“Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə Bazelin qonağı olacaq.
Ağdamlılar qrupu birinci pillədə başa vurmaq üçün İsveçrədəki matçdan qələbə ilə ayrılmalıdır.
Təbii, oyunun taleyini baş məşqçi Qurban Qurbanovun tapşırıqları və ayrı-ayrı futbolçuların ustalıq səviyyəsi həll edəcək. Lakin rəqib meydanında azarkeş amili də böyük rol oynayır.
Sportinfo.az xəbər verir ki, dekabrın 9-da “St. Yakob-Park”da bir qrup azərbaycanlı və türk azarkeş “köhlən atlar”ı qələbəyə səsləyəcək.
Onların arasında Bakıdan Bazelə yollananlar da olacaq.
Bir neçə gün əvvəl Vüqar Əliyev adlı şəxs sosial şəbəkə platformalarının birində səfərlə bağlı paylaşım etmiş, müxtəlif ölkələrdən keçməklə İsveçrəyə çatmaqda problemin olub-olmadığını soruşmuşdu.
Adıçəkilən futbolsevər Sportinfo.az-a açıqlamasında səfər planı ilə bunları deyib:
“Biz heç bir azarkeş qrupunun üzvü deyilik. 4 dostuq və hər il “Qarabağ”ın azı bir oyununda komandamızı Avropada dəstəkləməyə çalışırıq.
Bu dəfə Bazelə yollanmağı məqsədəuyğun saymışıq. Postu paylaşmaqda məqsədimiz qrup-filan yığmaq deyildi.
Sadəcə, gedişlə bağlı hansısa məhdudiyyətlərin olub-olmaması ilə maraqlanırdıq. Özümüz üçün Avropa turu düzəldirik. Belə deyim, həm ziyarət, həm ticarət”.
“Bazel” – “Qarabağ” qarşılaşması dekabrın 9-u, Bakı vaxtı ilə 23.55-də başlayacaq.
HƏBİB

