“Bakıda azarkeşlərin dəstəyi əladı. Sıralama turunda əlimizdən gələni etdik”.
Sportinfo.az xəbər verir ki, “Report”un məlumatına görə, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turundan sonra təşkil edilən mətbuat konfransında “Mercedes”in pilotu Lüis Hemilton deyib.
Sıralama turunda yalnız “Ferrari”nin sürücüsü Sebastyan Fetteldən geri qalan britaniyalı sürücü rəqibi haqda xoş sözlər söyləyib:
“On beşinci döngəyədək üstünlük dəfələrlə məndə idi. Sonuncu hissədə bir az geri qaldım. Buna baxmayaraq, Sebastyana afərin. Onunla bizi qızğın yarış gözləyir. Fettel əla nəticə göstərdi. Təbrik edirəm.
Son bir neçə yarışdır ki, üstünlük “Ferrari” komandasındadır. Bu gün də yüksək sürət göstərəcəklərini bilirdik. “Red Bull” komandasından da əla performans gözlənilirdi, ancaq onlarda nədənsə alınmadı. Aprelin 27-də bir az çətinlik çəkdik, mühəndislər bolidi əla vəziyyətə gətirmək üçün bütün gecə səfərbər oldular.
Böyük zəhmətə görə onlara da təşəkkür edirəm. Üstündə işləməli olduğumuz bir neçə məsələ var. “Ferrari” ilə eyni tempdə yarışmaq müsbət haldır. Hər iki pilotun bu mübarizədə iştirakı komandamız üçün yaxşı motivasiyadır. Hal-hazırda bir nömrəli rəqibimiz onlardır . Yarış üçün həyəcanlıyam. Mübarizə gərgin olacaq. Əlimizdən gələni edəcəyik”.
Hemilton Bakıdakı küləkli hava şəraitinə də toxunub. O, həmçinin Bakıdakı yarışda qəzaların çoxluğuna və sürpriz nəticələrin qeydə alınmasına diqqət çəkib:
“Bu yarış əyləncəli də ola bilər, çətin də. Burada keçirilmiş “Formula 2” yarışına nəzər salsanız görəcəksiz ki, ötənilki yarışdakı qədər təhlükəsizlik maşını trekə daxil olub.
Bizi nə gözlədiyinə dair həqiqətən də hər hansı bir fikrim yoxdur. Lakin hesab edirəm ki, bu yarış əyləncəli olacaq və biz birlikdə onlarla mübarizə aparacağıq”.

