Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2018” veloturunun keçirilmə vaxtı müəyyənləşib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, gələn ili mayın 9-da start götürəcək yarışda planetin ən güclü şosse velosiped komandaları yenidən Azərbaycanda mübarizə aparacaqlar.
Beşgünlük yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına da daxil edilib.
“Tour d’Azerbaidjan-2018” şosse velosipedi üzrə gələn ilin mayında ölkədə təşkil olunacaq yeganə yarış olmayacaq. Bu veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də birgünlük “Bakı-Xızı Eko” turunda da yarışacaqlar. B
eynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer alır.
Şosse velosipedi üzrə gələn ilin mayında keçiriləcək bu 2 yarışdan əlavə, iyunun 5 - 9-da Bakıda velosiped idmanının BMX növü üzrə (olimpiya idman növü) dünya çempionatı da təşkil olunacaq.

