"Mən onun "Legiya"ya getməsinin tərəfdarı deyildim” – Mahirin UZAQGÖRƏN AGENTİ

13 Yanvar 2022 14:40 Araşdırma 1 482
"Mən onun "Legiya"ya getməsinin tərəfdarı deyildim” – Mahirin UZAQGÖRƏN AGENTİ

Mahir Emrelinin qeyri-ciddi kluba üz tutduğunu və burada oynamağın ikiqat çətin olduğunu Tural Əsgərov aylar öncə Sportinfo.az-a açıqlamasında bildirmişdi.

Həmin Tural Əsgərov ki, ötən yaya qədər Mahirin agenti səlahiyyətlərini daşıyıb, məhz Polşaya üz tutduğuna müştərisi ilə yollarını ayırmışdı.

Təcrübəli menecerin iddiasının nə dərəcədə real olduğunu görmək üçün cəmi 6 ay lazım gəldi.

“Legiya”da ardıcıl baş məşqçi dəyişiklikləri, komandanın qeyri-sabitliyi və ən yekunda azarkeşlərin avtobusa basqın edib futbolçuları döyməsi Polşa nəhənginin bugünkü durumunu ortaya qoydu.

İndi sual doğuran əsas məqam Tural bəyin uzaqgörənliyinin haradan qaynaqlanmasıdır. Çünki “Legiya” variantı ortaya çıxanda Azərbaycanda hər kəs Emrelinin Polşaya yollanmasının vacibliyini qeyd edirdi.

Orada uğur qazanmaqla Avropa nəhənglərinə keçməsinin mümkünlüyündən danışırdı. Mahirin sabiq agenti ilə söhbətdə “ekstrasensliy”in səbəbini öyrənməyə çalışdıq:

“Yayda Mahirin özü və ailə üzvləri ilə söhbətdə təkliflərin arasında “Legiya”nın ən yaxşı variant olmadığını bildirmişdim.

Ola bilsin, ad olaraq səs-küylü səslənirdi, amma real durum fərqli idi. Və burada uzaqgörənlikdən, yaxud baxıcılıqdan söhbət gedə bilməz.

Mənim işimdir deyə, digər klublar kimi “Legiya”nı da yaxından izləyirəm. Bir az araşdırma aparmaqla bu komandanın son illər qeyri-sabit çıxış etdiyini görmək mümkündür.

Ardıcıl baş məşqçi dəyişiklikləri, hər transfer dönəmində futbolçuların kütləvi gəliş-gedişi istər-istəməz ortaya ciddi suallar çıxarır.

“Legiya”nın büdcəsi “Qarabağ”ın büdcəsindən yüksəkdir. Amma siz bu iki komandanın son illərdəki nəticələrinə baxın.

Maliyyə olan yerdə uğursuzluq varsa, demək ki, orada idarəetmədə, yaxud hansısa digər məsələdə problemlər mövcuddur. Polşada və klubun içində olmadığıma görə konkret səbəbləri deyə bilmərəm”.

Yayda Mahirə “Legiya” ilə yanaşı digər klublardan da real təkliflər olub. Həmin məqamda Əsgərovun agenti ona Polşaya getməməyi tövsiyə edib. Emreli isə...

Oxuyaq:

“Gənc yaşdasansa və karyeranda ilk dəfə legioner həyatı yaşamaq istəyirsənsə, bu cür kluba, yəni problemli yerə üz tutmamalısan.

Açığı, Mahirin “Legiya”ya getməsinin tərəfdarı deyildim. Karyera onundur, həyat onundur, seçimi də özü etməlidir və etdi də. Bizim işimiz doğru yol göstərmək, məsləhət verməkdir.

Yayda Mahirə bir neçə real təklif var idi. Mənim üçün “Legiya” həmin variantların arasında axırıncı idi. Futbolçu Polşada oynamaq istədiyini bildirdi”.

Mahir Emreli ötən il iyuldan dekabra qədər “Legiya”nın şərəfini qoruyub. Azərbaycan millisinin üzvü Polşa təmsilçisində keçirdiyi 6 ay ərzində bütün yarışlarda 33 oyunda 11 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti