"Xorvatlarla dovşan kimi oynadıq, Azərbaycana qarşı isə..."

12 Oktyabr 2019 16:20 AÇ-2020 767
"Xorvatlarla dovşan kimi oynadıq, Azərbaycana qarşı isə..."

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi yerli jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis suallar qarşısında çətin anlar yaşayıb. O, sabah Azərbaycanla keçirəcəkləri matça da toxunub.

- Splitdəki matçdan (0:3) sonra xorvat jurnalistlərdən biri sual verdi ki, deyəsən, macarlar oyuna gəlməyiblər. Ağır ifadədir?

- Onlar güclüdürlər və təəssüf ki, həmin jurnalist haqlıdır. Biz Splitə nəyə qadir olduğumuzu, heç kimdən çəkinmədiyimizi göstərməyə getmişdik. Amma rəqiblə müqayisədə dovşan kimi oynadıq. Sanki uduzmaq üçün əlimizdən gələni etdik, 4-5 qəribə səhvə yol verdik. Məşqçi karyeram ərzində belə zəif oyun xatırlamıram. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm.

- Bəlkə bu iş sizlik deyil?

- Düşünə bilərsiz ki, günahkar səhvi edəndir. Amma baş məşqçi kimi bir nömrəli günahkar mənəm. Məğlubiyyət problem deyil. Əsas problem necə uduzmağımızdır. Burada neçə top fərqilə məğlub olmağın önəmi yoxdur. Hər şey artıq keçmişdə qaldı. Xorvatiyadan səfərdə 3 top buraxmağımızı faciə sayırsız. Slovakiya ötən ay evdə bu komandaya 0:4 uduzmuşdu. Bəlkə elə deyil? Nə demək istədiyimi başa düşürsüz?

- Bəlkə oyunçularınız Splitdəki atmosferdən qorxduqları üçün belə alındı?

- Gəlin, belə danışaq. Futbola başlayan hər kəs bu cür atmosferdə oynamaq istəyir. Ona görə də stadiondakı ab-havanın futbolçuları çaşdırdığını deməyin. Xorvat azarkeşlər ilk dəqiqələrdən mahnı oxuyurdu. Azarkeş sadəcə, azarkeşdir. Onlar meydanda futbol oynamır. Komandamızda on minlərlə tərəfdarın qarşısında oynayan futbolçular var.

- Bu məğlubiyyətin səbəbi araşdırılacaqmı?

- Əgər sizə maraqladırsa, mən günahkar axtarmıram. Hələ heç nə itirilməyib. Oyunu komanda olaraq uduzmuşuq. Bir gəmiyə minmişik, kapitan da mənəm. Məğlubiyyətə görə hamımız məsuliyyət daşıyırıq.

- Ancaq gəmi hələ batmayıb. Slovakiya - Uels matçının (1:1) nəticəsi bizim də xeyirimizə oldu...

- Əlbəttə, bizim üçün pis nəticə deyil. Çünki qrupdan çıxmaq ümidlərimiz hələ sağdır. Ancaq bu, Splitdəki məğlubiyyətə haqq qazandırmır. Azərbaycanla matçda 3 xal qazanmalıyıq. Uğursuzluq olsa, daha nəyisə xəyal etmək lazım deyil.

- 4 gün öncə demişdiz ki, Azərbaycanla oyun daha çətin olacaq...

- İndi də fikrimdə qalıram. Xüsusilə Splitdə baş verənlər fonunda deyə bilərəm ki, Azərbaycan üzərində qələbə fərqli yanaşma tələb edir.

- Kimdən?

- Hamımızdan. Ən yaxşısı biz başqalarının deyil, öz işimizlə məşğul olaq. Artıq Xorvatiya ilə oyunu geri qaytara bilmərik. 3-cü dərəcəli səhvlər buraxdıq. Son 30 dəqiqədə vaxtın tez bitməyini gözləyirdim. Əlbəttə, bunun mümkünsüz olduğunu bilirdim. Yəqin ki, bu, hansı vəziyyətdə olduğumdan xəbər verir.

- Xal itirsəz, ciddi problemləriniz olacaq...

- Mənə görə narahat olmayın. Hər gün yeni ümidlərlə başlayır. Sabah axşam yeganə hədəfimiz istənilən hesablı qələbə olacaq. Meydanda qələbə arzulayan futbolçular görmək istəyirəm. Dediyim kimi, 3 xal götürmək istəyirik. Bunu edə bilsək, Uelslə görüş haqda düşünə bilərik.

- Azərbaycan yığması ilə oyundan əvvəl əsas diqqət zehni hazırlığa yönəldiləcək?

- Bəli, kritik vəziyyətlərdə beyində demək olar ki, hər şey həll olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti