Bugünlərdə Mərkəzi Ordu İdman Klubunda (MOİK) ixtisarların aparılacağı ilə bağlı xəbər yayıldı. Məlumata görə, 2016/2017 mövsümü başa çatdıqdan sonra Müdafiə Nazirliyinin idman klubunda futbol komandasının fəaliyyətini dayandırması gözlənilir.
MOİK 1961-ci ildə Bakıda yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyinə keçib. 2003/2004 mövsümünün startında klub adını dəyişərək, Mərkəzi Ordu İdman Klubu (MOİK) adı altında çıxış etməyə başlayıb (report).
2010-cu ildən I Divizionda "yatıb qalan" "hərbiçilər" cari mövsümü bərbad keçirir. Komanda 23 turdan sonra 33 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bu isə kollektivin qarşısına çempionluq məqsədi qoymuş nazirliyi qətiyyən məmnun edə bilməz. Premyer Liqa hədəfi ilə yola çıxan MOİK bürünc medal şansını da çoxdan itirib.
Müşviq Qənbərov sezonun əvvəlində - "Şəmkir"lə oyundan sonra istefa verdi. Ramil Əliyevi onun ahı tutdu. "Rıba" ləqəbli dəllal yaxın dostunun ayağının altını qazaraq, baş məşqçi postuna əyləşdi. Budu, MOİK bu dəyişiklikdən etibarən sürətli enişdədi. Ümumiyyətlə, son həftələrdə məğlubiyyətlər bir-birini əvəzləyir.
Əliyev hələ 3-4 tur öncə istefaya getməliydi. Məşqçilik dərəcəsini artırmaq üçün üzünə salıb qalır. Ondan yalnız nazirlikdə narazı deyilllər, eyni zamanda, komandanın özündəkilər boğaza yığılıb. "Rıba" düşərgəni karvansaraya döndərib. İstədlyi vaxt məşqə gəlir, istədiyi vaxt gəlmir. İşinə barmaqarası, səhlənkar yanaşır. İradları qulaqardına vurur.
Halbuki o, vəd etdiyi uğuru qazansaydı, yəni, çempionluq titulunu qazansaydı, MOİK-in büdcəsi yayda artacaq, MN Premyer Liqaya buraxılmaları üçün AFFA ilə danışıqlara gedəcəkdi. Yeni stadion tikintisi də gündəmdəydi. Hər şey daha yaxşı olacaqdı. Açığı, klubun maliyyə durumu indinin özündə də pis deyil, sabitdi.
Futbolçulara 350-500 manat aralığında maaş ödənilir. Baş məşqçinin əməkhaqqısı isə 800 menatdı. Üstəlik, 50-100 manat civarında mükafat. Olmayan yerdə min bərəkət! Hazırda MOİK-in formasını geyinən oyunçuların yarısı həqiqi hərbi xidmət keçənlərdi. Onların aqibəti necə olacaq? İstəyəni icarəyə verəcək, elçisi çıxmayanı müvafiq hərbi hissələr arasında bölüşdürəcəklər.
SPORTİNFO.AZ

