Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

5 Avqust 2021 16:20 Araşdırma 605
Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Nail Kərimov: “Bizim düşüncəmizdə olan akademiya və iş bu deyil”

Azərbaycanda uşaq futbolunun vəziyyətinin yaxşı olmadığı zaman-zaman müzakirə olunan əsas problemlərdən biridir. Böyük əksəriyyət bunun kökünü sistemsizlikdə görür. Amma istisnalar da yox deyil.

Təbii ki, bu mövzuda yaxşı mənada istisna axtarası olsaq, hər kəsin ağlına gələcək ilk ünvan "Qəbələ" Futbol Akademiyasıdır. Son illər bu akademiyanın yetişdirdiyi çoxsaylı futbolçular da buna əyani sübutdur.

Deməli, istəsən, iş görmək, futbolçu yetişdirmək olar.

Bu dəfə "Qəbələ" Futbol Akademiyasının fəaliyyətindən yazmaq istədik. Öyrənmək istədik ki, akademiyada işlər necə qurulur, yeniyetmələrin təkcə yaxşı idmançı yox, həm də cəmiyyət üçün faydalı fərd kimi yetişməsi üçün hansı addımlar atılır?

Bu qəbildən olan suallarımıza cavab tapmaq üçün akademiyanın baş meneceri Nail Kərimovla danışmağı qərara aldıq.

Daha sağlam və daha təmiz fərdə çevrilmək

Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Nail müəllim ilk olaraq "Qəbələ" idman klubundan söz açdı və yeniyetmələrin idmana cəlb olunmasının üstünlüklərini vurğuladı: "Qəbələ" idman klubunda futbolla yanaşı cüdo, boks, güləş və taekvando bölmələri də fəaliyyət göstərir. Başqa idman növlərində də təmsilçilərimiz var. Amma əsasən Qəbələ rayonunun gənc və yeniyetmələrini bu idman növlərinə cəlb etmişik. 500-600 arası uşaq, sadaladığım idman növlərində daimi məşqlər keçirlər. Və ən önəmlisi, həmin uşaqlar cəmiyyətdə olan pis vərdişlərdən uzaq qalırlar. Bu gün dövlətin narkomaniya ilə necə mübarizə apardığına, ümumiyyətlə, bu problemin cəmiyyətdə hansı fəsadlar yaratdığına şahidik. Ona görə də uşaqların, yeniyetmələrin idmana cəlb olunmasının, idmanla məşğul olmasının nələri dəyişməsinin izah ehtiyacı yoxdur. Təbii ki, idmançıların arasında da mənfi tərəfə yönələnlər var. Amma əksəriyyət daha sağlam və daha təmiz fərdə çevrilir. Bu da bizim üçün vacib rol oynayır".

Şəxsin fərd kimi formalaşması

Kərimov yaxşı futbolçu olmağın sağlam vətəndaş olmaq və yaxşı təhsil almaqdan keçdiyini uşaqlara inandırmağa çalışdıqlarını deyir: "Yuxarıda qeyd etdiyimiz məqamlardan başqa, qeyd olunası məqamlar daha çoxdur. Bu da ondan irəli gəlir ki, hər bir azərbaycanlı üçün icbari təhsil mövcuddur. Məktəbə gedib, məktəbdə və ya ailədə müəyyən şeylər öyrənirlər. Amma boşluqların olduğunu hamımız bilirik. Bu sahədə biz əməli işlərimizi uzun illərdi göstəririk. Şəxsin fərd kimi formalaşmasının üzərində ciddi dayanırıq. Bu məsələdə bir neçə istiqamət var. Onlardan ən birincisi vicdanlı, düzgün və sağlam fərdin üzərində dayanmaqdır.

Söhbət, fiziki yox, bir fərd kimi sağlam olmaqdan gedir. Futbolçularımıza bunu əyani göstərməklə yanaşı, dövrün tələbinə uyğun təqdimatlar da həyata keçiririk. Biz uşaqaların sağlam yaşaması, qidalanması, rejimə əməl etməsi üçün nə lazımdırsa eləməklə yanaşı, həmçinin təqdimatlar da edirik. Deyək ki, bizdə futbolçuların bir qismi yataqxanada yaşayır, bir qismi də evlərdə. Yataqxanada yaşayan uşaqların yeməklərinə, rejimlərinə özümüz nəzarət edirik. Digərlərinə isə ildə 3-4 dəfə tələbata uyğun olaraq valideyn iclasları keçirməklə göstəririk. Uşaqlara yaddaş kitabçaları veririk. Necə qidalanmalı, necə yaşamalı, məktəb rejiminə necə əməl etməli olduqlarını izah edib, başa salırıq. Bir növ, ənənəvi üsullara əl atmırıq. Əsas başa salmaq və inandırmaqdır. Biz inandırmaq istəyirik ki, yaxşı futbolçu olmaq üçün mütləq sağlam olmalısan və mütləq fərd kimi yaxşı formalaşmalısan. Bunun üçün yaxşı təhsil olmalıdır. Oxumalısan və öyrənməlisən. Bu öyrəndikləri imtahan vermək, məktəbi bitirmək və ya universitetə qəbul olmaq üçün yox, həyatda istifadə eləmək üçün lazımdır. Həyatda qarşına çıxacaq maneələri daha düzgün analiz etmək, daha düzgün qərarlar vermək üçün lazımdır. Bunlar yerinə yetsin deyə, saysız-hesabsız təlimlər edirik. Bu gün etdiklərimizi saymaqla ifadə etmək mümkün deyil. Daha yaxından görməklə bunu hər kəs yaxşı başa düşə bilər".

Gənclər özlərindən yuxarıdakılara kumir kimi baxırlar

O, kollektivdə çalışan hər kəsin gənc futbolçulara örnək olmalı olduqlarını düşünür: "Məşqçi məsələsini bir qədər geniş şaxələndirərdim. Çünki futbolçunun yetişməsində təkcə məşqçinin yox, həmçinin akademiya menecerlərindən, inzibatçılarından, tibbi personalından tutmuş hər bir şəxsin rolu vacibdir. Çünki gənclər özlərindən böyüklərə, özlərindən yuxarıda gördükləri şəxslərə, əksər halda kumir kimi yanaşırlar. Onların etdiyi hərəkətləri etməyə çalışırlar. Ona görə də, adətən daha sağlam, daha düzgün həyat tərzi keçirən kollektivlə çalışmağa üstünlük veririk. Kollektivimizdəki şəxslərin qüsurlarını uşaqlara göstərməməyə çalışırıq. Təbii ki, kollektiv qüsursuz ola bilməz. Amma bunu uşaqlara yansıtmamağa çalışırıq, ki, onlar da nümunə götürdükləri şəxslərdən istədiklərini ala bilsinlər. Bugünkü gün mən öz kollektivimizin vəziyyətindən razı olduğumu deyə bilərəm. Nöqsanların olmadığını da deyə bilmərəm. Bu çatışmazlıqları da hər zaman aradan qaldımağa çalışırıq".

Şərtlər ürəyimizcə deyil

Nail Kərimov şərtlərdən şikayətlənsə də, əllərini yana salıb, dayanmaq fikrindən uzaq olduqlarını bildirdi: "Təəssüf ki, uşaqların yaxşı vətəndaş kimi yetişməsi üçün olan şərtlər bizim ürəyimizcə deyil. Tam qane eləmir. Buna müxtəlif səbəblər göstərə bilərik. Bunları sadalamayacağam. Amma yuxarıda qeyd etdiyim vasitələrlə bunların öhdəsindən gəlməyə çalışırıq. İki variantımız var: ya cəmiyyətdə baş verən hadisələr haqda deməliyik ki, bu, bizim öhdəmizdə deyil, biz buna qarşı bir tədbir görə bilmirik, nədirsə odur. İkinci yol isə odur ki, biz öz həll yolumuzu tapmalıyıq. Bacardığımız qədər təsir etməyə cəhd etməliyik. Biz ikinci yolu seçirik və əlimizdən nə gəlirsə, onu da edirik. Amma təəssüf ki, bu günün maliyyə vəziyyəti ancaq daha konkret məqsədlərə yönəlməyə imkan verir. Bizim düşüncəmizdə olan akademiya və iş bu deyil. Bundan daha yaxşısı, daha artığıdır. Ümid edək ki, gələcəkdə maddi və digər şərtlər futbolçunun daha yaxşı vətəndaş kimi yetişməsi üçün uyğun olacaq".

Fiziki hazırlığın üzərində dayanmaq üçün...

Kərimov fiziki hazırlığın vacibliyindən danışarkən məşqlərdə verilən yükün qida ilə bərpasını ən önəmli detal kimi qeyd etdi: "Sağlam bədəndə, sağlam ruh olar" misalını hamımız bilirik. Fiziki hazırlığın rolundan danışmağa dəyməz. Həddən artıq böyükdür. Bu gün fiziki hazırlığın üzərində dayanmaq üçün ən müasir texnologiyadan istifadə olunur. Bütün dünya akademiyalarında istər fiziki testlər olsun, istərsə də GPS Trackerlər vasitəsilə məşqlərdə istifadə olunan avadanlıqlar həddən artıq böyük rol oynayır. Tibbi departamentin rolu vacibdir. Qidalanma, bərpa, vitaminləşdirmə fiziki hazırlıqda böyük rol oynayır. Biz bunların öhdəsindən qismən gələ bilirik. Çünki ölkədə yaxşı, potensiallı kadr çatışmazlığı var. Əgər yaxşı kadrlar varsa da, bizim bu gün onları cəlb etməyimiz maddi baxımdan mümkün deyil. Amma əlimizi yanımıza salıb dayanmırıq. Ən fərqli tərəflərə yönəlirik. “Futbolçularımızın fiziki performansını daha necə artıra bilərik” məsələsinin üzərində işləyirik. Təbii vitaminlər, təbii qatqılardan istifadə edirik. İnternet resuslarından tutmuş, milli komandalarda işləyə məşqçilərə qədər bu sahəyə yönəlirik. Üzərində dayanırıq. Öyrənə bildiyimiz qədərini öyrənib, uşaqlara veririk. Məşqlərdə verdiyimiz yükü qida ilə qaytarmalıyıq ki, fiziki inkişafa dəstək olsun. Məsələn, qeyd edə bilərəm ki, ötən mövsüm U-19 və U-17-lərin final oyunları uzatmalara getdi və hər iki görüşü də biz qələbə ilə başa vurduq. Bu da bizim, futbolçuları fiziki cəhətdən daha yaxşı hazırlamağımızın nişanəsidir. Məşqlərdə fiziki yükü artırmaqla bu nəticəyə çata bilməzsən. Mütləqdir ki, verdiyin yükü qida olaraq futbolçulara qaytara biləsən. Bunların hesablanması çətin və qarışıq məsələdir. Ötən mövsümün nəticələrinə əsasən, hesab edirik ki, gördüyümüz iş müəyyən qədər doğru yoldadır. Və növbəti mövsüm üçün qurulan planlarda, görülən işlərdə taktiki-texniki plandan çox, fiziki və qidalanma məsələlərinin üzərində dayanırıq".

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti