"Qarabağ"ın "İmarət" azarkeş qrupu 12 il əvvəl yaradılanda əsas məqsəd Ağdam işğalında olan əzəmətli "İmarət"in yoxluğunu unutdurmaq idi.
Həm də bu insanların qəlbində, nə zamansa o yoxluğa qovuşmaq ümidi, istəyi vardı.
Çoxlarına xəyal görünən bu ümid işığı, "İmarət"çilərdə bir gün olsun sönmədi.
"Qarabağ"ın zəfərlərində, səfərlərində, istənilən uğursuzluğunda o ümidlə yaşadılar.
Düz 12 il! Bəli, ON İKİ İL! Nə az, nə çox 12-cə il!

Ağır idi, amma "İmarət"çilər bu əzaba qatlaşmağı bacardılar.
Nəhayət, 483 gündən sonra həmin ümid işığı reallığın təcəssümü oldu.
Məhz 12 ildən sonra "İmarət" yoxluğunu unutdurmamağa çalışdığı həmin "yoxluğa" - "İmarət"inə qovuşdu.
12 noyabar 2021-ci il "İmarət"in tarixinə böyük gün, tarixi qayıdış kimi düşdü. Vətən Müharibəsinin bir illiyi ərəfəsində tarixi məkana qayıdış gerçəkləşdi. "İmarət"çilər əzəmətli "İmarət"ə, haqqında əfsanələr danışılan "İmarət"ə ayaq basdılar.
Təbii ki, belə böyük hadisənin şahidlərini dinləməmək olmazdı. Həmsöhbət kimi seçdiymiz azarkeş qrupunun üzvü Elvin Əsədov özü ilə bərabər çiyindaşlarının da keçirdiyi hissləri bizlərə mümkün qədər ifadə etməyə çalışdı.
Onunla söhbətə səfərin necə baş tutmasından başladıq:
"Ağdamın işğaldan azad olunmasından sonra fərdi qaydada azarkeş qrupunun az sayda üzvü həmin ərazilərə getmişdi. İndiki durumda daha çox hər iki Qarabağ müharibəsinin şəhid ailələri, qaziləri və yaşlı insanlar azad olunan torpaqlarımıza aparılır. Gənc nəsilə o qədər də geniş imkan yaradılmır. Biz də ona görə birinci növbədə ölkə prezidentinin Ağdamda olan nümayəndəsinə müraciət elədik. Onlar da sağ olsunlar razılıq verdilər. Ancaq bildirdilər ki, rəsmi olaraq azarkeş qrupu adından prezident aparatına müraciət ünvanlanmalıdır. Deyilən kimi etdik və müraciətimiz nəzərə alındı. 50 nəfər tərkibdə ziyarətimizə icazə verildi".
Lazım olan razılıq alınan kimi azarkeş qrupu səfər hazırlığına start verib. Amma 50 sayda azarkeşin səfərinə icazə verilməsi, "İmarət"i çətin seçim qarşısında qoyub. Axı qrupun ən azı 10 dəfə bundan çox üzvü var. Nəhayət, orta nöqtə belə tapılıb:
"10 nəfər üzvümüz 30 yaşdan yuxarı idi. İki nəfər isə "İmarət" ailəsinin daha yaşlı üzvlərindən seçildi. Məhz onlar Ağdamın dağıdılmış, erməni vandalizminə məruz qalmış tarixi yerləri ilə bizi məlumatlandıracaqdılar.
"İmarət"in yaşını ilk dəfə Ağdamda 2019-cu ildə qeyd eləmişdik. Həmin vaxt yanımızda olan hərbiçilərlə niyyət eləmişdik ki, növbəti yaş günlərimizi "İmarət"də qeyd edərik. Allaha şükürlər olsun ki, bizim ürəkdən olan arzumuz reallaşdı. 2020-ci il Ağdam azad olundu. Bu il isə 12 illiyimizi azad Ağdamda qeyd edə bildik".
Həyəcan və böyük həsrətlə gözlənilən gün yetişir. Öncədən təyin olunan vaxtda - 12 noyabr səhər saatlarında "İmarət"i aparan avtobus Bakıdan Ağdama yola çıxır. Eşq səfərinin təfərruatlarını Elvinin dilindən eşidək:
"50 nəfərlik heyətimizi Ağdamdakı nümayəndəlik yaxşı qarşıladı. İlk olaraq milli qəhrəman Allahverdi Bağırovun da olduğu şəhidlər xiyabanın ziyarət etdik. Çox düyğusal anlar yaşandı. Bütün səfər müddətində olduğu kimi, Allahverdi Bağırovun məzarı üzərində də onun şərəfli yolunu gedərək şəhidlik zirvəsinə yüksələn üzvümüz Məhəmmədəli İbrahimlinin əziz xatirəsini yad etdik.
Xüsusi ilə Allahverdi Bağırovun məzarı başında olanda özümüzü yuxudaymışıq kimi hiss edirdik. Əslində çox sevincli anlarımız idi. Amma bununla bərabər çox da təsirli an idi.
Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə can sağlığı arzu edirəm. Sağ olsunlar ki, bizlərə bu cür anları yaşatdılar. Növbəti ziyarətimiz məşhur Ağdam məscidi oldu. Allahın evində şükür namazlarımızı qıldıq.

Daha sonrakı dayanacağımız isə "İmarət" oldu. Tarixi məkanı ziyarət etdik. Səfərin ən əyləncəli tərəfi də burda gerçəkləşdi. İki komandaya ayrılıb, simvolik oyun keçirdik.
Dağıdılmış "İmarət" tribunalarında yer alan üzvlərimiz isə bəstələrimizi oxuyub, şuarlarımızı səsləndirdilər.
Oyundan sonra üzvlərimizə tarixi məlumatları çatdırdıq. "İmarət" haqqında, erməni vəhşilərinin törətdikləri vandalizmdən söhbət açıldı.
Daha sonra Qiyaslı məçidinə üz tutduq. Adıçəkilən məscid Azərbaycanın ən qədim məscidlərindən biridir. Yolboyu erməni vandallarının dağıtdığı evləri, tarixi məkanları gördükcə üzvlərimiz hər şeyə canlı şahid olmuş oldular.
Şahbulaq qalasını da ziyarət etdik. Tarixi məkan barədə də üzvlərimizə məlumatlar verildi. Elə bu tarixi məkanda açılan süfrə başına toplaşdıq. Bununla da səfərimizi başa vurub Bakıya qayıtdıq.
Keçirdiyimiz hisslər çox möhtəşəm idi. Üzvlərimizin yarıdan çoxu Ağdamlı deyil. Hətta Qarabağlı olmayanları var. Buna baxmayaraq həmin üzvlərimiz də səfərdən öncə çox həyacanlıydılar. Səfərin tarixi bilinəndə sonra gecələri yatmayanlarımız vardı. Hətta Vüsal Ağamirov adlı üzvümüz Ağdam şəhərində yerləşən evlərinin önündən keçəndə çox xahiş etdi ki, evlərini görsün. Hamımız Ağdam torpağından, Şahbulaq suyundan özümüzlə Bakıya gətirdik.

İnşallah, tezliklə ora qayıdacağımıza inanırıq. Allah tezliklə hamımıza doğma yurdlarımıza qayıtmağı nəsib etsin. "İmarət"də olanda hiss edirsən ki, aid olduğun yerdəsən".
Xanoğlan İmanov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.


