Yorulmuş atları dəyişmək zamanı: Belə futbol bizə lazım deyil

13 Dekabr 2019 16:29 Avropa Liqası 1 183
Yorulmuş atları dəyişmək zamanı:  Belə futbol bizə lazım deyil

Atların yüyəni əldən gedib, neçə vaxtdır. Daha doğrusu, əldən buraxılıb. Düzdür, yorulmuş atları gülləyirlər deyirlər. Amma bu çox böyük qəddarlıq olardı. Yorulmuş atları, yol ayrıcında dəyişmək zamanıdır. Və o zaman çoxdan yetişmişdi, çoxdan.

Hə, dünənki, Avroliqanın qrup mərhələsində səfərdə darmadağın edilən zavalı “Düdelanj”la oyunun heç bir əhəmiyyəti yox idi “Qarabağ” üçün. Düzdür, “Qarabağ”ın hocası, çox hörmətli Qurban müəllim deyir ki, bu oyunda 3-cü yeri qorumaq haqda düşünürmüş. Bu yerdə, rəhmətlik Böyükağa Hacıyevin bir məsəli düşür adamın yadına. Təxminən belə demişdi ustad: “Mənim üçün gümüşlə bürüncün heç bir fərqi yoxdur. Əsas olan qızıldır”. Elə buna görə də, üçüncü yeri qorumağın hansı məntiqi vardı, bax, bunu anlamaq çətindir, çətin.

Amma burada bir məqama da diqqət yetirmək gərəkir. Qurbanov və komandası ən azı bilirsinizmi niyə qələbəyə oynamalıydı? Çünki qələbə 570 min avro bonus vəd edirdi. Axı baş məşqçinin özünün də dediyi kimi səviyyəli legionerlərə ehtiyac var. Yaxşı legioner isə, pul tələb edir. Və dünən qazanılacaq 570 min avro, təxminən 1 milyon manat heç kimin cibini deşməyəcəkdi.

Amma insafən “Qarabağ” komandaya keyfiyyətli legionerlər cəlb etməkdə “Bakı çempionatı”nın digər 7 klubu arasında fərqlənib həmişə. Amma daha Qeye kimisini yox da. Düzdür, ofsayddan da olsa dünən komandaya 190 min avro qazandıra bildi. Deyəcəksiz, nə ofsayd?. Hə, Qeye təmiz ofsaydda idi. Bunu görmək üçün nəinki Kollina, heç Səbuhi Bayramov olmağa da ehtiyac yoxdur. Futboldan, futbolun adi qaydalarından azca başı çıxan şahiddir ki, Qeye bir addım öndəydi.

Bu yerdə Qurban hocanın çempionatımızda etdiyi bəzi jestlər yadıma düşür. Səhv etmirəmsə, iki dəfə - hansı komandayla oyunun əhəmiyyəti yoxdur – “Qarabağ”ın lehinə verilmiş penaltinin düzgün olmadığını deyərək futbolçusundan topu kənara vurmağı tələb etmişdi. Düzdür, dünən bir qədər fərqli situasiya idi. Amma... Amma dünən Qurban Qurbanovun yerinə mən olsaydım, Qeyenin ofsayddan vurulan topun hesaba alınmasına görə, hakimə etiraz edərdim. O məğlubiyyət, dünənki heç-heçədən daha çox şərəfli olardı.

“Qarabağ bu il çox şanslı qrupa düşmüşdü. Bunu elə həm baş məşqçi, həm də kapitan etiraf edib. Və nə maraqlısı bilirsinizmi nədir? Onların hər ikisinin təkrar etdiyi bir fikir var; APOEl-lə oyunda 3-4 100 faizlik qol imkanımız oldu, bunu dəyərləndirə bilmədik. Əvvəla bu 100 faiz məsələsinə qayıdaq. Əgər qol faizi yüzdürsə.. bu elə qol deməkdir. İkincisi, “olsaydı”, “vursaydıq”, “mərhələ keçəcəkdik” kimi sözlər təskinlikdən başqa bir şey deyil. Məsələ ondadır ki, vura bilmədiz, qol olmadı və bəlkə də Allahın və kor püşkün bəxş etdiyi ən asan qrupdan növbəti mərhələyə adlaya bilmədiniz. Klub yenə də yaza çıxa bilmədi. Niyəsini axtarmağa isə kifayət qədər vaxtınız var. Onsuz da çempionatda gün keçirirsiz.

Üçüncüsü, “Sevilya”nı başa düşdük. Avropanın top komandalarından biridir. UEFA-nın reytinqində 10-cu yeri tutur. UEFA kubokunun və Avroliqanın 5 qat qalibidir. Necə deyərlər, bu turnir “Sevilya”nın boyuna biçilib. Amma APOEL-ə nə deyirsən? Bu klubla 4 dəfə qarşılaşmısan və hələ də oyun sistemini düz-əməlli təhlil edə bilmirsənsə, bu, elə həmin o yararsız Qeyenin də günahı deyil. Geye neyləsin, o rəqibi təhlil edə bilməyənlərin qurbanıdır.
“Düdelanj”ının baş məşqçisi Bertran Krasson isə “Qarabağ”ı tam əzbərləmişdi. Bir saat əvvəl oyuna çıxacaq heyəti belə qısa zamanda analiz etmişdi. Hətta nəyə görəsə start heyətində yer alan və Dağıstanda bir kimsəyə lazım olmayıb illərdi “Azərsun”dan onminlərlə para qazanan naməlum Şahruddini belə.

O Krasson ki oyunçularına Qurbanovdan fərqli olaraq birbaşa göstəriş verə bilmirdi. Oyunu tribunadan izləyirdi. Köməkçisiylə telefonla əlaqə saxlayırdı. Və sonda təəssüfləndi də. Sitat: “Rəqibin hesabı bərabərləşdirməsi bizi məyus etdi”.

Bizi məyus edən isə “Düdelanj”la heç-heçə deyil. Bu, bir oyundur. Adı da əlahəzrət FUTBOL. Bizi məyus edən “Qarabağ”ın adını futbol qoyub oynadığı oyundur. Hə, necə deyirdi əfsanəvi Nikolay Ozerov? “Takoy xokkey, nam ne nujen”. Xokkeyi futbol oxuya biləsiniz.
Səbuhi Sədəf

Digər Xəbərlər
Xəbər Lenti