"Biz çox vaxt Mahiri tənqid edirik, elə hərəkətlər edir ki, hamını qıcıqlandırır"

1 Fevral 2021 13:40 Azarkeş 1 048
"Biz çox vaxt Mahiri tənqid edirik, elə hərəkətlər edir ki, hamını qıcıqlandırır"

“Sabah” - “Qarabağ” matçının 72-ci dəqiqəsində Mahir Emreli qol vuraraq komandasına qələbə qazandırdı. Və sevincini alqışalayiq şəkildə nümayiş etdirdi.

Sportinfo.az xəbər verir ki, forvard qol vurandan sonra ehtiyat oyunçular skamyasına yaxınlaşaraq, üzərində “İmarət”in şəhid üzvü Məhəmmədəli İbrahimlinin şəkli olan formanı açdı.

O, bununla vurduğu qolu qəhrəmanımızın xatirəsinə ithaf etdi. Ağdam təmsilçisinin futbolçuları həmişə vətənpərvərlik mövzusunda diqqətli olublar.

“Qarabağ” azarkeşləri də onları buna görə daha çox sevirlər. Görəsən, fanatlar Mahirdən bu jesti gözləyirdilər? “İmarət”in idarə heyətinin üzvü Elnur Quliyev hücumçunun hərəkətini belə dəyərləndirib (Futbol+):

“Mahirin etdiyi jest bizə xoş təsir bağışladı. Bütün fanklub üzvləri üçün sevindirici oldu. Dəyərli olan biri üçün bu jestlər edilməlidi.

Çünki Məhəmmədəli hamımız üçün vətən uğrunda canından keçib. Emrelinin hərəkəti hamı tərəfindən bəyənildi. Hətta bütün sosial şəbəkələrdə insanlar onun etdiyi jestin fotosunu paylaşdılar.

Biz də fanklub olaraq bunu görüb, fəxr hissi keçirdik. İnşallah, Məhəmmədəlinin də ruhu şad oldu. Biz çox vaxt Mahiri tənqid edirik.

Elə hərəkətlər edir ki, azarkeşləri, izləyicilərini qıcıqlandırır. Amma bu jestlə fanatların qəlbini fəth etdi. Biz də onun hərəkətini xüsusi dəyərləndiririk. Amma Məhəmmədəli üçün nə etsən, azdı.

Biz azarkeşlər vətən uğrundan canından keçənlərin futbolçular, klublar tərəfindən həmişə diqqətdə saxlanılmasını arzulayırıq. Bu, təkcə “Qarabağ”a aid deyil.

Başqa komandalarımızın oyunçuları da öz qollarını şəhid olan fanatlarına həsr etsə, çox sevindirici məqam olar. Çünki şəhidlərimiz bizim üçün canlarından keçiblər.

Belə jestlər ancaq futbolçulardan olmamalıdı. Klub nümayəndələri, inzibatçılar və başqa işçilər şəhid ailələrinə xüsusi qayğı göstərməlidilər.

Onların ruhlarını şad eləməlidilər. Qoymamalıyıq ki, şəhidlərimiz unudulsun. Mahirə də “İmarət” adından təşəkkür edir, minnətdarlığımızı bildiririk”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!