"Aprelin 9-nu gözləyirəm. Həmin gün komanda iki ayın maaşını bir yerdə almalıdı. Prezidentlə danışmışam, söz verib ki, mənim də əməkhaqqımı verəcək" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəmkir"in keçmiş baş məşqçisi Qəhrəman Əliyev deyib.
1 aydan artıqdı I Divizion klubundan ayrılan təcrübəli mütəxəssis hələ məvacib borcunun qaytaralıcağını gözləyir. 1,5 aylıq maaşı Elvin Səfərlidə qalıb. Əyalət təmsilçisi növbəti mövsüm Premyer Liqada mübarizə aparmağı planlaşdırsa və buna hər mənada gücünün çatdığını iddia etsə də, sabiq çalışdırıcısına çatası pulu vermir.
"Şəmkir"də 1500 manat əməkhaqqısı alan Əliyevə klubun prezidenti hər dəfə bir vəd verir. Qəhrəman bəyin bildirdiyinə görə, Səfərli ilə daim əlaqə saxlayır: "Gəlin, ayın 9-dək gözləyək. İnşallah, o gün Elvin müəllimlə görüşməliyik. Mən həmişə ona hörmətlə yanaşmışam və inanıram ki, münasibətlərimiz həmişə belə davam edəcək. Elvin müəllimlə hər həftə bir neçə dəfə əlaqə saxlayıram.
O da bilir ki, müəyyən problemlərim var, mənə təcili pul lazımdı. Əvvəlki vaxtım olsaydı, gözləyərdim, heç üstünü də vurmazdım. Vəziyyət elədi ki, gümanım ancaq alacağım maaşadı. Bakı kimi şəhərdə pulsuz-pənəsiz yaşamaq necə çətindi, deməyim artıqdı. 9-da da pulumu verməsə, nə edəcəm? İndi bunu fikirləşmək də istəmirəm".

