Sportinfo.az-ın start verdiyi rubrikanın - "Onun uşaqlığı"nın dördüncü həftəsinin qalibi məlumdu. 125 oxucumuz qalib olmaq üçün bu yola çıxdı, Yalnız 3 nəfər - Kamal Muradov, "Kəpəz" azarkeşi" və Rasil Bağırov fotodakı şəxsin kim olmasını düzgün müəyyənləşdirdi. Bu, millinin keçmiş müdafiəçisi, hazırda "Kəpəz"ın formasını geyinən Şəhriyar Əliyevdi.
HAŞİYƏ: Azərbaycanlı futbolçuların (məşqçilərin) uşaqlıq və yeniyetməlik çağlarında çəkilmiş şəkilləri ilə hər həftə görüşünüzə gələcəyik. 7 gün ərzində fotonun kimə məxsus olmasını ilk tapan oxucu redaksiyamız tərəfindən mükafatlandırılacaq.
Həmin şəxsin istifadəsində olan mobil operatorun nömrəsinə 10 AZN məbləğində kontur yüklənəcək. Bunun üçün sadəcə, saytımızın rəsmi "facebook" səhifəsində yerləşdirilən xəbərin şərh bölümünə fotodakı futbolçu və ya məşqçinin ad-soyadını yazmaq kifayətdi. Hər həftə qalibin adını açıqlayacaq, fikirlərini alacağıq. Çəkinməyin, özünüzü sınayın!
Müsabiqənin şərtinə görə, rəsm sahibini ilk tapan Kamal Muradov olmuşdu. Adıçəkilən izləyicimiz ötən 3 gün ərzində saytımızın "facebook" səhifəsində yerləşdirdiyimiz müvafiq xəbərin şərh bölümünə öz ad-soyadını yazmadığından, biz onunla əlaqə yarada bilmədik. Beplədə mükafatı "Kəpəz" azarkeşi" niki ilə qeydiyyatdan keçən Anar Əliyev qazandı.
Gəncəli tələbə saytımıza açıqlamasında bildirib ki, doğma şəhərinin komandası, ümumiyyətlə isə ölkə və dünya futbolu ilə yaxından maraqlanır: "19 yaşım var, Gürcüstanda ali təhsil alıram. İxtisasım iqtisadiyyatdı. "Kəpəz"i uşaqlığımdan sevirəm. Komandamızın builki nəticələrini qənaətbəxş hesab edirəm. Mübariz təsir bağışladı. Çox şadıq ki, stadionumuz təmirə bağlanıb, meydançanın qazonunun dəyişdirilməsinə başlanılıb. Sözsüz, qazon düzələndən sonra "Kəpəz" daha yaxşı təsir bağışlayacaq, əvvəlkindən də gözəl oyun nümayiş etdirəcək.
Bilirsiz ki, Gəncədə idmanı çox sevirlər. Rəqibdən asılı olmayaraq, hər oyuna ən azı 7-10 min azarkeş gəlir. Yalnız bəylər deyil, hətta xanımlar da futbola yaxından maraqlanır. Gəncə stadionunda onları tez-tez görmək mümkündü. Şəhərdə, ictimai nəqliyyatda, hər yerdə "Kəpəz"dən danışılır, komanda müzakirə olunur. Avtobusda gedəndə xanımların bir-birində "Kəpəz"in növbəti oyununun vaxtı ilə maraqlandığını az eşitməmişəm.
Vaxt tapan kimi tez-tez "Kəpəz"in oyunlarına, məşqlərinə gedirəm. Şəhriyar Əliyevi ordan tanıyıram. Bir neçə dəfə yaxından görmüşəm. Saytınızın yeni rubrikasını böyük maraqla izləyirdim. Bu şəkili görən kimi təxmin elədim ki, Şəhriyardı. Üz cizgilərə mənə tanış və doğma gəldi. Sportinfo.az-dan həmişə böyük və maraqlı yenilklər gözləyirəm. Bəli, saytınızın daimi izləyicsiyəm. Sportinfo.az-da bəyəndiyim yazı və xəbərlər də olur, bəyənmədiyim də. Çoxunu bəyənirəm.
Hər saytın öz xəbəri, xəbəri çatdırma tərzi var. Sportinfo.az bu mənada fərqlənir. "Kəpəz"in Azərbaycan futbolunda həmişə öz yeri olub və olacaq. Gəncə azarkeşləri digər saytlar kimi, Sportinfo.az-ı da izləyir. Onların saytınız barədə nə düşündüyünü deyə bilmərəm, mən öz adımdan danışıram ki, Sportinfo.az gündəlik baxdığım saytdı. Dünya futbolunda "Barselona"nın pərəstişkarıyam. "Barsa"nın bütün futbolçularından xoşum gəlir. Messiyə bir başqa simpatiyam var. "Kəpəz"dən Dari Federiko və daha bir neçə nəfəri bəyənirəm. Təəssüf ki, bir çoxu doğma komandamızdan getdi".

