COP29

"Təklif Azad Rəhimovdan gəlmişdi, Amerikada alınan evlər..." - ŞOK İFADƏ!

15 May 09:00 Araşdırma 895
"Təklif Azad Rəhimovdan gəlmişdi, Amerikada alınan evlər..." - ŞOK İFADƏ!

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyev cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyev ifadə verib.

Çingiz Mehdiyev deyib ki, “Formula 1” üzrə peşəkar kadr olub, məhz bu səbəbdən onu beynəlxalq yarışların keçirilməsində irəli çəkiblər. Bu təklif isə ona mərhum gənclər və idman naziri Azad Rəhimovdan gəlib. Amma bu təklifə kimi məqsədi Azərbaycanda pilotlar üçün akademiya yaratmaq imiş. Nazirlə görüşə gətirdiyi layihə də bu haqda olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru mərhum nazirin oğlu Arif Rəhimov olub. Çingiz Mehdiyev onun sağ əli olub: “Mən işə başlayan vaxt “Formula 1”in başlamasına az qalmışdı. Londonda yerləşən baş ofis də bizi tələsdirirdi. Bu səbəbdən bəzi işlər tez görülməli idi. Arif Rəhimov dedi ki, bizim əsas çətinliyimiz xüsusi məhsulların alınmasıdır. Ən çətin məsələ də o idi ki, “Formula 1” ilə bağlı ölkəmizdə ixtisaslaşmış şirkət yox idi. Xaricdən də ekspertlər cəlb etmək baha başa gəlirdi. Mənə verilən əsas tapşırıq da əlaqələr qurulmasını təşkil etmək oldu. Mən Amerikada böyük maliyyə təşkilatlarında və banklarda işləmişəm, London, Paris kimi böyük şəhərlərdə təlimlər təşkil etmişəm. Buna görə də bir az təcrübəli idim. Burda da 1 nömrəli əmrlə işə götürüldüm. Mən işə başlayanda Arif Rəhimov məhsulların satın alınmasını Zaur Məlikaslanova tapşırmışdı. Bütün zəruri məhsulların alınması üçün isə 90 milyon manat pul ayrılmışdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, xarici şirkətlərlə müqaviləni işin tez həll olunması üçün bağlayıb. Yəni məqsəd xarici ölkələrdəki şirkətlərə pul köçürüb mənimsəmək olmayıb: "Məqsədimiz gəlir əldə etmək deyil, ölkəmizin uğuru idi".

Çingiz Mehdiyev həyat yoldaşı Nərminə Ələkbərova istintaqa dediyi "Çingiz ofşor şirkətlərə köçürdüyü pulları mənimsəyib. Həmin pulların bir qisminə Amerikada qardaşının adına evlər alıb" fikirlərə də aydınlıq gətirib.

Mehdiyev deyib ki, arvadının əsassız ifadəsi əsasında ona ittiham verilib: “Ailə zəminində başlanmış münaqişə ittihamla qurulub. Mən avadanlıqları ölkəyə gətirənə kimi əziyyət çəkmişəm. Təsəvvür edin, bəzi mallar bir gün yolda saxlanılsaydı, nə olardı?! Mən bu müddətdə bütün saçlarımı itirdim. Prokurorluğun hesabladığı 389 min manat yeyinti ilə də razı deyiləm. Hesablama necə aparılıb, hesablama aparan mütəxəssis Formula 1 üçün müəyyən etdiyi xüsusi malların dəyərini necə müəyyən etdi, qiymətlər necə təhlil edildi? Prokurorluq niyə ekspertiza rəyini nəzərə almayıb? Orda xüsusilə bizə lazım olan malların qiymətləndirilməsinin çətin olduğu açıq yazılıb. Ədliyyə ekspertizası da rəy verib ki, bu mallar spesifik olduğundan qiymətləndirilməsi çox çətindir. Prokurorluq 101 min manat fərq müəyyən edib. Lakin fərqi müəyyən edərkən şirkətin saxlanma xərcləri, işçi xərcləri, bank və digər xərclər nəzərə alınmayıb”.

Növbəti iclas iyunun 2-ə təyin edilib.

İttihama görə, Çingiz Mehdiyev İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.

Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesablna 1.436..735,18 manatı köçürməklə leqallaşdırıb.

2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur. Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.

Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.

İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb.

Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.

Digər Xəbərlər
Xəbər Lenti