Son 2 turda qələbə qazanan "Şəmkir" turnir cədvəlində 6-cıdı. Mövsümün başa çatmasına 3 tur qalıb, 44 xalla qərblilər ən yaxşı halda gümüş medala sahib çıxa bilər. Hələ gedib ora çıxa bilsələr…

Klubda vəziyyət kritikdi. Maliyyə axını dayanıb. Qəhrəman Əliyevin istefasından sonra sanki Tanrının qəzəbinə tuş gələn "qırmızı-ağlar" bu minvalla, yayda fəaliyyətini dayandıracaq.
Əsas komanda yeni ildən sonra cəmi 1 dəfə maaş alıb. Futbolçuların nəinki oyuna, adicə məşqə çıxmağa həvəsləri qalmayıb. Nizam-intizam aşağı düşüb. Rəhbərliklə münasibətləri soyuyub. Artıq heç bir vədə inanmırlar.
Aşağı yaş qruplarından söz etməyə dəyməz. Pulsuzluq məşqçilərin işini iflic edib. Klub rəsmilərindən heç kim onlarla maraqlanmır. Şikayətlərini dinləyən də yoxdu. Odu ki, nə olub-nə olmayacağı, onları irəlidə nə gözlədiyi hamısına qaranlıqdı.
Deyilənə görə, klubun prezidenti Elvin Səfərlinin şəxsi biznesində problemlər əmələ gəlib və külli miqdarda borcu yaranıb. Onun bu məqsədlə tez-tez Türkiyə və Ukraynaya yollandığı söylənilir. "Şəmkir"də isə bu barədə çox şey bilmirlər, bilmək də istəmirlər. Çünki bütün Şəmkir klubun süqut anının yetişdiyini düşünür.
SPORTİNFO.AZ

