Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov “Bakı Marafonu 2017”də iştirak edəcək. Sportinfo.az-ın layihənin rəsmi “Facebook” səhifəsinə istiandən verdiyi məlumata görə, millət vəkili marafona fəxri iştirakçı kimi qatılacaq.
Daha əvvəl yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, cüdo üzrə olimpiya mükafatçısı Rüstəm Orucov, teleaparıcı Nuran Hacı, “Bu şəhərdə”nin üzvləri – Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal və müğənni Gülay Zeynallı “Bakı Marafonu 2017”də iştirak edəcəklərini təsdiqləyiblər.
Aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

