Vicdanın yol verdiyi qədər açıqlama – MDB Oyunlarına tənqidi baxış

21 Avqust 2023 01:00 Problem 1 849
Vicdanın yol verdiyi qədər açıqlama – MDB Oyunlarına tənqidi baxış

"Medalların 10-u qızıldır. 2 il öncə Rusiyanın Kazan şəhərində keçirilmiş ilk MDB Oyunlarında Azərbaycan 60 medal əldə etmişdi. Həmin vaxt yarışı medalların əyarına görə 4-cü, sayına görə isə 5-ci sırada bitirmişdik. II MDB Oyunlarında isə həm medalların əyarı, həm də sayı baxımından 4-cü yeri tutduq. Şükürlər olsun ki, əvvəlki ilə müqayisədə daha yaxşı nəticə göstərilib".

Bu sözlər Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədova aiddir.

Azərbaycanda idmanın inkişafından cavabdeh olan şəxsin bu açıqlaması üzərində gəzdikdə, hər şeyin fərqli olduğunu görürsən. Ona görə də təhlil aparmağın vaxtıdır.

İdmançılarımız Belarusda keçirilən II MDB Oyunlarında 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə edib. II MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni Rusiya yığması göstərib – 288 medal (149 qızıl, 89 gümüş, 50 bürünc). Meydan sahibi Belarus 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) 2-ci, Özbəkistan 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) 3-cü pillədə qərarlaşıb.

Son illər idmanda inkişafda olan 3-cü sırada olan Özbəkistanla 4-cü pilləni tutmuş Azərbaycanın qazandığı medalların həm sayında, həm də əyarında yerlə göy arasında fərq var. 106-dan 62 çıxdıqda 44 medal say fərqini görmək mümkündür. Qızıl əyarı baxımından fərqə baxdıqda isə bu rəqəm 18 edir. Bu qədərmi özbəklər bizdən irəli inkişafa nail oldularmı? Sualın özü ritorikdir və özündə cavabı ehtiva edir.

Elnur Məmmədov deyir ki, 2019-cu ildə Kazanda keçirilmiş I MDB Oyunlarındakı nəticədən yaxşısı əldə olunub. Kəmiyyət, yoxsa keyfiyyət önəmlidir? Bunu idmandan yaxşı bilməyən kütləyə demək olar. Amma idman mütəxəssisləri üçün bu söz "qaraçı malını tərifləməy"ə bərabərdir.

O zaman deyim. Kazanda qazanılan 60 medalın 16-sı qızıl idi. 16-sı gümüş, 28-i bürünc medal idi. Lap 100 bürünc medal əldə etsən, 1 qızıl medalı əvəzləyərmi? Məncə, yox. Üstəlik, Kazanda 3-cü sıranı Qazaxıstana cəmi 3 qızıl medala görə uduzmuşduq.

Belarusda qazanılan 10 qızıl medaldan 6-sı yapon idman növlərinin (cüdo, karate), 2-si güləşin, 1-i atıcılığın, 1-i ağırlıqqaldırmanın payına düşür. 16 idman növündə 177 idmançımız yarışda iştirak edib. Bəs digər idman növləri niyə yatıb? Bizə yad olmayan döyüş növləri – boksda, muay-tayda və ya samboda niyə qızıl medal yoxdur? Axı, bu yarışda onlardan qızıl medal tələb etmək kimi haqqımız var. Bu ki MDB Oyunlarıdır. Burada MDB-yə aid olmayan, idmanda bizdən qat-qat aşağı səviyyədə olan LİVAN, BƏƏ, PAKİSTAN, BƏHREYN, MALAYZİYA, KÜVEYT, OMAN, VENESUELA kimi ölkələr iştirak edirsə, niyə qızıl medal gözləməyək ki?

Biz tərəfdə Elnur Məmmədovun bu açıqlamasına vicdanın yol verdiyi qədər açıqlama deyilir. III MDB Oyunları 2025-ci ildə Gəncədə keçiriləcək. Avropa Oyunları, Universiada, MDB Oyunlarındakı zəif nəticələr həm də Elnur Məmmədovun ayağına yazılır. Əgər Olimpiya çempionundan aldığınız bu vəzifənin 2025-ci ilədək qalmasını arzulayırsınızsa, içindəki vicdanı öldürmək yox, idmanın inkişafı üçün iş görmək lazımdır. Əks halda, "Neftçi"də və Voleybol Federasiyasındakı aqibət sizin üçün heç də uzaqda olmayacaq (prosport.az).

Səbuhi Musa

Digər Xəbərlər
Xəbər Lenti