Aprelin 27-dən 29-dək Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si üçün Filarmoniya tribunasına olan biletlər tam satılıb.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ilkin mərhələdə yarışa xaricdən daha böyük marağın olduğunu bildirib:
“Bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr siyahısının ilk “3-lüy”ündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. Xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75 faizini təşkil edir.
İndiyədək ən çox maraq tribunalara olan 4 günlük biletlərə göstərilib. Digər tərəfdən, yarış həftəsonunda konsert proqramı ilə çıxış edəcək dünya ulduzlarının adlarının açıqlandığı ərəfələrdə satışlarda yüksək artımlar müşahidə olunmaqdadı.
Biz ötən həftə “Jamiroquay” müsiqi qrupunun aprelin 27-də “Kristal Zal”da konsert verəcəyini elan etdik. Başqa ulduzların adlarını isə növbəti həftələrdə açıqlayacağıq”.
Hazırda xaricilərlə müqayisədə yerli vətəndaşlara biletlər 25 faiz ucuz qiymətə təklif olunur. Bu endirim yarışadək davam edəcək.
BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə “Formula-1”lə müqavilə müddətinin uzadılıb-uzadılmayacağı ilə bağlı danışarkən bunları deyib: "Hər iki tərəf əməkdaşlığın davam etdirilməsində maraqldı.
Sadəcə, "Formula-1"in əvvəlki və hazırkı rəhbərliyinin iş formatlarında fərqlər var. Biz hazırda sabiq rəhbərliklə imzalanan müqaviləyə əsasən əməkdaşlıq edirik. Məsələn, sponsorluq və gəlirləri qeyd edərdim.
Məqsədimiz daha yaxşı şərtlərlə daha çox qazanc əldə etməkdi. Bu proses təkcə bizimlə bağlı deyil. "Formua-1"in rəhbərliyi dəyişdiyi üçün başqa ölkələr də şərtlərə yenidən baxırlar".
Hazırki müqaviləyə əsasən gələn il Bakıda sonuncu “Qran-pri” keçiriləcək. Növbəti illər üçün isə yeni anlaşma imzalanmalıdı.
Bu arada indiyədək Bakıda keçirilmiş "Formula-1" yarışları Azərbaycan iqtisadiyyatına 277,3 milyon dollar gəlir gətirib. Bu haqda PWC audit şirkətinin apardığı müstəqil araşdırma nəticəsində hazırlanmış hesabatda bildirilir.
Hesabatda yekun məbləğ yarışlar ərəfəsində "Formula-1" ilə bağlı Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.
Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və başqa sektorlarda qeydə alınmış gəlirlər daxildi.
Ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bunun da 22,7 milyon dolları əsas yeri tutan turizm sektorunun payına düşür. 113,1 milyon dollarlıq dolayı gəlirlər arasında isə ən çox - 14,9 milyon dollar vəsaitlə yenə turizm sektoru birincidi.

