2014-cü ilin avqustunda yaradılan “Zirə” cəmi 3 yaşı olmasına baxmayaraq, uğurlara imza atmaqda davam edir. Hələ 2015/16 mövsümündə premyer-liqada gümüş medallara sahib çıxan və Avroliqaya vəsiqə qazanan komanda, el dili ilə desək, “yaşı çatmadığına görə” qitəmiqyaslı turnirdən kənarda qalmışdı. Ötən mövsümün sonunda isə “qartallar” istəyinə çatdı.
Elitada 4-cü yerlə kifayətlənən Ayxan Abbasovun komandası Avroliqaya vəsiqə qazandı. Qəsəbə təmsilçisi qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinə ilk təsnifat mərhələsindən başlayacaq. Rəqib isə “cırtdan” ölkə Lüksemburqu təmsil edən “Differdanj” klubudu. “Zirə” ilk oyunu iyunun 29-da evdə keçirəcək. Daha dəqiq desək, Zirə qəsəbəsində yox, Mərdəkanda yerləşən “Dalğa Arena”da.
Onsuz da azarkeş sayı az olan komandanın şəhər kənarında avrokubok oyunu keçirməsi o qədər də xoş olmadı. Çünki yay vaxtı Mərdəkana oyun izləməyə gedən tərəfdarların sayı çox olmayacaq. Bəlkə də komanda ilk avrokubok matçını boş tribunalar önündə keçirəcək. Buna baxmayaraq, klub rəhbərliyi artıq indidən azarkeş məsələsi ilə maraqlanmağa başlayıb. Belə ki, “Zirə” – “Differdanj” matçı üçün üç yerdə biletlər satışa çıxarılıb. Tərəfdarlar biletləri Zirə Olimpiya Kompleksində, “Dalğa Arena”da və Tofiq Bəhramov adına Respublika stadionun kassalarında əldə edə bilərlər.
Bəs komandanın hər oyununa gedən sadiq fanatlar vacib qarşılaşma ilə bağlı nə düşünür? Onlar Lüksemburq klubu üçün sürpriz hazırlayıbmı? “Dalğa Arena”ya azarkeş toplamaq yönündə hansı işləri görürlər? Bu suallara cavab tapmaq üçün “Zirə” azarkeş qrupunun rəhbəri Ceyhun Məmmədovla əlaqə saxladıq. O öncə klubun Avroliqada çıxış etməsinə hədsiz sevindiklərini bildirdi (Futbol+):
“Təbii ki, doğulub boya-başa çatdığımız qəsəbəni təmsil edən komandanın avrokuboklarda iştirakı sevindirici haldı. Yalnız Zirə camaatı üçün yox, həm də Bakı kəndlərinin əhalisi üçün bir fəxrdi. Hamımız səbirsizliklə “Differdanj”la oyunu gözləyirik. Üstəlik, cəmi 3 ildi var olan “Zirə” üçün Avroliqada çıxış etmək böyük uğur sayıla bilər. Premyer-liqada ilk mövsümdə gümüş medal qazandıq. Bu mövsüm isə 4-cü yeri tutduq. Bütün bu nəticələr bizi sevindirir. Əməyi keçən hər kəsə təşəkkür edirik”.
Məmmədov oyunun “Dalğa Arena”da keçirilməsinin yaxşı hal olduğunu deyir: “Matçın Mərdəkanda olması yaxşıdı. Bakı kəndlərində yaşayan əhali oyuna rahat gələ bilər. Ora həm də Zirəyə yaxındı. Klub rəhbərliyi bizi düşünərək bu addımı atıb. Onlara təşəkkür edirik ki, bizim yolumuzu qasaltdılar, xeyrimizə qərar verdilər. Şəhər bizə daha uzaqdı. Biz də öz növbəmizdə komandaya dəstək verəcəyik. Yalnız Avroliqada yox, qarşıdan gələn çempionatda da”.
Azarkeş qrupunun rəhbəri azarkeşlər üçün avtobusların ayrılacağını bildirdi: “Təbii ki, klub azarkeşlərə avtobus ayırır. Bu dəfə də elə olacaq. Hətta şəhərdən gələn azarkeşlər üçün də nəqliyyat vasitəsi ayrıla bilər. Planlarımız var, bu yöndə işlərimizi davam etdiririk”.
Ceyhun bəy iyunun 29-da “Dalğa Arena”ya lazımi qədər azarkeş toplaya biləcəklərinə inanır: “Nə qədər azarkeşin gələcəyini indidən demək mümkünsüzdü. Hazırda qəsəbədən bizimlə əlaqə saxlayıb maraqlananlar çoxdu. Hamı “oyuna necə gedəcəyik”, - deyə sual ünvanlayır. Ümid edirəm ki, komandamıza dəstək olmağa gələn tərəfdarların sayı çox olar.
Tribunaları dolduracağımıza söz vermirik, amma kifayət qədər azarkeş olacaq. Onsuz da bizim azarkeş qrupu üçün “Zirə”nin harda oyun keçirməsinin fərqi yoxdu. Hər zaman komandanın yanındayıq. İstəyir lap ucqar rayonda oynasın. Komandamızı heç vaxt tək qoymuruq. Mərdəkan uzaq deyil. Şəhərdən də rahat gəlmək olar”.
Sonda fanklub rəhbəri hazırlıqdan söz açdı: “Biz çoxdan hazırıq. Xüsusi pankartlar, şüarlar da hazırlamışıq. Sırf bu oyun üçün hazırlanmış xüsusi geyimdə tribunalarda olacağıq. Rəqibi təəccübləndirməyə çalışacağıq. Lakin bunu nə dərəcədə bacaracağımızı zaman göstərər. Ümid edirəm ki, biz azarkeş qrupu olaraq tribunada, “Zirə” isə oyunu ilə meydanda rəqibə başqağrı olacaq”.

