"Kəpəz" bu gün Premyer Liqanın XVIII turu çərçivəsində “Kəpəz” şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Sportinfo.az xəbər verir ki, “sarı-göylər” 2017-ci ildə Gəncədə ilk ev matçına çıxacaq (saat 14:30-da başlayacaq). Çempionatda sonuncu dəfə noyabrın 27-də Nizami yurdunda oynayan “Kəpəz” uzun müddətdən sonra doğma meydanda doğma publika önündə görünəcək.
Əslində komanda fevralın 4-də Gəncədə çıxış etməli olsa da, əlverişsiz hava şəraiti “Zirə” ilə ev oyununun statusunu dəyişmişdi. Elə indi də iki gündür ki, yağan qar səbəbindən meydan “ağ örpəyə” bürünüb. Amma klub rəhbərliyi durumu dəyişmək üçün səylərini davam etdirir. Meydançanı qardan təmizləmək üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib. Görülən işlərdə azarkeşlər də yaxından iştirak edir.
“Həm qarda, həm boranda, “Kəpəz” harda, biz orda”- bu Gəncə azarkeşlərinin devizidir. İstənilən hava şəraitində komandanın dəstəklənməsinə yönələn şüardı. Bəs görəsən, azarkeşlər əməldə necə devizlərinə sadiq qalacaqlar? Bu suala cavab tapmaq üçün sorğu keçirdik və məlum oldu ki, stadiona gələcəklər. “Kəpəz” klubunun azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elmar Əliyev də “Qarabağ”la görüşdə fanatların stadiona gələcəyinə inandığını bildirib.

