AVRO-2020-nin seçmə mərhələsinin 4 oyunu gələn ilin yayında Bakıda keçiriləcək. Azərbaycan millisinin nə yazıq ki, bu Avropa çempionatının final mərhələsinə düşmək şansı yoxdur.
Millimiz 1 xalla E qrupunda sonuncu yeri tutur və qalan oyunları ancaq reytinqinə təsir edə bilər. Yeri gəlmişkən, bu axşam komandamız Macarıstan millisi ilə qarşılaşır ki, ona uğurlar arzulayaq.
Ermənistan millisi isə oktyabrın 13-nə keçən gecə… Bakıya gəlmək üçün ciddi bir həmlə etdi. Futbolla maraqlananlar bilir ki, Ermənistan AVRO-2020-nin seçmə mərhələsində iştiraka çox həvəslidirlər.
J qrupunun lideri İtaliya bu gecə Yunanıstana Afinada 2:0 qalib gələrək AVRO- 2020-yə vəsiqəni təmin etdi. Qrupun autsayderi Lixtenşteynlə rəqib meydançada qarşılaşan Ermənistan (9 xalı vardı) oyunun 74-cü dəqiqəsinə kimi 1:0 hesabı ilə öndə idi. Bosniya və Hersoqovina öz meydanında 12 xalı olan Finlandiyanı 4:1 məğlub edərək xallarının sayını 10 çatdırmışdı. Ermənistan millisi qalib gələcəyi təqdirdə 12 xal toplayaraq Bosniyanı geridə qoyacaq, Finlandiyaya çatacaq və ikincilik uğrunda mübarizədə önəmli addım atmış olacaqdı. Lixtenşteynə xeyli erməni azarkeş də getmişdi. Bəlkə dronları da vardı ki, oyunun sonunda bayraqlarını keçirib havalandırsınlar.
…95 dəqiqə oyuna baxdıqca SSRİ dövrünün "Ararat"-"Neftçi" qarşılaşmalarını yada salmamaq olmazdı. Ermənilər "Neftçi" uduzanda, biz "Ararat" uduzanda sevinərdik. Amma nə vaxtsa, Lixtenşteynə belə azarkeşlik edəcəyimi ağlıma da gətirməzdim.
Ermənistan millisi xüsusi bir oyun üslubu ilə fərqlənməsə də, hesabı öz xeyirlərinə dəyişə bilmişdilər. İkinci hissədə ermənilər ikinci qolu da vura bilərdi. Amma əksinə oldu. Lixtenşteyn nəhayət, sona 15 dəqiqə qalmış ermənilərin qapısına yol tapdı. Son 15 dəqiqə uzun çəkdi, hakim 5 dəqiqə də əlavə etdi. Son saniyədə Lixtenşteyn ürəyimizi qopardı, az qaldılar öz qapılarına qol vursunlar. Hər şey yaxşı qurtardı. Ermənilər beli qırılmış halda meydanı tərk etdilər. Onların indən sonra ikinci yeri tutması üçün qalan 3 oyunda mütləq qələbə lazımdır. Amma heç-heçədən sonra bu da yetərli olmaya bilər.
Üstəlik, 2 oyunu rəqib meydandadır. Üç gün sonra Finlandiya ilə Helsinkidə oynayacaqlar. Bir dəfə də finlərə azarkeşlik edərik. Lixtenşteynin ermənilərlə nə problemi var bilmirəm, mənim bu cırtdan ölkəyə rəğbətim artdı. Matçın sonunda da məndən az sevinmirdilər. Ermənilər və azarkeşlər isə…dronları gözlərinə girmiş kimi göründülər. Ermənistan millisinin Bakıya gəlmək şansı xeyli azaldı. Gəlməkdən söz düşmüşkən, Mxitaryan oyuna gəlməmişdi. Zədəli imiş…
Banal əhvalat kimi görünə bilər, amma Ermənistan düşməndir və düşmənin uğursuzluğuna niyə də sevinməyəsən? Ermənilərin Avroliqada "Qarabağ"ın oyununda necə qarışıqlıq saldığını bütün dünya gördü. AVRO-2020 Bakıda da olacaq və 23 erməninin A qrupuna düşüb futbol bayramında yenidən qanqaraçılıq etməyəcəyinə zəmanət yoxdur.
Odur ki, irəli, Finlandiya, irəli Bosniya və Herseqovina!
Orxan ƏLİYEV

