"Neftçi" rəhbərlik baxımından "Qarabağ"dan geri qalır" - TÜRKİYƏLİ MƏŞQÇİ

3 Dekabr 2019 21:42 AÇ-2020 1 256
"Neftçi" rəhbərlik baxımından "Qarabağ"dan geri qalır" - TÜRKİYƏLİ MƏŞQÇİ

“Qarabağ” və “Neftçi”də məşqçi kimi fəaliyyət göstərmiş Mehmet Ak Sportinfo.az-a müsahibə verib:

- Türkiyə millisi Avropa çempionatında İtaliya, Uels və İsveçrə ilə eyni qrupda yer alıb. Necə düşünürsüz, Türkiyə millisi yer aldığı qrupdan çıxa biləcək gücdədir?
- Seçmə mərhələdə qazandığımız nəticələr Avropa çempionatında da yaxşı nəticələr qazana biləcəyimizin göstəricisidir. 100 faiz qrupdan çıxacağımıza inanıram. Avropa çempionatında ciddi nəticələr qazanacağımıza düşünürəm. Bunu edə biləcək milli komandamız var. Qrup oyunlarında bunu göstərdilər.

- Türkiyə yığması iki oyununu Bakıda keçirəcək. Bunu yığmanız üçün böyük üstünlük hesab etmək olar?
- Əlbəttə ki, Türkiyənin oyunlarını Bakıda keçirməsi böyük şansdır. Sanki millimiz oyununu Türkiyədə keçirmiş kimi olacaq. Azərbaycanlılar Türkiyəni canla-başla qarşılayacaq, qucaq açacaq. Bundan daha yaxşı püşkatma olacağını düşünmürəm. Türkiyənin oyunlarını Bakıda keçirməsi bizim üçün böyük üstünlükdür. Bütün stadionun dolacağını və azərbaycanlıların Türkiyəyə dəstək verəcəyini düşünürəm. Bu da Türkiyənin qrupdan çıxması üçün böyük dəstəkdir.

- Türkiyə yığması ilk görüşünü Romada İtaliya yığmasına qarşı keçirəcək. AVRO-2020 Türkiyə üçün çətin başlamır ki?
- Xeyr, məncə, heç bir problem olmayacaq. İtaliya yaxşı komandadır. Məncə, qrupdan elə İtaliya ilə Türkiyə çıxacaq. Türkiyə ilk matçı bərabərə bitirsə, bizim üçün üstünlük olacaq. Onsuz da iki oyunda qalib gələrək Türkiyənin ikinci olaraq qrupdan çıxacağına inanıram. İlk oyunun İtaliyada oynanılması onlar üçün üstünlükdür. Lakin Romada da azarkeşlərimizin olacağını nəzərə alsaq, məncə, millimiz üçün böyük problem olacağını düşünmürəm. Türklər Romadakı oyunda da stadionu dolduracaq.

- Şenol Güneş 2002-ci ildə Türkiyə yığmasına dünya çempionatında bürünc medal qazandırıb. Sizcə, bu dəfə Avropa çempionatında mükafatçılar sırasına düşmək mümkün olacaq?
- Avropa çempionatında mükafatçılar sırasına düşməkdən savayı, qarşıdakı dünya çempionatına da daha hazır olmaq üçün yaxşı təməl olacaq. Türkiyənin qrupdan çıxması ciddi uğur olacaq. Nəyə görə də Türkiyə Avropa çempionatında mükafatçılar sırasına düşməsin? Millidə yaxşı nəsil var. Avropa çempionatında olmasa belə, dünya çempionatında yaxşı nəticələr göstərə bilərik. Şenol Günəş dünya çempionatında millini üçüncü etdikdən sonra, Avropa çempionatında da milliyə ən azından üçüncülük qazandırarsa, tarixi uğur əldə etmiş olacaq.

- Bakıda iki oyun olacaq. Türkiyəni paytaxtımızda dəstəkləmək fikriniz var?
- Əslində oyunları canlı izləmək üçün Bakıya gəlmək planım var. Amma necə olacaq bilmirəm. Qarşıda hələ 6 ay var. Azərbaycan futbolunu da daha yaxından izləmək istəyirəm. Çünki vaxtilə biz orada ciddi işlər görmüşdük. Həm aşağı yaş qruplarında, həm də peşəkar komanda səviyyəsində nəzərdə tuturam. Azərbaycanı yenidən ziyarət etmək istəyərdim. Həm də millinin oyunları izləyərdim.

- "Qarabağ”da məşqçi kimi fəaliyyət göstərmisiz. Ağdam təmsilçisi “Sevilya”ya məğlub olaraq Avropa Liqasında qrupda qaldı. Sizcə, “Qarabağ” qarşıdakı illərdə nə etməlidir ki, qrupdan çıxa bilsin?
- "Qarabağ” bu qrupdan çıxa bilmirsə, yeni hədəflər üçün yeni planlar etməlidir. “Qarabağ” bu qrupdan çıxmalı idi. Məncə, “Sevilya”dan sonra qrupdan çıxa biləcək ən şanslı komanda “Qarabağ” idi. Əslində “Qarabağ”ın Avropa klublarından heç bir fərqi yoxdur. Həm büdcə, həm stadion anlamında. Onlar qrupdan nəyə görə çıxa bilmədiklərini daha yaxşı bilirlər. Məncə, artıq bəzi şeyləri mentalitet olaraq dəyişmək lazımdır.

- Sizin üçün doğma sayılan digər klub – “Neftçi” isə altı ildir ki, çempionluğu qazana bilmir. Sizcə, nəyə görə “Neftçi” “Qarabağ”ın hegemonluğuna son qoya bilmir?
- "Neftçi”nin altı ildir çempion ola bilməməsinin səbəbi, rəhbərlik olaraq “Qarabağ”dan geri qalmasıdır. "Qarabağ”ın qruplardan çıxa bilməməsinin səbəbi, Azərbaycanda onları çətinə salan komandanın olmamasıdır. Onlar daxili çempionatda asanlıqla çempion olur. Bunu hələ 2008-ci ildə demişdim. Əgər baza və uşaq futbolu baxımından ciddi işlər görsən, Azərbaycan liqasında daima çempion ola bilərsən, Avropada da daima oynayarsan. Amma “Qarabağ” qrupdan çıxa bilmirsə, bu liqada iddialı klubların az olmasından irəli gəlir. Azərbaycanda bir komanda hər mövsüm çempion olur. Ona görə də Avropada böyük uğur qazanmaq şansı çox deyil. “Neftçi” ciddi şəkildə doğru islahatlar və doğru oyunçularla komanda qurmalıdır. Bununla yanaşı, Azərbaycan liqasını bilən məşqçi və rəhbərliklə çalışmalıdır. "İndiki rəhbərlik pisdir" demirəm. Sadəcə, “Neftçi” altı ildir çempion ola bilmirsə, demək ki, böyük uğursuzluq var.

- Qurban Qurbanov uzun illərdir “Qarabağ”la uğurlar qazanıb. Sizcə, Avropada özünü sınamaq vaxtı çatıb?
- Qurban Qurbanov Avropada ən azından bir mövsüm baş məşqçilik etməlidir. Onun futbol mentalitetinin inkişaf etməsi, futbol bilgisinin inkişafı baxımından bu lazımdır. Məsələn, ikinci Bundesliqa, Fransa Liqa 2-də bunu edə bilər. Amma bunun həyata keçməsi üçün ona tələb olmalıdır. Əslində Avropa Liqasındakı uğurlu çıxış Qurban Qurbanovun karyerasını Avropada davam etdirməsi baxımından ona qapı ola bilər. Azərbaycan millisindəki şansı yaxşı dəyərləndirsəydi, bu proses daha da sürətlənərdi. Qurban Qurbanovun Türkiyədə hər hansı komandada çalışacağına inanmıram. Çünki Türkiyədə artıq komandalar legioner məşqçiyə yox, yerli mütəxəssislərə daha çox şans verir. Amma Qurban Qurbanov niyə də Türkiyədə işləməsin? Biz də ona kömək edərik. Sadəcə, bunun uzaq ehtimal olduğunu düşünürəm. Qurbanov Avropada 1-2 il çalışsa, ona ciddi mənada uğur gətirə bilər. Millidəki işi qısa oldu. Qurbanova daha geniş imkanlar yaradılsaydı, millidə uğurlu olsaydı, qrupda bir şeylər etsəydi, Avropada işləyə bilərdi. Qurbanov Azərbaycanda çox ciddi uğurlar qazanmış biridir. Buna da bir az köməyimiz dəyibsə, nə xoş bizə.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti