Azərbaycan bundan imtina etsə, 100 milyon avro "tərləyəcək" - REPORTAJ və FOTOLAR

28 Mart 2018 09:12 Atçılıq 900
Azərbaycan bundan imtina etsə, 100 milyon avro "tərləyəcək" - REPORTAJ və FOTOLAR

Bakı növbəti Formula -1 yarışlarına ev sahibliyi etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, artıq yarışmanın başlayacağı tarixə 1 ay vaxt qalıb. Belə ki, aprelin 27-29-da keçirilməsi planlaşdırılan Formula-1 Azərbaycan Qran-Prisi ard-arda olmaqla Bakıda üçüncü dəfə keçiriləcək.

Bakı Şəhər Halqası yarışa tam gücü ilə hazırlaşır. Hər il olduğu kimi bu il də Bakı şəhərində keçiriləcək yarışı izləmək və işıqlandırmaq üçün həm yerli, həm xarici media nümayəndələri qeydiyyatdan keçiblər. Jurnalistlərin qeydiyyat prosesi isə fevralın 5-də yekunlaşıb.

Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə Formula 1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən kurasiya olunur.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai akkreditasiya prosesi ilə bağlı bildirib ki, ümumilikdə 120-dən çox yerli media nümayəndəsinin – jurnalist, müxbir, fotoqraf və televiziya operatorlarının BŞH-nin Mətbuat Ofisinə akkreditasiya üçün müraciəti daxil olub.

Bu müraciətlər BŞH Mətbuat Ofisi tərəfindən müvafiq olaraq jurnalist və fotoqraflar üçün Beynəlxalq Avtomobil Federasiyasına (FIA), televiziya operatorları və müxbirlər üçün isə Formula 1 Şirkətlər Qrupuna yönləndirilib.

Bildirilib ki, müraciətlərlə bağlı ilkin cavablar Azərbaycan Qran-Prisindən əvvəl təşkil ediləcək Çin Qran-Prisi başa çatdıqdan sonra FIA tərəfindən BŞH Mətbuat Ofisinə təqdim olunacaq. Aprelin 25-dən etibarən isə yekun cavab əsasında akkreditasiyadan uğurla keçmiş jurnalistlər Media Akkreditasiya Mərkəzinə yaxınlaşıb akkreditasiya kartını ala biləcəklər.

Verilən rəsmi məlumatlara görə, yarış bu il aprel ayında keçiriləcəyi üçün əyləncə proqramında dəyişiklik nəzərdə tutulub. Belə ki, havanın temperaturu nəzərə alınaraq konsert proqramları qapalı ərazidə keçiriləcək.

Bundan başqa Formula-1 rəhbərliyi yeni mövsümdən yarışlardan əvvəl startda keçirilən tədbirlərin də formatını dəyişib. Bundan sonra yarışda starta qızlar deyil, uşaqlar çıxacaq.

“Yeni Müsavat”ın əməkdaşı olaraq Formula-1 yarışının keçirildiyi Bakı küçələrində olub, hazırlıq prosesi ilə də maraqlandıq. Müşahidə etdik ki, yarışmanın keçirildiyi küçələrdə artıq təhlükəsizliklə bağlı beton sədləri demək olar ki, tamamilə quraşdırılıb.

Öyrəndik ki, mart ayında trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işləri də görülüb. Bundan başqa yarışı izləmək üçün nəzərdə tutulan tribunalar da artıq quraşdırılıb.

Hazırda "Neftçilər" prospektində oturacaqların quraşdırıldığının şahidi olduq. Trek boyunca qızğın iş gedib, lazımı tədbirlər görülür. Eyni zamanda Bulvar ərazisində də məhdudlaşdırıcı sədlər çəkilib. Yarışma ilə bağlı Bakı küçələrində müxtəlif lövhələr, nişanlar da vurulub. Bundan əlavə yarış əsnasında piyadaların yolu keçə bilmələri üçün yerüstü piyada keçidləri də hazır vəziyyətə gətirilib.

Öyrəndik ki, trekin bəzi hissələrində təmir işləri aparılan zaman avtomobillərin həmin ərazilərdə hərəkəti qısa müddətlik məhdudlaşdırılıb. Lakin hazırda trek boyunca avtomobillərin hərəkətinə maneə yaradılmayıb.

Hazırlıq işləri ilə bağlı martın əvvəlində jurnalistlərə açıqlamasında gənclər və turizm naziri Azad Rəhimov bildirmişdi ki, Qran-Priyə hazırlıq işlərinin ötən illə müqayisədə bu il əyləncə proqramında bir çox yeniliklər olacaq:

"Əvvəl dünyanın tanınmış müğənniləri Dənizkənarı Milli Park ərazisində çıxış edirdilər. Amma bu il Azərbaycan Qran-Prisi daha tez - aprelin 27-29-da keçiriləcəyindən hava şəraiti nəzərə alınaraq, əyləncə proqramı “Baku Crystal Hall”da təşkil ediləcək”.

Azərbaycan müqaviləyə uyğun olaraq bu yarışmadan 5 il imtina edə bilməz. Artıq bu 5 ilin 2 ili geridə qalıb. Əgər imtina olunarsa bunun müqabilində 100 milyona yaxın cərimə ödənilməlidi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti