COP29

1 ildə 5 baş məşqçi dəyişmək olar? - Bütün detallar burada

23 İyun 23:45 Araşdırma 1 746
1 ildə 5 baş məşqçi dəyişmək olar? - Bütün detallar burada

Avropa Liqasında mübarizəyə qoşulacaq “Zirə”nin rəqibi Moldova təmsilçisi olacaq.

“Qartallar” ikinsi təsnifat mərhələsinə yüksəlmək yolunda “Şerif”lə münasibətlərinə aydınlıq gətirəcək.

Püşk atılan gündən azarkeşlər daş atıb başlarını tuturlar ki, bəs, mümkün rəqiblər arasında ən çətini “Şerif” idi, o da bəxtimizə düşdü.

Elə bu məqsədlə Moldova çempionatının son gümüş mükafatçısının hazırkı durumuna nəzər yetirəcəyik.

Çempionluq raundunda büdrəyib

Tiraspol təmsilçisi başa çatan mövsümün əsas mərhələsində həmişə kimi əlçatmaz olub. Keçirdiyi 14 oyunun 11-ni qələbə ilə başa vurub, 1-də heç-heçə edib və yalnız 2 halda məğlubiyyət acısı yaşayıb.

Rəqib qapılarından 35 top keçirdiyi halda öz qapısında 7 qol görüb. Əsas rəqibi “Petrokub”u 6 xal qabaqlamağı bacarıb.

İş 6 komandanın mübarizə apardığı 10 oyundan ibarət çempionluq raunduna gələndə, “Şerif” büdrəyib. 10 matçın 5-də qalib gəlib, 3-də bərabərə qalıb, 2-də uduzub. Nəticədə topladığı 18 xalla qızıl mükafatçı “Petrokub”dan 6 xal geri düşüb.

Bir mövsümdə beş məşqçi

Ötən yay komandanı mövsümə “Neftçi”dən tanıdığımız Roberto Bordin hazırlayıb. İtaliyalı mütəxəssis 9 aylıq fəaliyyətini 2023-ün oktyabrın 6-da başa vuraraq Tiraspoldan ayrılıb. Onu Viktor Mixailov əvəzləyib ki, müvəqqəti çalışdırıcı burada 4 gün qalıb. Oktyabrın 11-də Rusiya və Ukrayna vətəndaşlığını daşıyan Roman Filipçuk görəvə gətirilib. 14 oyun “sükan” arxasında olan mütəxəssis martın 19-da yola salınıb və onu yenə Viktor Mixailov əvəzləyib. “Yanğınsöndürən” statuslu məşqçiyə 9 oyunluq şans verilib. Mayın 7-də ukraynalı Yuri Qura “Şerif”in ad olaraq dördüncü, sayca beşinci məşqçisi təyin olunub. Hazırda komandada əsas söz sahibi məhz Quradır.

22 legioner, əsas simanın itkisi

Komandanın yarısından çoxu legionerlərdir. Əvvəlki illərdə əsas heyətdə Moldova seçməsinin bir neçə üzvünün adına rast gəlirdiksə, indi onların yerini əcnəbilər tutub.

Komanda ötən mövsüm nə az, nə çox, 22 legionerin xidmətindən yararlanıb. “Şerif”in ən təhlükəli və məhsuldar futbolçusu Amine Talal mövsümün gedişində Rusiya “Axmat”ına üz tutub.

Hazırda komandanın ən təhlükəli simaları Burkino Faso millisinin üzvü Sedrik Badolo, 34 yaşlı braziliyalı Rikardinyo, sabiq “Kocaelispor”lu Raşid Akanbi hesab olunur.

ÇL-lə start, AL-in qrupunda sonuncu

Yeri gəlmişkən, “Zirə”nin rəqibi ötən avrokubok mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

Mübarizəyə Çempionlar Liqasından başlayan moldovanlar “Farul”u mübarizədən kənarlaşdırsa da, ikinci mərhələdə “Makkabi Hayfa” yolunu kəsib.

Mübarizəyə Avropa Liqasının üçüncü mərhələsində davam edən “Şerif” burada BATE-yə şans verməyib. Pley-offda isə Kİ-ni çətinliklə məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb.

“Slaviya Praqa”, “Roma” və “Servett” kimi rəqiblərlə eyni qrupda mübarizə aparan Tiraspol təmsilçisi 5 oyunu məğlub başa vurub, yalnız “Servett”lə evdə bərabərə qalmaqla qrupu 1 xalla sonuncu pillədə başa vurub.

“Zirə”ylə “Şerif” arasında ilk oyun iyulun 11-də Tiraspolda, iyulun 18-də Bakıda keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?