Həmkarları Samir Abasovun limit təklifi ilə razılaşmadı - SORĞU

14 Sentyabr 2021 14:00 Araşdırma 1 496
Həmkarları Samir Abasovun limit təklifi ilə razılaşmadı - SORĞU

“Neftçi” – “Qarabağ” qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov yerli futbolçularla bağlı tətbiq olunan limitdən narazılığını aşkar şəkildə dilə gətirdi.

Abasov bu səbəbdən heyət qurmaqda çətinlik çəkdiyini deyib, məlum məsələ ilə bağlı klub rəhbərliyi ilə məsləhətləşəndən sonra aidiyyatı quruma müraciət edəcəklərini gizlətmədi.

Maraqlıdı, bu fikirdə olan təkcə Samir Abasovdur? Digər komandaların məşqçilərinin limitlə bağlı mövqeyi necədir? Hamısı ilə əlaqə saxlamaq mümkün olmasa da, Premyer Liqada komanda çalışdıran bir neçə mütəxəssislə danışdıq.

Elmar Baxşıyev, “Qəbələ”: “Bizdə yerli futbolçularla bağlı sıxıntı yoxdur. Məsələn, Rüfət zədələnibsə, onun yerinə başqa bir gənc oynamaq şansı qazanacaq. Millilərin maraqlarını nəzərə alsaq, yerli futbolçuların oynaması faydalıdır. Bir də ki, çempionat başlamamış limitlə bağlı klublar məlumatlandırılıb. Şərtlər hamı üçün eynidir”.

Sənan Qurbanov, “Keşlə”: “Limitin tətbiq olunması millilər üçün olduqca faydalıdır. Həm təcrübə qazanır, həm də oyun təcrübəsi baxımından axsamırlar. Lakin burda bir məqam var. Gənc futbolçuların özləri əsas heyətdə yer almaq üçün çalışmalıdır, limitə bel bağlamaq olmaz. Razıyam, bəzən elə olur ki, limitə görə heyət qurmaqda çətinlik çəkirik. Bu problem hamıda belədir. Amma dediyim kimi, limitin olması yığmalara xeyirlidir”.

Aftandil Hacıyev, “Səbail”: “Bu dəqiqə dediyiniz mövzunu müzakirəyə çıxarmaq heç nəyi dəyişməyəcək. Çünki mövsümün əvvəlində qərar qəbul olunub və həmin qərara uyğun addım atırıq. Digər tərəfdən, indi Aftandil Hacıyevin, yaxud başqa məşqçinin nəsə deməsi ilə iş bitmir. Məsələ müzakirəyə çıxarılmalı, dərin təhlillər aparılmalı, götür-qoy edilməlidir. Limitin aradan qaldırılması “Neftçi” və “Qarabağ” kimi imkanlı və hədəfləri yüksək komandalara faydalı ola bilər. Çünki heyətləri kifayət qədər genişdir, legionerləri var. Məncə, yerlilərlə bağlı limitin tətbiqi həm əsas milli, həm də U-21 üçün faydalıdır. İstənilən halda, geniş müzakirələrə ehtiyac var”.

Ramin Quliyev, “Sabah“: “Hər hansı fikrə münasibət kimi yox, sizin sorğunuza cavab olaraq qeyd edə bilərəm ki, bunun müsbət və mənfi cəhətləri var. Bizdə limit 5 yerli futbolçudur ki, bu oyunçulardan biri də 21 yaşadək yerli futbolçu olmalıdır. Fikrimcə, bu qaydanı qəbul edərkən U-21 millimiz nəzərə alınıb və həmin yaş qrupuna uyğun ən azı 1 futbolçunun əsas heyətdə yer alması qəbul olunub. Əsas heyətdə 1, ehtiyat oyunçular skamyasında isə bir neçə 21 yaşadək futbolçu olmalıdır ki, bu qaydanı pozmayasan. Məsələyə klub məşqçisi kimi yanaşanda deyə bilərəm ki, əlbəttə, bu cür limit heyəti qurmaqda müəyyən çətinliklər yaradır. Yəni əsas heyəti müəyyənləşdirərkən, ən idealı yox, müəyyən çərçivə daxilində, bu limitə uyğun heyət qurmalısan. Digər tərəfdən baxanda, limit bəzi oyunçuların qiymətinin süni olaraq artmasına da gətirib çıxardır. Bundan əlavə, 1 il sonra - limit bitəndə həmin futbolçulara əvvəlki kimi tələbat olacağına və ya itib-batmayacağına heç kim zəmanət vermir. Məsələyə milli komanda prizmasından yanaşdıqda isə, baş məşqçinin sərəncamında Premyer Liqa klublarının əsas komandasında məşq edən ən azı 16 futbolçunun olduğunu görərik. Burda da problem bu futbolçuların əksəriyyətinin eyni mövqedə oynaması ilə bağlı ola bilər. Ümumiyyətlə, limit məsələsi geniş müzakirə mövzudur. Limit olmasa, maliyyəsi çox olan klublar start heyətində 11 legioner futbolçuya da şans verə bilər ki, bu halda yerli oyunçuların itib-batması ehtimalı var. Lakin digər tərəfdən limitin ləğv olunması yerli futbolçuların özünü yaxşı tərəfdən göstərib, əsas heyətdə yer alması üçün daha çox çalışmasına, öz üzərlərində daha çox işləmələrinə də səbəb ola bilər. Fikrimcə, klub sayının artması yerli gənc futbolçuların yetişməsinə daha çox müsbət təsir edər. Çünki, belədə, həmin oyunçular daha çox oynamaq imkanı qazanacaq. Bu da onların inkişafına müsbət təsir edər. “Hazırda komandamda 10-12 legioner var və hamısına əsas heyətdə şans vermək istəyirəm” düşüncəsi ilə limitin ləğv edilməli olduğunu demirəm. Bu məsələ ilə bağlı hər hansı qərar vermək üçün ümumi fikir mübadiləsi aparmaq və ölkə futboluna xeyir verəcək qərarı fikirləşib tapmaq lazımdır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti