Dünyanı cənginə alan enerji böhranı və geosiyasi gərginliklər fonunda Azərbaycan əhalisini bir sual düşündürür: İşıq, qaz və suyun qiyməti qalxacaq?
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov oxu24.com-a açıqlamasında bildirib ki, qlobal bazarlarda neftin qiymətinin artması və inflyasiya dalğası bir çox ölkədə tariflərin kəskin yüksəlməsinə səbəb olub.
Azərbaycanda isə kommunal xidmətlər dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısına daxildir və Tarif Şurası tərəfindən müəyyən edilir.
Bəs yaxın gələcəkdə bizi nə gözləyir?Yanacaq bahalaşsa, nə olacaq?
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, ölkə daxilindəki kommunal tariflər birbaşa dünya bazarlarındakı proseslərlə bağlı olmasa da, müəyyən "zəncirvari reaksiya" qaçılmazdır:
"Dünyada neftin qiyməti qalxır, bu da enerji daşıyıcılarının dəyərini artırır. Əgər yanacaq məhsullarının qiyməti qalxarsa, bu, ardıcıl olaraq işığın, qazın və suyun da xərclərinə təsir göstərə bilər”.
Ekspert vurğulayıb ki, Azərbaycan hökuməti adətən hər 4-5 illik fasilələrlə kommunal xidmətlərin tariflərinə yenidən baxır. Ötən dövrün reallıqları göstərir ki, bu artımlar cüzi və ehtiyatlı olsa da, mütəmadi xarakter daşıyır.

