I Divizion klubunun patronu Sportinfo.az-a zəng vurdu və…

13 Aprel 2017 19:36 I Divizion 1 710
I Divizion klubunun patronu Sportinfo.az-a zəng vurdu və…

"Məşqçimizin saytınıza verdiyi müsahibə mənə çox qəribə gəldi. Həmin açıqlamayla tanış olduqdan sonra onu çağırdım və belə danışmasının səbəbini soruşdum. O da cavab verdi ki, elə bildim, məni işdən çıxarmısız" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəmkir"in prezidenti Elvin Səfərli deyib.

Klubun 15 yaşlılarının baş məşqçisi Elşad Mirzəyevin dünən saytımıza verdiyi və böyük qalmaqal yaradan müsahibəylə əlaqədar redaksiyamızla əlaqə saxlayan E.Səfərli maraqlı məqamlara toxunub: "Şəmkir" hazırda birinci divizionda oynayır və AFFA burda çıxış edən heç bir klubdan tələb eləmir ki, mütləq akademiyanız olmalıdı. Biz də büdcəmizi buna əsasən optimallaşdırdıq.

Gələn mövsüm Premyer Liqada oynamağı planlaşdırğımız üçün bu işlərə təzəliklə başlamışıq. Artıq 3 gün olarıq ki, yeni akademiyanın əsasını qoymuşuq. Təhsil Nazirliyi ilə danışıqlar apararaq, onların nəzdində Gəncədə fəaliyyət göstərən "Təhsil" İdman Mərkəzini (TİM) "Şəmkir"lə birləşdirmişik. 2005-ci ildən sonra rayonumuzda böyük futbol olmayıb. Onadək Şəmkirdə futbol adına nə varıydısa, hamısı dağılıb.

Premyer Liqada oynamaq istəyən klubun 10 aşağı yaş qrupu fəaliyyət göstərməlidi. Biz bu gün nə etsək də, Şəmkirdə 10 komandaya kifayət edəcək qədər uşaq və yeniyetmə tapıb üzə çıxara bilmərik. Ona görə də Gəncənin TİM-i ilə razılaşdıq. Hazırda özümüzdə olan uşaqlarla həmin məktəbin uşaqlarını bir yerə yığıb, "Şəmkir" adından çıxış edəcəyik. Bu, başlanğıc üçün atılan addımdı, başqa çarəmiz yoxdu.

Sonrakı mərhələdə Şəmkirin bütün kənd və qəsəbələrində seleksiya aparacağıq, seçilən uşaqlar klubumuzun akademiyasına qəbul olunacaq. Elşad Mirzəyevin elə sözlər işlətməsi, açığı, məndə böyük təəssüf hissi oyatdı. Danışanda gərək nə var, onu danışasan. Bəli, klubu götürəndən sonra onlara demişdim ki, indi əsas fikri böyük komandaya və infrastrukturun bərpasına verəcəm.

Mirzəyevin komandası ötən mövsüm 14 yaşlıların bölgə çempionatında çıxış edirdi və mən ona təklif eləmişdim ki, bu il ölkə çempionatında oynamayaq. Çünki bilirdim ki, komanda zəifdi, hamıya böyük hesabla uduzacaq. Elşad dedi ki, mənə hər ay 150 manat ver, normal çıxış edəcəyik. Əslində, o komanda bir kənddən - Elşadın yaşadığı Muxtariyyə kəndindən çıxan uşaqlardan ibarətdi. Region başqa, respublika çempionatı başqa… Birinə 10:0 uduzdular, birinə 11:0, birinə 9:0.

Özüm "Şəmkir"ə uşaq futbolundan – "Qalatasaray"ın nəzdində yaratdığımız "Şirvansaray"dan gəlmişəm, onların psixologiyasını gözəl bilirəm. Bir uşaq hər dəfə böyükhesaba uduzanda 2-3 gün özünə gələ bilmir, yemir, içmir, saatlarla oturub ağlayır. Nə olsun uşaqdılar, onların da özünə görə qüruru var, "sındırmaq" olmaz. Bir dəfə "Şirvansaray"la "Borussiya" oynayırdı, komandamız 10-cu qolu vurandan sonra məşqçimiz Namiq müəllimə dedim ki, həmişə az oynayan uşaqları bu dəfə meydana buraxsan, yaxşı olar. Dedi, niyə, nə qədər bacarırıq, bunlara qol vuraq da… Dedim, uşaqları sındırmayaq, çox qol vursaq, guya, nə olacaq?

Uşaq futbolunda çalışan məşqçidən hesabı soruşmazlar. Çünki onlardan nəticə istəmək düzgün deyil. Həmişə futbolçuların necə oynamasıyla, bir də zədələnin olub-olmamasıyla maraqlanmışam. Elşada neçə dəfə demişəm ki, məşqçilik kateqoriyan yoxdu, get klubun hesabına "C"ni oxu. Hələ gedib ora çıxmayıb. Üç gündü akademiyamız fəaliyyətə başlayıb və ona Gəncə TİM-dən İlham müəllim başçılıq edir. Mərkəzdən neçə məşqçi gətirmişik, hamısı öz sahəsinin asıdı.

TİM-in dörd komandası öz çempionatında ltderlərdəndi. Kateqoriyası olmayan Elşad isə onları "moşennik" adlandırır… Düzgündü bu? Özünə demişəm, sənə akademiyada bir iş verəcəm, amma öz üzərində çalış. Əmin olun, onun "Şəmkir"in adından çıxış edən komandası çempionatı başa vuracaq. Bazar günü "Vətən"lə oyundu. Başqa işlərim çox olsa da, vaxt tapıb həmin oyuna gedəcəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti