Sportinfo.az xəbər verir ki, "Səbai"lin icraçı direktoru Yusif Həsənov "Zaqatala" ilə oyundan sonra sualları cavablandırıb:
Cari mövsümdə “Səbail”in oyununu bir neçə dəfə izləmişdim. Etiraf edim ki, ilk yarıda gördüklərim təəccübləndirdi...
- Hesabı ədalətli sayıram. Rəqib həqiqətən də ilk 45 dəqiqədə daha üstün oynadı və fasiləyədək hesabda 1:0 öndə idi. İkinci hissədə bizim komanda daha məzmunlu futbol sərgilədi və nəticədə bərabərliyə imza atdıq.
Ancaq ilk yarıya əsasən belə təəssürat yarandı ki, “Səbail” bir qədər həyacanlıdı...
- Yox, niyə ki? Turnir cədvəlinə baxın. Biz onlardan üst sıralarda qərarlaşmışıq. Sadəcə, dərhal oyuna daxil olmaq çətindi. Üstəlik, özünüz də gördüyünüz kimi, zaqatalalı fanatlar komandalarını böyük coşquyla dəstəkləyirdilər. Bir məqama da xüsusi olaraq, diqqətinizi yönəltmək istəyirəm. Zaqatalanın iqlimi Bakıdan kəskin şəkildə fərqlənir. Razılaşın ki, bir günə buna alışmaq mümkün deyil. Bütün bu komponentlərin cəmi ilk yarıdakı oyunumuza təsirini göstərdi. Ancaq bir daha təkrar edirəm ki, nəticəni ədalətli hesab edirəm.
İkinci hissədə Bayram Budaqovun oyuna daxil edilməsindən sonra “Səbail”in hücumlarının kəsəri artdı. Bu forvard barədə fikrinizi bilmək maraqlı olardı...
- Bayram özünü ən yaxşı tərəfdən göstərdi. Niyə ilk dəqiqələrdən onu görmədiz? Bu, məşqçimizin taktiki düşüncəsi idi. Sevindiricidir ki, əvəzetmə öz bəhrəsini verdi.
Debütant üçün qərarlaşdığınız 2-ci pillə necə nəticədi?
- Əlbəttə, çempion olmaq istəyirdik. Amma böyük ölçüdə 2-ci yeri yaxşı nəticə hesab edirəm. Ancaq bu yeri qorumaq heç də asan olmayacaq. Növbəti oyunlara hazırlaşmalı və bugünkündən də yaxşı oynamalıyıq.

