“Allahın izni ilə Qəbələyə səfər edəcəyik. Dəqiq sayımızı indi deyə bilmərəm. Sabah bununla bağlı görüşümüz olacaq. Ondan sonra dəqiqləşəcək. Fikrimcə, 50-100 nəfər arası olacağıq”.
“Neftçi”nin sadiq azarkeş qrupu “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev Sportinfo.az-a açıqlamasında idarə etdiyi qrupun Qəbələ səfəri haqda danışıb.
Əliyev son vaxtlar komandanın çıxışından qəti narazı olduqlarını bildirib. Buna baxmayaraq, Qəbələyə yollanmağı özlərinə borc bildiklərini qeyd edib:
“Komandadan narazıyıq. Narazı yox ha, çox narazı. Oyun və nəticələr bizi qane etmir. Amma biz bu ada illərimizi vermişik, stadionlarda canımızı qoymuşuq. Qəbələyə “Neftçi” adını dəstəkləmək, bu adını böyüklüyünü qorumaq üçün gedirik. Baş məşqçi və futbolçuların kim olmasından asılı olmayaraq, hər zaman “Neftçi”nin yanında olmuşuq”.
“Qəbələ” ilə “Neftçi” arasındakı qarşılaşmanın gərgin keçəcəyinə şübhə yoxdur. Cari mövsümün sürpriz komandası olan bölgə təmsilçisi xüsusən doğma azarkeşləri önündə inamlı görünür. Üstəlik, “ağ-qaralar”ın daxilində psixoloji durum əvvəlki kimi ideal deyil.
Azarkeş qrupunun rəhbəri növbəti məğlubiyyət təqdirində atacaqları addımı gizlətməyib:
“Ümid edirik ki, komandamız fasiləyə qələbə ilə yollanacaq. Allah eləməsin, başqa nəticə olsun. Onda həmişəki üzümüzü görəcəklər. Şüarlarımız və tələblərimiz olacaq. Bu qədər şərait yaradılıb, zəhmət çəkib qələbə qazansınlar. Uduzsalar, qarşılarında “Forza Neftçi”ni görəcəklər”.
Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutacaq “Qəbələ” – “Neftçi” oyunu 15 dekabr, saat 16:00-da başlayacaq.
HƏBİB

