COP29

VACİB XƏBƏR - Gələnilki artımlar kimləri əhatə edəcək?

29 Noyabr 08:20 Araşdırma 564
VACİB XƏBƏR - Gələnilki artımlar kimləri əhatə edəcək?

Noyabrın 18-dən Milli Məclisdə 2025-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

Müzakirəyə çıxarılan sənədlərdən, həmçinin Hesablama Palatasının müvafiq layihələrlə bağlı rəylərindən gələn il üçün nəzərdə tutulmuş sosial paketin miqyası məlum olur.

Əvvəlcə ondan başlayaq ki, növbəti ildə minimum əməkhaqqı və pensiyanın, sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin artırılması nəzərdə tutulub.

Bu məqsədlə 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərclərinin 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz artırılaraq 16 milyard 909,7 milyon manata çatdırılması proqnozlaşdırılıb.

Bununla belə, qeyd edilən istiqamətlərdə artımın nə qədər olacağı məlum deyil. Belə ki, müvafiq artımlar ölkə başçısının sərəncamları əsasında reallaşdırılır. Yalnız Hesablama Palatasının 2025-ci ilin dövlət büdcəsinə rəyindən məlum olur ki, gələn il minimum əməkhaqqı 400 manata çatdırılacaq.

Bu, ilk növbədə Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanların tutduqları vəzifənin dərəcəsindən asılı olaraq maaşlarının 16 faizə qədər artacağı deməkdir. Digər tərəfdən minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu da 2025-ci ildən etibarən dövlət və ya özəl sektorda işləməsindən asılı olmayaraq heç kəsin 400 manatdan az maaş almayacağı mənasını verir. Bu amil, həmçinin özəl sektorda əməkhaqlarının artırılmasının “hərəkətverici qüvvəsi” ola bilər.

Ümumilikdə isə 2025-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının əvvəlki illə müqayisədə 9,1 faiz artaraq 1080,1 manata çatacağı proqnozlaşdırılır. Bu da növbəti ildə gözlənilən maaş artımına aydınlıq gətirmiş olur.

Əməkhaqlarından bəhs etdikdə, həmçinin qeyd olunmalıdır ki, 2024-cü ilin yanvar-sentyabr ayı ölkə üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. İlin sonuna doğru bu göstəricidə dəyişiklik olmadığı təqdirdə 2025-ci ilin əvvəlində bütün əmək pensiyalarının bu səviyyədə artacağı gözlənilir.

Minimum pensiyalara gəldikdə, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacağı bildirilir. Bu nisbətə əsaslansaq, 2025-ci ildə minimum pensiya məbləği maksimum 320 manat olmalıdır.

Eyni zamanda, ehtiyac meyarının həddinin 2024-cü illə müqayisədə 2025-ci ildə 15 manat artırılaraq 285 manata yüksəldilməsi nəzərdə tutulub.

Ehtiyac meyarı ünvanlı sosial yardımın təyin edilməsində tətbiq olunan göstəricidir. Bu da ona gətirib çıxaracaq ki, cari illə müqayisədə gəliri artmayan ailələrə edilən ünvanlı sosial yardımların məbləği artacaq. Məsələn, aylıq gəliri 800 manat olan ailə üçün nəzərdə tutulan ünvanlı sosial yardımın məbləği 2024-cü ildə 280 manat olduğu halda, 2025-ci ildə bu göstərici 340 manat təşkil edəcək (qafqazinfo).

Digər Xəbərlər
Xəbər Lenti