"Nazarov və Eddi havayı gəlib bizim millidə oynayan deyillər" - MÜSAHİBƏ

22 Noyabr 2019 20:55 AÇ-2020 1 447
"Nazarov və Eddi havayı gəlib bizim millidə oynayan deyillər" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq futbolçusu Aslan Kərimov Sportinfo.az-a müsahibə verib:

- Azərbaycan millisinin qrupdakı çıxışını necə dəyərləndirirsiniz? Millinin qrupda bir xal qazanmasına necə şərh vermək olar?
- Bu qrupda millimizin uğurlu çıxış edəcəyinə inanmırdım. Rəqiblərimizin hamısı Avropa və dünya çempionatlarında iştirak etmiş komandalar idi. Bu millilərin arasından uğurlu nəticə ilə çıxmaq, əvvəlki illərlə müqayisədə daha uğurlu çıxış etmək şansımız onsuz da yox idi. Xal toplamaq baxımından, çox az topladıq. Amma bu da gözlənilirdi.

- Uğursuz çıxışın əsas səbəbini nədə görürsünüz?
- Burada bir səbəb göstərmək düzgün olmazdı. Bir çox məsələlər var ki, hamısı bir-birilə əlaqədardır. Onlardan bir-ikisini deyə bilərəm. Daxili çempionatda rəqabətə dayanıqlı klublarımızın olmaması məsələsi var. Bir klub var, o da "Qarabağ"dır ki, çox irəli gedib. Bu cür rəqabətsiz çempionatda oyunçuların inkişafı alınmaz. Regionlarda klublarımızın olmaması da problemdir. Yeniyetmə futbolçular arasında rəqabətin az olması, klubların nəzdindəki akademiyaların yaxşı vəziyyətdə olmaması futbolçularımızın rəqiblərdən aşağı səviyyədə olmasına gətirib çıxarır. Bizim səviyyədə olan digər ölkələr bunu başqa cür kompensasiya edir. Məsələn, Gürcüstan çempionatı zəifdir. Amma futbolçuları xarici çempionatlarda iştirak edir, sonra da milliyə gəlirlər. Yəni gürcülər çempionatın zəif olmasını, xaricdə oynayan oyunçularla millidə kompensasiya edir. Onlar yığmaya gələndə ortabab milli komanda düzəldə bilirlər. Amma bizdə güclü çempionatda oynayan futbolçumuz da yoxdur. Ən yaxşı halda İspaniya Sequndası, Qazaxıstan çempionatı, ikinci Bundesliqada oynayırlar. İki-üç oyunçu ilə milli səviyyəsində nəsə əldə edə bilmərik.

- Nikola Yurçeviçin millinin baş məşqçi postunda qalıb-qalmayacağı hələ dəqiqləşməyib. Sizcə, Yurçeviç gedəcəyi təqdirdə işlər qaydasına düşəcək?
- Mən özüm də Yurçeviç qalıb-qalmayacağını bilmirəm. Nikola Yurçeviç gedəcəyi təqdirdə də heç nə dəyişiləsi deyil. Çünki milli komandanın baş məşqçisi futbolçuları başqa ölkəyə göndərib, orada oynatmır axı. Milli komandanın baş məşqçisinin işi oyunçuları milliyə dəvət edib, hansısa oyun üslubu ilə rəqibə qarşı hazırlamaqdır. Hər oyunda qol epizodları əldə edirdik. Yurçeviçin işində irəliləyiş görünürdü. Bir oyunçunun yerinə başqasını buraxsaydı, daha yaxşı nəticə almaq olardı ya yox? Bu, müzakirə olunacaq məsələlərdir. Oyun üslubu,futbolçuları oyuna kökləmək baxımından Nikola Yurçeviç əvvəlki məşqçilərdən pis deyil. Bəlkə də bəzilərindən daha yaxşı idi. Ümumi xal baxımından uğursuzluğa düçar olduq. Qrupun birincisindən xal aldıq, amma digələri bizi xalsız buraxdı.

- Xorvatiyalının millidəki işini necə dəyərləndirirsiniz?
- Xal baxımından Nikola Yurçeviçin işi uğursuz sayılmalıdır. Amma oyun baxımından millidə əvvəllər işləmiş məşqçilərdən pis deyildi. Mən yalnız texniki tərəfdən deyirəm. Xal baxımından isə, digərlərindən daha az xal topladı.

- Ramil Şeydayevin Eddi İsrafilov və Dmitri Nazarovla olan mübahisəsindən yəqin xəbərdarsınız. Sizcə, Eddi və Dmitri kimi oyunçular millidə ürəklə oynayır, yoxsa, yalnız pula görə gəlirlər?
- Kənardan baxanda, bəzən sezilirdi. Futbolçu bir epizodda çatdırmadı, bunu ürəklə edirdi, yoxsa yorğun idi, fikirləşə bilmədi, bunu ayırd etmək çətindir. Sözsüz ki, bunu komandanın daxilindəki uşaqlar daha yaxşı görə bilir. Ramil Şeydayevin etdikləri əslində təqdirəlayiqdir. Hər zaman komandada bu cür oyunçunun olması vacibdir. Dmitri Nazarov, Eddi İsrafilov havayı gəlib bizim millidə oynayası deyillər. Onlar hansısa maddiyyat qarşılığında gəlirlər. Bəlkə də onlar üçün pul daha önəmlidir. İnsan olaraq onları tanımıram. Sadəcə, Ramil Şeydayev belə halı hiss edibsə və bu cür reaksiya veribsə, yalnız təqdirəlayiqdir. Məsələyə digər tərəfdən baxanda, Eddi İsrafilov və Dmitri Nazarov kimi millimizdə oyunçular da yoxdur. Biz yalnız onlara möhtacıq. İşlərin bu cür olmasında günahkar biz özümüzük, yerli oyunçulardır. Yerli oyunçularımız daha yaxşı olsa, Eddi və Nazarov kimi oyunçulara ehtiyac qalmayacaq.

- Son dəfə yığmamızın bu cür uğursuz çıxışı 1996-cı ilin seçmə mərhələsinə təsadüf etmişdi. Amma həmkin vaxtki şəraitlə indiki arasında yerlə-göy qədər fərq var...
- Xal baxımından düzdür. Amma oynadığımız rəqiblərlə gücümüz eyni deyil. Uelslə əvvəllər oynamışıq, bərabərə qalmışıq, qalib gəlmək şansımız da olub. Amma o vaxtkı Uels millisi ilə indiki arasında böyük fərq var. Nə Qaret Beyl, nə Remsiləri var idi. Yalnız Rayan Giqqz diqqət çəkirdi. Digər oyunçuları o qədər də güclü deyildi. Slovakiya və Macarıstan da həmçinin. İndi bu iki komanda da güclüdür. Müqayisə etsək, indiki millinin səviyyəsi o vaxtkı millinin səviyyəsindən aşağı deyil. Özüm də o vaxtkı millinin üzvüyəm. Mən də demək istəyərdim ki, bizim dövrdə milli daha güclü idi. Əfsus ki, bunu deyə bilmirəm. İndiki millimiz taktiki baxımdan daha ağıllıdır. Bəlkə fərdi olaraq keçmişdəki oyunçulardan geri qalır. İndiki millinin xal toplamaq şansı daha yüksəkdir, nəinki əvvəlkinin.

- Avropanın 55 ölkəsi arasında seçmə mərhələnin yekununa əsasən 53-cü yerdəyik. Millimizin uğursuzluğundan sonra AFFA rəhbərliyi tənqid edilir. Sizcə, bu tənqidlər əsaslıdır?
- İndi AFFA-da çalışıram. Amma fikirləşməyin ki, bu qurumda çalışıram deyə belə danışıram. Sözsüz ki, uğursuz nəticə olduğu halda ilk növbədə uğursuzluğu futbol qurumundan soruşurlar. Mənə elə gəlir ki, bir tək federasiyanı günahlandırmaq düzgün deyil. Bütün akademiyaları, klubları da günahlandırmaq lazımdır. Çünki oyunçuları yetişdirən federasiya deyil, akademiyalardır. Regionlarda yerli təşkilatları silkələmək lazımdır. İcra Hakimiyyətləri futbola nə qədər dəstəkdir, futbolun inkişafında nə qədər yaxından iştirak ediblər? Bu sualları heç kim vermir. Hər kəs federsiyanı günahlandırır. Nəticələrimiz bu cürdürsə, həm futbol ictimaiyyətinin, həm futbolda çalışan texniki insanların, həm də idman jurnalistikasında işləyənlərin də günahı var. Ola bilər ki, tənqid olunmalı vaxtı tənqid etməyib arxaya çəkiliblər. Ümumilikdə futbolumuz bu gündədirsə, tək federsiyamızı yox digər instansiyaları da sorğu-sual etmək lazımdır. Rayonun özü, İcra hakimiyyəti futbol komandası yaratmağa cəhd etməlidir ki, AFFA da onlara dəstək olsun. Heç kim heç nə etmək istəmir, çəkilib kənara dururlar və deyirlər, federasiya burada komanda yaratmalıdır. Federasiyanın da günahı var. Amma yerli təşkilatlar da uğursuzluqda böyük pay sahibidirlər.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!