Gəncə azarkeşlərinin narazılığı hər keçən gün böyüməkdədir. Fanatlar indi də AFFA-nın qarşısında toplaşıb, öz narazılıqlarını əyani formada federasiya rəhbərliyinə bildirmək fikrindədilər.
Bu barədə bizimlə əlaqə saxlayan və yalnız Sportinfo.az-a danışmaq istədiyini deyən sabiq fan klub rəhbəri Elgün Qasımov deyib: "Artıq boğaza yığılmışıq. Bizim Gəncədə şikayət edəcək yerimiz qalmayıb. 50-60 nəfərlə AFFA-nın binasının önünə gedəcəyik. Qoy FİFA, UEFA görsün ki, Azərbaycanda bölgə futbolu məhv edilib.
Bu nə vaxta kimi belə olacaq? Yaşar Vahabzadəni gətirib qoyublar komandanın başına. Mənə elə gəlir ki, o, AFFA-nın adamıdır. "Pulunu al, gününü qov" prinsipi ilə işləyir. Amma gəncəli azarkeşlər bununla barışa bilməz.
Dövlət futbola bu qədər pul ayırır. Bəs o pullar hanı? Niyə "Göyəzə", "Kəpəz", "Xəzər Lənkəran" kimi klublar Premyer Liqada yoxdur? Gürcüstanda balaca kəndin komandası əsas liqada mübarizə aparır. Bizdə də 8 klubdan 7-si Abşeronu təmsil edir. Gəncə kimi şəhərin gərək əsas liqada iki klubu olsun. AFFA isə Gəncədə futbolu məhv etməklə məşğuldur. Bunun sonu biabırçılığa doğru gedir".