I Liqada 6-cı tur davam edir.
«Difai» Şamaxıda «Zaqatala»nın önünə çıxıb.
Burada hər iki tərəfdən bir ilk yaşanıb. «Fədailər» mövsümün ilk qələbəsini qazanıbsa, Zaqatanın eyniadlı təmsilçisi ilk məğlubiyyətini alıb.
Öncədən onu bildirək ki, Qarabağ qazilərinin komandası sezonun ən yaxşı oyununu sərgiləyib. Aydın Qasımovun rəhbərliyi altında ikinci matçını keçirən kollektiv 90 dəqiqə ərzində əla təsir bağışlayıb.
İstəkli görünən «Difai» ilk dəqiqələrdəki təlaşı dəf edəndən sonra meydana nəzarəti əlinə götürüb və bir-birindən öaxımlı hücum gedişləriylə qol yollarında məntiqi sonluğa çatıb.
«Qəbələ»dən icarəyə götürülmüş Xəyyam Məmmədli cərimə meydançasının önündən yaxın küncə endirdiyi zərbəylə hesabı açıbsa, Muhammed Alfa
45+1-ci dəqiqədə cinah asmasını yaxın məsafədən başla tora qovuşdurub.
Qonaqlar yalnız ikinci hissədə nisbətən özünə gəlib. Uzun ötürmələrdən və qanad keçidlərindən tez-tez istifadə edən «qara-yaşıllar» nominal ev sahiblərinin qapısına yaxınlaşmağa cəhd göstərib.
Kamil Hüseynov və Əzəmət Ələkbərlinin idarəçiliyindəki müdafiə xətti, ötən dəfə olduğu kimi, yenə ayaq-sayıq tərpənib, aramsız həmlələrin əksəriyyətinin qarşısını kəsib.
Hüseynov sanki ikinci gəncliyini yaşayır və göstərir ki, Qurban Qurbanov vaxtilə onu təsadüfən bəyənməyib.
Sahib Həsənovu da yaddan çıxarmamalıyıq. «Şamaxı»dan gəlmiş qapıçı 2-3 epizodda etdiyi qurtarışlarla «Zaqatala»nın fərqi azaltmaq arzusunun üstündən xətt çəkib.
O, Roini İsmayılovun penalti zərbəsini də geri qaytarıb. İkinci yalnız geri qayıdan topu təkrar vuruşla qapıya göndərib və sevincini corabından çıxardığı bükülünü öpməklə qeyd edib.
Buna kimi isə «Difai» hesabı artıq 3:0-a çatdırmışdı. «Qəbələ»nin yetirməsi Emil Quluzadə təqribən 20 metr məsafədən gözəl zərbəylə əla qola imza atıb.
Yarımmüdafiəçi fərqləndikdən sonra tribunaya tərəf qaçaraq, «məndən Elgiz müəllimə salam deyin» qışqırıb.
Bununla komandanın keçmiş baş məşqçisi Elgiz Kərəmliyə də minnətdarlığını çatdıran Emilin jesti stadiona toplaşanların marağına səbəb olub.
SPORTİNFO.AZ
“Difai” – “Zaqatala” 3:1
Qollar: Xəyyam Məmmədli, 28; Muhamməd Alfa, 45+1; Emil Quluzadə, 80 // Roini İsmayılov, 88
Şamaxı OİK stadionu. 30 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Samir Qaracayev
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Anar Şıxəliyev
Sarı vərəqələr: Emil Quluzadə, 79 (qeyri-idman hərəkəti); Sahib Həsənov, 84 (oyunun bərpasının ləngidilməsi) // Jan Pol Assumu, 53 (qeyri-idman hərəkəti); Nemət Şıxəmirov, 59 (qeyri-idman hərəkəti); Stenli Okezi, 90+1 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
“Difai”: 1. Sahib Həsənov 5. Kamil Hüseynov (k) 6. Əzəmət Ələkbərli 55. Seymur Əliyev 27. Tolqar Yaqubov (17. Riad Abbaszadə, 81) 2. Seymur Rəhimov (77. Əli Mürsəlov, 81) 8. Emil Quluzadə 3. Əbil Əbilov 9. Kristian Kamta (90. İlham Allahverdiyev, 61) 32. Xəyyam Məmmədli (11. Sənan Ağayev, 81) 19. Muhamməd Alfa (10. Tahir Zeynalov, 69)
Ehtiyat oyunçular: 85. Nail Alışov 24. Rəvan Əvəzov
Məşqçi: Aydın Qasımov
“Zaqatala”: 12. Həsən Həsənli 77. Sərxan Abdullayev (19. Yusif Dilanov, 59) 55. Mətin Qəhrəmani (14. Davud Mahmudov, 79) 10. Rüstəm Nuruyev (k) 27. Mahmud Məmmədov (8. Roini İsmayılov, 59) 99. Cəlal Cəbrayılov 24. Cavad Qurbanlı 20. Nemət Şıxəmirov 11. Aşqin Abazərov (33. Kənan Müslümov, 71) 15. Jan Pol Assumu 7. Əbu Sufyan Vaddu (17. Stenli Okezi, 79)
Ehtiyat oyunçular: 1. Sərdar Sərdari 9. Asim Babazadə 44. İbrahim Məmmədov
Baş məşqçi: Rüstəm Məmmədov