"Mən çoxdanın futbol azarkeşiyəm, lakin öz fəaliyyətim olduğundan, son vaxtlar sənətə başım çox qarışdığı üçün yaxından izləyə bilmirəm" - Sportinfo.az xəbər verir ki, bu sözlər xalq artisi Cavan Zeynallıya məxsusdu.
Əvvəllər güclü futbol azarkeşi olan sənətçi uşaqlıq illərindən, futbol təəssüratlarından danışıb: "Uşaq vaxtı "Dinamo"ya gedib, orda futbol oynayırdıq. Komandamızda məşhur bəstəkar Eldar Mansurov və müğənni Səməd Səmədov da oynayırdı. Həmişə birinci qolu mən vururdum, lakin sonra rahatlıq yaranırdı və yola verməyə başlayırdım".
Ulduz futbolçular Kriştiano Ronaldo və Leonel Messidən danışan müğənni onları belə müqayisə edib: "Futbolçu var ki, texnikalı oynayır, futbolçu da var ki, oyunu ağlı ilə idarə edir. Messini ona görə sevirəm ki, onda bu iki xüsusiyyət vəhdət təşkil edir.
O, hərdən elə qollar vurur ki… Heç kəsin gözləmədiyi yerdən qol vurur, amma Ronaldo dəqiq futbolçudu. O, zərbəni hara vuracağını əvvəlcədən bilir, amma elə güclü vurur ki, artıq o topu tutmaq qeyri-mümkün olur. Bu cəhətlərinə görə hər iki futbolçunu sevirəm. Şəxsən azarkeşlik etdiyim klub "Barselona"dı".
Xalq artisti Səməd Səmədovla bağlı maraqlı xatirəsini də bölüşüb: "Səməd Səmədov çoxdanın futbolçusudu. Onların yaşadığı yerdə böyük futbol meydançası var idi. Hamı oyun üçün ora gəlirdi. Mən də bir müddət Azadlıq prospektində yaşadığım üçün tez-tez gedirdim.
Səməd hər dəfə qol vururdu. Oyunların birində rəqib komandanın oyunçusu Səmədin ayağına vurdu və hakim onların qapısına penalti təyin etdi. Mən Səmədə qayıtdım ki, "sənin ayağın zədəlidi, necə vuracaqsan, qoy bunu mən vurum". O dedi ki, "ala, mən yalandan belə göstərirəm". Dedim, "ala, belə futbol olar?". Amma Səməd o qolu vurdu, hamıda ayaq üstə alqışladı.
Mən onlara dedim ki, "Uşaqlar, bu "aferistdi" ki…" (gülür)". Rusdilli olduğumdan hakimə səhvən həkim deyirdim. Orda qışqırdım ki, həkim düz etmədi. Bir də gördüm ki, orda fırlanan həkimlərdən biri gəldi ki, "nəyi düz eləməmişəm, ala?". Dedim "adə, hakimi deyirdim". Həkim hara, hakim hara? Hamı gülüşməyə başladı".

