"Tək stadionda yox, hər yerdə azərbaycanlı olduğumuzu biləndə..."

29 May 2021 22:20 Azarkeş 1 187
"Tək stadionda yox, hər yerdə azərbaycanlı olduğumuzu biləndə..."

Azərbaycan millisinin Türkiyə ilə Alaniyada baş tutan yoldaşlıq görüşünə məhdud sayda azarkeşin buraxılmasını xəbər vermişdik. Yerli azarkeşlərlə bərabər oyunu tribunadan izləyənlər arasında Azərbaycan Azarkeşlər Birliyinin (AAB) rəhbəri Atanur Cəfərli də olub.

Bunu nəzərə alıb Cəfərli ilə Türkiyə səfəri, millimizin oyunu və yerli azarkeşlərin millimizə olan münasibətini öyrəndik.

Milli komandamızın sadiq azarkeşlərindən olan Atanur Cəfərli Sportinfo.az-a açıqlamasında bunları dedi: "Çoxdandı milli komandamızı tribunadan dəstəkləyə bilmirdik. Bu görüş həm oyun olaraq maraqlı keçdi, həm də oyun ətrafında baş verənlər maraqlı idi. Düzdü, oyunun azarkeşsiz keçirilməsi nəzərdə tutulmuşdu. Amma qismən azarkeş buraxılmışdı. Alaniyalı azarkeşlərin Azərbaycan və Qarabağla bağlı dəstək şuarları çox xoş oldu. Məncə, millimizin oyunu da yaxşı alındı. Çoxdan idi millinin daha çox hücum edən futbolunu görmürdük. Nəzərə alaq ki, rəqib də Avropa Çempionatına hazırlaşan Türkiyə millisiydi. Bir sözlə, bura gəlməyimə peşman olmadım. Həm futbol cəhətdən, həm də azarkeşlik cəhətdən çox yaxşı keçdi".

O, təkcə meydanda yox, ondan kənarda da göstərilən münasibətdən ağızdolusu danışıb: "Mütəmadi olaraq azarkeşlər "Qarabağ", "Azərbaycan" şuarını səsləndirirdilər. Hətta bizim milli qol vuranda belə alqışladılar. Rəqib münasibətindən söhbət gedə bilməzdi. Bir həftə olar burdayam. Ümumiyyətlə, tək stadionda yox, hər yerdə azərbaycanlı olduğumuzu biləndə təbrik edirdilər. Xoş hisslərini, həmrəyliklərini bildirirdilər".

Atanur pandemiya səbəbindən milli komandanın futbolçuları ilə yaxından söhbətləşə bilmədiyini sözlərinə əlavə edib: "Belə bir imkanımız olmadı. Pandemiya ilə bağlı kənar şəxslərin milli komandanın yanına buraxılmasına icazə də yoxdur. Ancaq pandemiyaya görə tribunada əyləşən ehtiyat oyunçularla uzaqdan olsa da salamlaşa bildim. Bir də Namiq Ələsgərov və Sərtan Taşkın oyundan sonra formalarını hədiyyə etdilər. Türkiyə və Azərbaycan oyunu üçün xüsusi hazırlanmış və üzərində hər iki ölkənin bayrağı olan forma müstəqillik günü öncəsi mənə bir hədiyyə olmuş oldu".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!