“Xan”ı görən fransız qadınları ona valeh olub və...”

30 Oktyabr 21:40 Atçılıq 290
“Xan”ı görən fransız qadınları ona valeh olub və...”

Qarabağımız təkcə mədəniyyəti, incəsənəti və təbiəti ilə deyil, atları ilə də dünyaya səs salıb.

Qəhrəmanlıq rəmzi olan Qarabağ atları cinsi bu gün də yetişdirilir.

At məğrurluq, dözümlülük və əzəmət rəmzidir. Dünyada tanınan 260 at növündən fərqlənən Qarabağ atları həm soyuq, həm də isti iqlimə tez uyğunlaşır, sürətinə görə xüsusi seçilir.

Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər yalı və quyruğunun tünd-şabalıdı rəngdə olması, özünün isə parıldayan narıncı rəngə çalmasıdır.

Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Bu atlar nəsli tükənmək təhlükəsi ilə üzləşsə də, 1948-ci ildə Ağdamda yaradılan “Qarabağ atçılıq zavodu” sayəsində yenidən artmağa başladılar.

Sportinfo.az xəbər verir ki, zavodun məşqçisi Natiq Orucov moderator.az-a açıqlama verərək Qarabağ atlarının fərqli xüsusiyyətlərindən danışıb. Torpaqlarımız uğrunda haqq savaşı getdiyi bir zamanda təbii ki, onun da bir arzusu var:

“ Mən1983 cü ildən Ağdam atçılıq zavodunda məşqçi işləyirəm. Həm də ki, jokey kimi fəaliyyət göstərmişəm. 1993-cü ildə Ağdam işğal olunandan sonra Ağdam atçılıq təsərrüfatı Ləmbərən qışlağı deyilən yerə köçürülüb. Hal hazırda bizim orada 300 başa yaxın Qarabağ atı bəslənilir. Qarabağ atlarının başqa cins atlardan fərqlənməyi əsas onun gözəlliyindədir. Qarabağ atları xarici görkəminə görə nazik ayaqlı, əzələli olur. Gün- o gün olsun ki, torpaqlarımızın hamısı işğaldan azad olsun, Qarabağ atlarının belində Azərbaycan bayrağını o ərazilərdə dalğalandıraq” deyə məşqçi bildirib.

Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və yüksək yerlər tutublar. Xan qızı Natəvana məxsus “Əlyetməz” adlı at 1867-ci ildə Ümumrusiya at sərgisində, “Xan” ləqəbli at isə həmin il Fransada keçirilən sərgidə mükafat alıblar. “Xan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və saçlarını kürən rəngində boyamağa başlamışlar. Gözəl görünüşü ilə həmişə seçilən Qarabağ atlarını görüb, ona vurulmamaq mümkün deyil. Çapar Rəşad isə saytımıza açıqlamasında bildirib ki, atları sevməyi, onlara qulluq etməyi atasından öyrənib:

“ Mənim atam da atlarla məşğul olub. Mən də gözümü açandan Ağdamda Qarabağ atlarını görmüşəm. Bu atlarla çox yarışlara çıxmışıq və qalib olmuşuq. Yarışdan əvvəl gəlirəm atımın yanına, təmizləyirəm, tumarlayıram onu, onun yanında oluram, onunla söhbət edirəm. Hətta ona yarışdan qabaq alma və kök yedizdiririk. Amma yarış günü heç nə yedizdirmirik. Su da vermirik ki, biraz yüngül olsun. Qarabağ atını ram etmək üçün ən azı bir ay vaxt lazımdır ki, onu tam əhəlləşdirəsən” deyə çapar bildirib.

Ağdamın “Qarabağ” futbol klubunun loqosunda da təsvir olunub Qarabağ atları. Bizim olan, dünyaya səs salan Qarabag atları! Qarabağ atlarını Cıdır düzündə çapmaq ümidilə!

Xəbər Lenti