdı. Amma klubdan bizə məlumat verildi ki, sayımız iki sektoru aşsa, əlavə sektor da ayrılacaq. Nə qədər azarkeşimiz gəlsəydi, heç kim bayırda qalmayacaqdı. Pulunu verib, biletini alıb, sektora keçəcəkdi. Biletləri öz cibimizdən aldıq.

Niyə digər oyunlarda belə olmur? Bir var fanat, bir də var tərəfdar. Fanatlar rəqibin adına, sevimli komandasının turnir cədvəlindəki mövqeyinə baxmadan hər oyun tribunada olurlar. Tərəfdarların bir çoxu həm də nəticəni əsas götürür. İndi görürlər ki, 5 ildən sonra komanda özünə bənzəməyə başlayıb, çempionluq iddiası davam edir, bu səbəbdən küsənlər də tribunalara qayıtmağa başlayıb. “Qarabağ”la növbəti matçımız çempionatın sonuncu turuna təsadüf edəcək. O vaxta qədər vəziyyət indiki kimi olsa, yəni “Neftçi” çempion olsa və ya buna doğru getsə, “Bakcell Arena” tam dolacaq. Hadisələrin axarı buna doğru aparır”.

Elvin Əsədov (İmarət): “Konkret kimlərin həbs olunaraq bölməyə aparıldığını deyə bilmərəm. Öz adımızdan onu bilirəm ki, “İmarət”in üzvlərindən iki nəfər saxlanılmışdı. Onlar da polis bölməsinə aparılaraq izahatları alınıb, daha sonra sərbəst buraxılıblar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!