Hazırda Azərbaycan futbolunda avrokuboklara vəsiqə uğrunda mübarizə diqqət mərkəzindədir.
Xüsusilə, “Neftçi”nin dünən təxirə salınan oyunda “Qarabağ”ı məğlub edərək (2:1), turnir cədvəlində “Zirə”ni keçməsindən sonra bu iki komandadan hansının avrokuboklara yollanacağı müzakirə mövzusuna çevrilib.
“Zirə”nin ölkə kubokunun finalında “Sabah”la qarşılaşması və Premyer Liqadakı qarşıdakı turlar bütün suallara aydınlıq gətirəcək.
Komanda.az-ın əməkdaşı “avrokuboklarda “Zirə”ni, yoxsa “Neftçi”ni görmək istərdiz” sualı ilə Sportinfo.az-ın təsisçisi İlkin Vaqifoğluna müraciət edib:
”Açığı, mən hər iki komandanı avrokuboklarda görmək istərdim. Çünki həm “Zirə”, həm də “Neftçi” buna layiqdir.
Düşünürəm ki, bu komandalar avrokuboklara vəsiqə qazansalar, heç kim buna təəccüblənməz. Sadəcə, sual ondadır ki, “Zirə” buna kubok yolu ilə nail olacaq, yoxsa, Premyer Liqa vasitəsilə?
Mövsümün son həftələri bu məsələyə aydınlıq gətirəcək. Mən tərəf tutmaq istəməzdim, çünki hər iki klubun Azərbaycan futbolunda öz yeri var.
“Zirə” mövsüm ərzində məhdud heyətlə və müəyyən çətinliklərə baxmayaraq, ciddi iş görüb, bəzi oyunlarda xal itirsə də, ümumi performansı qənaətbəxşdir.
“Neftçi” isə çətinliklərlə üzləşsə də, mübarizəni davam etdirib. Komanda göstərdiyi əzmkarlıq sayəsində yarışda qalmağı bacarıb və bu da həm məşqçi heyətinin, həm də rəhbərliyin əməyinin nəticəsidir.
Ona görə də demək çətindir ki, hansının qalması, hansının getməsi daha doğru olar. Məncə, hər iki komanda avrokuboklara vəsiqəyə layiqdir”.

