Klub prezidentındən ŞOK sözlər: "Bunları qorxu altında saxlamasam, qələbə qazanan deyillər"

15 Aprel 2017 11:48 I Divizion 1 146
Klub prezidentındən ŞOK sözlər: "Bunları qorxu altında saxlamasam, qələbə qazanan deyillər"

"Mənim heç kimə 1 manat da borcum yoxdu. Qəhrəman Əliyevin saytınıza verdiyi açıqlama doğru deyil. O deyir ki, bizdə ayyarımlıq maaşı qalıb. Onun pulunu son qəpiyinədək ödəmişəm" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəmkir"in prezidenti Elvin Səfərli deyib.

Onun bildirdiyinə görə, ikinci dövrənin əvvəlində, fevralın 16-da "Rəvan"la matçdan sonra vəzifəsindən ayrılan mütəxəssisə kömək məqsədilə 500 manat verib: "Harda görünüb ki, özü istefa verib getmiş məşqçiyə sonradan maaş ödənilsin? Mən Qəhrəman müəllimin xahişini yerə salmamışam, yaxşılıq etmək istəmişəm.

Mənə telefonla mesaj yazmışdı ki, futbolda nə qazanmışamsa, "Bakı"dan nə pul almışamsa, hamısını həyat yoldaşıma xərcləmişəm. İndi də onun müalicəsini davam etdirməliyəm. Xahiş elədi ki, ona kömək olum. Soruşdum, hər ay terapiyaya nə qədər pul lazımdı? Yazdı ki, 500 manat. Mən də cavab verdim ki, get, o pulu klubumuzun Bakıdakı ofisindən götür. Aramızdakı söhbət belə olub. O, indi niyə belə danışır, mən başa düşə bilmirəm.

Ümumiyyətlə, "Şəmkir"də maliyyə vəziyyəti sabitdi. Klubu götürdüyümüz tarixdən ta bugünədək maddi çətinliklərlə üzləşməmişik, çox şükür! Ümid edirəm ki, bundan sonra da bir problemimiz yaranmayacaq. Çünki biz işimizi bilirik, hara nə qədər pul xərclədiyimizi əvvəlcədən ölçüb-biçirik. Bakıda komanda saxlamaq asandı, çox xərc aparmır. Rayon yerində isə 30-40 nəfəri bir yerdə saxlamalı, onları gündəlik yeməklə təmin etməlisən.

Aylıq limit qoymuşam, onu da özüm müəyyənləşdirmişəm. Nə ərzaq alırıqsa, qədərini və məbləğini bəribaşdan deyirəm. Bu baxımdan divizionun ən yaxşı şəraiti olan komandası "Şəmkir"di. Bir futbolçu deyə bilməz ki, mən meydana ac çıxmışam, ac yatmışam. Bizdə maaşlar hər ayın 5-9-u aralığında verilir. Hamısı pullarını artıq alıblar. Üç həftə əvvəl özlərinə demişdim ki, MOİK-lə "Qaradağ Lökbatan"ı udun, maaşınızı paltardəyişmə otağında gətirim verim. Onda özüm belə eləmişdim.

Yanvarda komandamıza gələn futbolçu var, bəribaşdan mart ayına kimi pulunu alıb. Eləsi də var, evində problemi çıxıb, gəlib pul istəyir. Heç kimi boş qaytarmamışam. Azərbaycanda iqtisadi vəziyyəti bilirsiz, hamının evində çətinlik var. Mən bunu başa düşürəm, ona görə də klubumuzdakıların hər birinə əl tutmağı özümə borc sayıram. Divizionda oynayanlar ayda 7-8 min manat maaş almır ki, ona deyəsən, 1-2 ay gözlə. Burda aldıqları pul ailənin aylıq xərclərini ödəməyə ancaq çatır. Özüm qəsdən gecikdirdim ki, bir az narahat olsunlar. Fikirləşsinlər ki, mən udmasam, hansı üzlə maaş istəyə bilərəm?

Bilirsiz, divizionda oynayan futbolçuların əksəriyyəti qeyri-peşəkardı. Hər şey vaxtlı-vaxtında olanda, elə bilirlər ki, belə də olmalıdı. Məsuliyyət hissini itirirlər, meydanda can qoymurlar. Onda mən nə etməliyəm? Futbolçulara bir vasitə ilə çatdırmalıyam ki, nəticə qazanmaq lazımdı. Hər rəhbərin öz idarəçilik tərzi var. Mən də fikirləşdim ki, bunları bir qədər maaş qorxusu altında saxlamasam, qələbə qazanan deyillər. MOİK-lə səfərdə 1:1 etdik, "Qaradağ"ı evdə udduq, gətirib pullarını verdim.

Mənim nəyimə lazımdı "Göyəzən"i, "Energetik"i, "Şərurspor"u 4-5 top fərqiylə udmaq? "Şəmkir" medallar uğrunda mübarizə aparır, bizim rəqiblərimiz liderlər qrupunda yer alan komandalardı. Futbolçularla ogünkü iclasda bir-bir qaldırıb soruşuram ki, hər cür şərait yaradılıb sizə, niyə gah elə oynayırsız, gah belə. Dedilər, indiyədək bir çox komandada oynamışıq, amma heç birində özümüzü heç bir prezidentin qarşısında sizin qədər borclu hiss etməmişik. Bilirlər ki, bundan sonra hara getsələr, "Şəmkir"dəki kimi şəraiti olan komanda tapmayacaqlar.

Biz burda ciddi klub yaradırıq. Futbolçulara demişəm, sizə oğul onda deyərəm ki, son iki turda "Səbail" və "Ağsu"nu udasız. 6 xal qazansınlar, sonra baxıb görsünlər ki, mən onlar üçün nələr edirəm! Bu iki turda liderlər bir-biri ilə görüşəcək. Biz hər ikisini udsaq, onların öz aralarındakı oyunlarının nəticələrindən asılı olmayaraq, ikinci yeri götürəcəyik. İstər-istəməz hamı xal itirəcək, gümüş medalı qazanmağa isə kimsə bizə mane ola bilməyəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti