"Premyer Liqaya çıxmaq üçün hər şeyə hazırıq"

7 Fevral 09:20 I Divizion 2 218
"Premyer Liqaya çıxmaq üçün hər şeyə hazırıq"

Birinci Liqa təmsilçisi "İmişli” yüksək dəstəyə vəsiqə qazanmağı hədəfləyib.

Mövsümə başlayandan Premyer Liqaya iddialı olan İmişlinin eyniadlı təmsilçisi hazırda dördüncü pillədə qərarlaşıb.

Həmçinin klub infrastruktur baxımından da müəyyən addımlar atır.

Sportinfo.az xəbər verir ki, klubun icraçı-direktoru Aqşin Mürsəlov qaynarinfo-ya açıqlamasında qarşıdakı planlardan, yeniliklərdən danışıb, baş məşqçi Əsgər Abdullayevin işini və komandanın çıxışını dəyərləndirib:

"Birinci dövrə üçün çox gec yığılmışdıq. Çünki yerli futbolçu qıtlığı oldu. Bizdən əvvəl "Şamaxı”, "İrəvan” demək olar bütün potensiallı yerli futbolçuları cəlb etmişdi. Bu səbəbdən heyətdən tam razı qalmadıq. Son beş-altı nəfəri məcbur şəkildə komandaya cəlb etmişdik ki, heyətimizi düzəldək. Bu da oyunlarda öz nəticəsini göstərdi. Birinci dövrəni ilk iki pillədən birində tamamlamağı planlaşdırmışdıq. Əsgər müəllimə də tapşırığımız bu idi. Çox təəssüf ki, yersiz xallar itirdik və sıralamada geri düşdük. İkinci dövrəyə çox yaxşı başlamışıq, bir neçə transfer həyata keçirdik. Altı-yeddi nəfərin müqaviləsinə isə qarşılıqlı razılıq əsasında xitam verdik. Legionerlərdən Tisdeli intizam problemləri olduğu üçün göndərdik. Düşünürəm ki, komandanı iddialı formaya gətirib çıxarmışıq. Son səkkiz oyunda məğlub olmadıq. İndi hədəfimiz ancaq qələbə qazanmaqdır. İddiamız Premyer Liqada olmaq, İmişlini təmsil etməkdir. Futbol ənənəsi olan bölgəmizdir. Bəhlul Mustafazadə, Emin Mahmudov kimi futbolçularımız bizim zonadandır. Ənənəni köklü şəkildə davam etdirmək, uşaq futboluna diqqət ayırmaq istəyirik. Heyətimizdə üç yerli oyunçu oynayır. Əslində, çoxdur. Ötən il bizim heyətdə olan yerli futbolçuların əksəriyyəti İkinci Liqada "Kür-Araz”dadır. İmişlidə yerli futbolçu yetişdirmək potensialı olduğunu sponsorlarımıza göstərə bildik. Bilirsiniz, yerli futbolçu daha az xərclə komandanın saxlanılmasına dəstəkdir. Belədə qalan maliyyəni infrastrukura və ya digər problemlərimizi həll etməyə yönəltmək mümkündür. Əsgər müəllimlə də söhbət etmişik. İşindən narazılığımız yoxdur. Təcrübəli məşqçidir. Birinci Liqada çox uzun müddət işləməsə də, "Turan Tovuz” və "Araz-Naxçıvan”la çempion olub. Amma hazırkı mövqeyimizdən razı deyilik. Birinci yerə iddialıyıq. Olduğumuz mövqe isə Premyer Liqaya vəsiqə qazanmağa imkan vermir. İnşallah ikinci dövrədə fərqli "İmişli” göstərə biləcəyik”.

Mürsəlov "İmişli”nin Premyer Liqaya yüksəlmək şansını belə dəyərləndirdi:

"Premyer Liqaya çıxmaq şansımızı itirməmək üçün hər şeyə hazırıq. "Kəpəz”lə danışıqlaımız gedir, sağ olsunlar, bizə futbolçu verirlər. "Araz-Naxçıvan”la müzakirələrimiz davam edir, oynatmadıqları futbolçuları formalarını itirməmək üçün bizimlə bölüşürlər. Əsgər müəllim hansı futbolçunu istəyirsə, komandaya cəlb edirik. Elşən Abdullayev "Neftçi”də məhz onun rəhbərliyi altında oynayıb. Digər futbolçularla bağlı müzakirələrimiz gedir. Məşqçi amili vacibdir. Amma məşqçini məşqçi edən onun futbolçularıdır. Keyfiyyət, ustalıq yüksək olanda və məşqçinin tapşırıqlarını yerinə yetirəndə nəticə də qazanılır. Ruhid Usubov da komandamıza dəstəyini göstərir. Təcrübəsi az olsa da, iş potensialı yüksəkdir. İnanıram ki, uğurlu nəticə əldə edəcəklər”.

İcraçı-direktor heyətdə yenə dəyişikliklər ediləcəyini bildirdi:

"Çox dəyişikliklər olacaq. Düşünürəm ki, indiki futbolçular yeni gətirəcəklərimizdən peşəkarlıq baxımından geridə, ehtiyat oyunçular skamyasında qalacaqlar. Elşən illərin təcrübəsidir. Elnur Cəfərovu gətirmişik. Nodar Məmmədov var, komandaya braziliyalı vinger də cəlb etmişik. Daha güclü futbolçular gətirmişik ki, rəqabət böyük olsun. Hücum xəttimizin zəif olduğunu düşünürdük, buraya İbrahimi gətirdik. Xaqanini "Zirə”dən cəlb etmişik. Silvanın oyunundan çox razıyıq. Premyer Liqa komandalarında oynaya biləcək səviyyədədir. Morqanı "Kəpəz”dən icarəyə götürmüşük. Tam yüksək dəstə səviyyəsindədir. Yolları ayırdığımız Tisdel peşəkar şəkildə futbol oynamış və nəticə vermiş oyunçu idi. Onun xroniki zədəsi vardı. Tibbi müayinədən keçirə bilməmişdik. Həm də oyunlarda ərköyünlük edirdi. Oyun baxımından intizam problemləri vardı. "Şamaxı” ilə matçda heç nədən qırmızı vərəqə gördü. Amma bütün komanda onun oynamasını istəyirdi. Texniki cəhətdən güclüdür, ötürmələri yaxşıdır. Buna baxmayaraq, mən məşqçi olsam, onu oynatmazdım. Çünki işləmirdi, oturub ancaq ötürmə gözləyirdi. Ani məqamlarda özünü apara bilməməsi onunla sağollaşmağımıza səbəb oldu. Daha yaxşı legionerlər gətirməyi düşünürük”.

O, infrastrukturla bağlı məsələlərə də toxundu:

"MKT şirkəti ilə müqaviləmiz var. Ciddi xərclər qoyuruq. Baza sistemi, yataqxana, yeməkxana düzəltmişik ki, futbolçuların şəraitini təmin edək. Stadionun xərcləri isə daha böyükdür. Bilirsiniz ki, 2006-cı ildən bəri stadion təmir olunmayıb. "MKT-Araz”ın vaxtında hansı xərclər çəkilmişdisə, elə də qalmışdı. Sağ olsun rəhbərlik, demək olar, stadionda yenidənqurma işləri gördü. Meydançanın təmiri daha böyük xərclər - 200, 300 min manat tələb edir. Yeni qazon və ya süni meydançanın salınmasına yüksək məbləğdə pul lazımdır. Bunu da ya MKT təmir edib bizə verməlidir ki, onlara yüksək məbləğdə icarə haqqı ödəyək, ya da simvolik rəqəmlə, təmənnasız şəkildə stadionu bizə verməli, müəyyən xərclər qoymağımıza şərait yaradılmalıdır. Hazırda MKT ilə bu haqda müzakirələrimiz gedir. Peşəkar Futbol Liqasının minimum tələblərini yerinə yetirməyə çalışırıq. Paltardəyişmə, hakim otaqlarında təmir işləri görülür. Xərc çəkiriksə, bizə güzəşt olunmalıdır ki, 10-15 ilə pulumuzu çıxaraq. Yeniliklər gözlənilir. İlk oyunumuz "İrəvan”a qarşıdır, uşaqlarımız hər biri tarix yazmağa hazırdırlar. Lisenziya tələblərini yerinə yetirməyə çalışırıq. Əsas meydançanı süni ot örtüyü etmək planımız var. Amma bilirik ki, bu, qənaətbəxş deyil. Futbol təbii meydançada oynanılmalıdır. Süni meydança olsa, xərcimiz az çıxacaq, həmçinin uzun müddət istifadə edəcəyik. Lakin bu futbolçulara çox ziyandır. Meydançalar ucbatından xeyli futbolçumuz zədələndi. Meydançaların süni olması, futbolumuzu çox geri salır. Xüsusən də uşaqlara daha çox ziyandır. Çünki müəyyən yaşdan sonra süni meydançanın təsiri özünü büruzə verir. İnşallah Azərbaycanda bu problemlər kökündən həll olunar”.

Ötən gün "İmişli” forma satışı elan etdi. Maraqlıdır, klub bu satışdan nə qədər mənfəət gözləyir? Forma almağa maraq varmı?

"Uzun müddətdir ki, yaxın dost-tanışlar formaları əldə etmək istəyirdilər. Azarkeş formaları təqdim olunmuşdu, sağ olsun, media da dəstək verdi. Ancaq bu o qədər də effekt vermədi. Cəmi 40-50 forma satıldı. Camaat əsl oyun formasını istəyir. Biz də simvolik rəqəm olaraq 100 manat seçdik. Formaların maya dəyəri, üzərində nömrə və ad yazılma şərtləri ilə birlikdə səhv etmirəmsə 60 manatdır. Bu, sırf komandanı dəstəkləmək üçün atılmış addımdır”.

Klub rəsmisi azarkeş dəstəyinin qaneedici olmadığını və bunun səbəblərini də söylədi:

"Azarkeş potensialımız yüksəkdir. Amma çempionatın günorta saatlarında, iş günlərində keçirilməsi buna təsir edir. Çox çalışdıq ki, "Qəbələ” ilə kubok matçını İmişlidə keçirək. Meydança məsələsinə görə PFL buna icazə vermədi. Əsasnaməyə uyğun görmədilər. Kubokda nəticənin bizim üçün önəmi yox idi. Onsuz da növbəti mərhələdə daha çətin rəqib olur. Sadəcə, tamaşaçı cəlb etmək baxımından oyunun İmişlidə keçirilməsi vacib idi. Təəssüf ki, Premyer Liqa səviyyəli bir komandanı İmişliyə gətirmək alınmadı. Bu səviyyə üçün azarkeş dəstəyi mənə görə qaneedici deyil. Bunun da səbəbi oyun günləri ilə bağlıdır. Çox çalışdıq, amma Peşəkar Futbol Liqası öz əsaslarını ortaya qoyub oyunların şənbə və bazar günlərinə salınmasına icazə vermədi. Normal komanda ilə oyun olsa, rekord sayda tamaşaçı gələr. Heç olmasa işıq sistemini qaydaya salmaq istəyirik ki, oyunlar axşam saatlarında keçirilsin. Amma bu da çox xərc tələb edir. Ortada "Turan Tovuz” nümunəsi var. Oyunlar günorta keçiriləndə az adam gəlirdi. Amma axşam saatlarında 3-4 dəfə artıq tamaşaçı olur. Rayonlarda insanların əylənəcəyi, adrenalin alacağı başqa sahə yoxdur. Ona görə futbolu sevənlər də, sevməyənlər də vaxtlarını daha əyləncəli keçirmələri üçün stadiona gedir”.

Digər Xəbərlər
Xəbər Lenti